Sumqayıt Dövlət Universitetində problemlər azalmaq əvəzinə çoxalır
Rektor Elxan Hüseynov və komandası təhsil ocağını məhvə sürükləyir. Sumqayıt Dövlət Universiteti (SDU) keçmiş rektor Nadir Qəhrəmanovun vaxtında özünün durğunluq dövrünü yaşayırdı.
Belə ki, həmin vaxt bu təhsil ocağında problemlər bir-birini əvəz edirdi və tələbələrin tədris prosesinə marağı olduqca aşağı idi. Belə bir vaxtda ölkə başçısının müvafiq sərəncamı ilə SDU-nun rektoru dəyişdi. 2014-cü ilin mart ayında Elxan Hüseynov Sumqayıt Dövlət Universitetinə rektor təyin edildi. Məlumat üçün bildirək ki, Elxan Hüseynovun 2002-ci ilədək olan elmi fəaliyyəti onun ali təhsil aldığı Bakı Dövlət Universiteti ilə sıx bağlıdır. O 1985-ci ildə BDU-da (o zamankı Azərbaycan Dövlət Universiteti-red) namizədlik dissertasiyasını müdafiə etmiş, 1994-cü ildə isə dosent elmi adı almışdır. 1991-1995-ci illərdə Bakı Dövlət Universitetinin fəlsəfə kafedrasının dosenti, 1995-ci ildən BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, 1999-2002-ci illərdə isə birinci prorektor – tədris işləri üzrə prorektor vəzifələrində çalışmışdır. Apardığımız araşdırmalar nəticəsində öyrəndik ki, Elxan Hüseynovun rektor vəzifəsinə təyin edilməsindən sonra universitetdə problemlər, təhsilin keyfiyyətindən narazılıq halları azalmaq əvəzinə, daha da artıb. Etibarlı mənbələrin bildirdiyinə görə, 70 yaşlı Elxan Hüseynov keçmiş rektor Nadir Qəhrəmanovun dövründən qalan problemləri həll etməyə cəhd belə göstərmir: «Sumqayıt Dövlət Universiteti yenə də köhnə problemlərin girdabında çabalayır. Universitetdə təhsilin, təlim-tərbiyənin səviyyəsi çox aşağıdır. Demək olar ki, hər gün tələbələr arasında dava düşür. Bundan başqa, tələbələr imtahanları «köhnə qayda»ilə verir. Kim imtahandan uğurla keçmək istəyirsə, dekanların vasitəsilə rektoru «görməlidir». Əks təqdirdə, imtahandan keçə bilməz. Elxan müəllim rektor təyin olunandan sonra burda öz komandasını formalaşdırmağa başladı və buna nail oldu. Rektor öz adamlarını ətrafına ona görə yığdı ki, bəzi işləri asanlıqla həyata keçirə bilsin.
Sumqayıt Dövlət Universitetində yay yığımı artıq start götürüb
SDU-da yay sessiyasının semestr imtahanları başlayıb. Tələbələr imtahanlardan, “zaçot”lardan və diplom işindən danışmaq belə istəmir, “yaramıza toxunmayın!” deyirlər. Hazırda rüşvətin daha çox olduğu ünvanlardan biri olan Sumqayıt Dövlət Univerisitetinin adı mediada da tez-tez hallanır. Məsələn, Sumqayıt Dövlət Universitetində rüşvət yoxdur deyilsə də, bir kəsrin qiyməti 1000 manatdır. Onu da elə edirlər ki, guya ki, bu rüşvət deyil. Tələbələrin dediyinə görə onları imtahandan kəsirlər, sonra da deyirlər ki, get mühasibata 280 manat ödə. Ödəyirsən, amma nə fayda yenə kəsilirsən. Nə isə 3 dəfə ödədikdən sonra nəhayət imtahandan avtomatik keçirsən.
Adı çəkilən universitetdə rüşvət məsələsi uzun illərdir ki, gündəmin əsas məsələlərindən biri olub. Dəfələrlə Təhsil Nazirliyinin müvafiq əmrlərinə baxmayaraq bu kimi halların baş verməsi barədə məlumatlar yayılmaqda davam edib. Son illər bu kimi neqativ halların qarşısının alınması istiqamətində müəyyən işlər görülür və bu proses davam edir. Ölkə başçısının sərəncamı ilə təsdiq olunmuş “İctimai iştirakçılıq haqqında” qanuna müvafiq olaraq imtahanlarda şəffaflığı və obyektivliyi təmin etmək məqsədi ilə tanınmış təhsil mütəxəssisləri, QHT nümayəndələri, jurnalistlər və valideynlərin müəyyən qrupları imtahanları izləmək imkanı da əldə ediblər. Bundan əlavə, Sumqayıt Dövlət Universitetinin adı tez-tez rüşvətdə hallanır. Semestrin sonu yaxınlaşdıqca bu ali məktəbdə həyəcanlar da artır. Çünki tələbələr semestri minimum xərclə, müəllimlər isə maksimum gəlirlə başa vurmaq istəyirlər.
Azərbaycan 2005-ci ilin may ayının 19-dan bolonya prosesinə qoşulsa da, bu təhsil ocağı həmin prinsiplərə əməl etmir. Sisteminin tələblərinə görə semestr ərzində toplanılan ballar imtahanda yekun nəticəyə birbaşa təsir edir. Dərsə davamiyyət də daxil olmaqla bütün göstəricilər balla hesablanır və imtahanın sonunda yekun nəticəyə əlavə olunur. Tələbələr isə deyir ki, semesterdə keçilən bütün fənlərdən imtahan verilməsi mütləqdir. Zaçotlar isə artıq ləğv olunub. Bundan başqa seminarlarda iştirak edən tələbələrə də əlavə bal hesablanır. Semestr imtahanı öncəsi tələbənin ən azı 50 balının olması zəruridir. Tələbələr bildirir ki, müəllimlər imtahan öncəsi onlardan həmin 50 balın yazılması üçün rüşvət tələb edirlər. Azərbaycanda tələbələrin 70 faizi ödənişli təhsil alır. Bunun bir hissəsi də özəl ali məktəblərə şamil olunur. Bununla belə özəl ali təhsil müəssisələrindən fərqli olaraq SDU-da qiymətlər müəyyən qədər fərqlidir. Hər il isə imtahan ərəfəsində rüşvət faktı daha çox Sumqayıt Dövlət Univerisitetində qeydə alınır. Əyani və qiyabi olmaqla ildə iki semestr keçirilir. Tələbələrdən isə məcburi olaraq hər semestrdə qiyməti 300 manat rüşvət olaraq pul tələb edilir.
GundemXeber.Az
araz.az xəbər portalı.