tahir66“Məni niyə belə tərsinə başa düşürlər? Birincisi, arxiv yanmayıb, bu, şəxsi arxivimdir. Mətbuatda baxıram, məni o qədər təhrif edirlər ki… Başa düşmürəm, bu, nədir? Niyə bəzi insanlar alçaqlıq edirlər, söyüş söyür, bəziləri şübhə yaradırlar…”

araz.az  Pravda.az-a istinadən bildirir ki, bunu  Milli Kulinariya Mərkəzinin sabiq baş direktoru Tahir Əmiraslanov deyib.

T.Əmiraslanov xatırladıb ki, Feysbuk səhifəsində bu barədə yazmazdan əvvəl bir neçə post paylaşıb: “Vacib yazılar hesab etdiyim qaydaları yerləşdirib, kitablarımın səhifələrini qeyd edirdim. Görürəm ki, vacib yazılarım, kitablarım oxunmur. 3-4 səhifəlik yazıları heç kim oxumadı, paylaşımı 5-10 nəfər bəyəndi, başqa heç nə… Nə oxuyan, nə rəy bildirən var. Hamı deyir ki, camaat kitab oxumur. Doğrudan da, belədir. Köhnə kitablarım var idi, lazım bilmədiklərimi yandırdım ki, qoy, başa düşsünlər, bu aksiya ona görədir ki, kitab oxunmursa, onu saxlamağa dəyərmi? Camaat, kitab oxuyun ki, kitablar qalsın. Oxunmayan kitablar yandırılmışdan da betərdir. Bir şey ki istifadə olunmur, deməli, lazımsızdır. İnsanların, xüsusən gənclərin diqqətini kitab oxumağa yönəltəmək üçün bunu etdim. Bir nəfər yazdı ki, kitabı bizə vermədiniz. Deyirəm, siz heç olmasa kitabımın bir hissəsini oxuyub, tənqid edəsiniz, şərh yazasınız, mən də bilərəm kitab oxunur. Kim oxusa, o kitabı hədiyyə edəcəyəm. Axı heç kim oxumur. Şərhlərin heç birinə baxmırlar, nələr yazırlar…”

O, işlərinin qaydasında olduğunu bildirib: “İstəyirəm, bilsinlər ki, mən çox yaxşıyam. Milli Kulinariya Assosiasiyasına rəhbərlik edirəm. Bu yaxınlarda layihə qazanmışıq. Layihənin üzərində iş gedir. Dünya İslam Kulinariya Təşkilatını formalaşdırıram. Aktiv həyat tərzi sürürəm, işləyirəm. Özümü yaxşı hiss edirəm. Bəziləri kitabları yandırmağımı dövlətə qarşı hərəkət kimi göstərirlər. Heç nə yox, “National Geographic”də Azərbaycan mətbəxini məhv edən, ermənilərin əlinə böyük sübutlar verən yazı dərc olunub. Yazıya rəsmi cavabı Tahir Əmiraslanov adından yazsam, bu o qədər yüksək olmayacaq. Əvvəllər Milli Kulinariya Mərkəzinə rəhbərlik edəndə yazırdım. Hazıram ki, yenə imzamı qoyum. Bu yazıya cavab verilməli idi. Heç kim cavab vermir. Diqqəti buna çəkdim. Ölkədə bəlkə də məndən çox dəyər verilən adam yoxdur. Ölkə Prezidenti “Əməkdar mədəniyyət xadimi” fəxri adı verib, “Şöhrət” ordeni verib. Qardaş, etdiklərimdən daha artıq dəyər verib Prezident. Bundan artıq mənə nə etməli idilər? Xalq məni öz sevgisi ilə dəyərləndirir, ya yox? Xalq bundan artıq mənə nə edə bilərdi? Belində daşıyacaq məni? Əksinə, mən xalqı, dövləti belimdə daşımalıyam. Bunu yozub deyirlər ki, guya xalqdan, dövlətdən küsmüşəm. Mənə Qarabağı qaytaran prezidentdən küsürəm? Adam axmaq olar… Mən axı bu yaşımda o qədər də axmaq deyiləm ki, hər şeyi hislərə qapılıb tökəm. İstəyirəm Kulinariya Muzeyi yaradılsın. Nazirlər Kabinetinin qərarında var. Azərbaycanda Milli Mətbəx Muzeyi yaradılmalıdır. 1991-ci ildən bu var. Kitab oxumadan milli dəyərləri saxlamaq, qorumaq olar? Gənclər mütaliə etməsələr, biz nə olacağıq? Prezident bildirdi ki, ermənilər mətbəximizi oğurlayırlar, öz adlarına çıxarırlar. Biz milli dəyərlərimizi qorumalıyıq. Bu, Prezidentin tapşırığıdır. Mən həmişə dövlətə, millətə qarşı əlimdən gələni, bacardığımı etmişəm. Prezidentdə qarşı hamımızın sevgisi var. Xüsusən Qarabağ alınandan sonra prezidentdən, dövlətdən incimək olmaz. İndi əllərində bayraq ediblər. Bu, vəzifədir, 31 il işlədim (Milli Kulinariya Mərkəzinin baş direktoru vəzifəsini nəzərdə tutur-red), yaratdım, vəzifədən çıxartdılarsa, dövlətin öz işidir. Prezident özü deyib ki, nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Çıxarıblar, yaxşı ediblər. Bundan şou düzəltmək nəyə lazım idi? İctimai adamam deyə vəzifədən getməyimə həssaslıqla yanaşırlar, paylaşdığım hər postda bunu axtarırlar. Niyə? Mən də sizin kimi adi adamam… Dəli deyiləm vəzifədən getdiyimə görə kitabları yandıram”.

T.Əmiraslanov deyib ki, kitablarına küllü miqdarda vəsait xərcləyib: “Gecə vaxtı vaqon boşaldılıb, kitabı saxlatdırıb, səhəri gedib almışam. Şəxsi pulumla… O materiallar mənim şəxsi materiallarımdır. Onu dağıdası deyiləm. Onlar bu millətə, xalqa qalacaq. Nəvələrimə də demişəm. Hansı mənim yolumu tutsa, bu kitablar ona qalacaq. Dəli deyiləm ki, o boyda mirası yandıram. Onlara bir ətək pul verilib. Başa düşmürəm, bunlar məni dəli hesab edirlər? Belə şey olar? Axı məni tanıyırsınız. Nə vaxt kiminsə toyuğuna daş atmışam? Çox əsəbləşdim. Üç gündür, “Söz mətbəxi” kitabından hissələr qoyuram. Çünki bəzi dilçi dostlar mənə sataşdılar ki, Tahir Leninqradda (indiki Sankt-Peterburq) oxuduğu üçün Azərbaycan dilini dərindən bilmir, yaza bilməz. Mən də 3-4 səhifəlik bir şey yazdım ki, görsünlər. İndi kim bunu rus, ingilis dilinə tərcümə etsə, ona mükafat verəcəyəm. Heç deyin bir adam onu oxudu? Ondan qabaq da “Ana dilimiz yanar işıq” yazısını qoydum. Bəs bunu oxuyan var? Bütün bunlar məni incidir. Əgər bu qədər kitablar oxunmursa… Nə qədər Qarabağda kitabxanalar yaradılır, ora da kitab göndərmişəm. Hələ peşə məktəblərinə, AMEA-ya sahəmizə aid olan kitablar göndərmişik. Lazımlı, işə yarayacaq kitabları niyə yandırım? Bəziləri məni dövləti, Vətəni sevməməkdə günahlandırırlar. Hətta axmağın biri psixi vəziyyətimin yoxlanılmasını istəyir. Psixi problem olan adam qrant uda bilər? İndi “Qarabağ mətbəxinin inciləri” kitabını hazırlayırıq. Prezident “Şuşa İli” elan edib. Mən də öz bir damcı zəhmətimi verməyə çalışıram. Elmi tədqiqatlar üçün kitab daha əsasdır. Kitab mədəniyyətimizi saxlamalıyıq. İnternetdə yerləşdirilən kitabların hamısı tam dəqiq informasiya deyil. Onu dəyişib təhrif edə bilirlər. Ermənilər sabah qədim bir adla hansısa kitabın elektron variantını yerləşdirəcəklər. Heç o kitab realda yoxdur. Axı bizdə XII əsrdə Şah İsmayıl Xətainin aşbazının kitabı olub, XV əsrdə Mahmud Şirvaninin “Kulinar və həkim” kitabı olub. Bu kitablar əlimizdədir.  Kimsə internetə təhrif edərək qoyub keçid də verə bilər. Bu, düzgün deyil. Kitabları qorumalı, güclü istifadə etməliyik. Yazırıq ki, “Köçəri” rəqsi bizimdir. UNESCO-da isə götürüb bunu ermənilərin adına yazıblar. Bizimkilər buna cavab verməlidirlər. Axı bu rəqsin tarixi haqqında kitablarımızda var. Ola bilər ki, simamı həmişə yalnız kulinariya sahəsinə görə tanıyıblar. Axı mən də insanam, istəyirəm nəvələrim, övladlarım, gənclərimiz, hamısı kitab oxusunlar. Düşünürəm, bu aksiya heç olmasa 5-10 gəncimizi oyatdı…”

araz.az xəbər portalı..

araz.az xəbər portalı.