26462_12-md-sd.jpg

Mingəçevirin adı çəkiləndə yaddaşlara ilk gələn şəhəri iki yerə bölən Kür çayı və Kür çayı üzərində inşa edilmiş nəhəng su anbarıdır. Oxucu təbii olaraq sual verə bilər ki, belə zəngin su hövzəsində yerləşən bir şəhərin su təchizatı ilə bağlı nə problemi ola bilər?

Apardığımız tədqiqatın nəticələri göstərir ki, su mənbəyinə yaxınlıq heç də həmişə su sarıdan problemsizlik kimi başa düşülməməlidir. Mingəçevir sakinlərinin istifadə etdikləri suyun keyfiyyəti, şəhərin içməli və texniki su infrastrukturunun mövcud vəziyyəti, içməli su götürülən mənbələrə qulluğun səviyyəsi və suyun qiyməti əhalinin ehtiyaclarına tam cavab vermir. Sözügedən sahələrə məsul qurumların fəaliyyətində şəffaflığın və hesabatlılığın təmin edilməməsi, xidmət səviyyəsinin aşağı olması və qanunvericilikdəki boşluqlar bu problemlərin həllini çətinləşdirir.
Yüz mindən çox sakinin yaşadığı Mingəçevir həm də müvəqqəti məskunlar və məcburi köçkünlərin məskunlaşdığı əsas yaşayış məntəqələrimizdən biridir. 2016-cı ilə dair rəsmi məlumata əsasən Mingəçevirdə bu kateqoriyaya daxil olan 20500 insan yaşayır.

Mingəçevirin su təchizatı

Mingəçevir şəhərinin su təchizatının 1978-ci il Baş Planında fəaliyyətdə olan su qəbuledici və su təmizləyici qurğular hesabına həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hal-hazırda Mingəçevir şəhərinin su təchizatı 3 mənbədən təmin olunur: Mingəçevir su anbarı, Kür çayı və Yuxarı Qarabağ kanalı. Mingəçevir şəhərinin su təchizatı şəbəkəsi və su təchizatının təmizləmə qurğuları uzunmüddətli istismar səbəbindən müasir tələblərə uyğun gəlmir. İstismara yararsız olmaları səbəbindən onların işi 1985-ci ildən dayandırılmışdır.
Su təchizatı şəbəkələri və avadanlıqları fiziki və mənəvi aşınmış və istismara yararsız hala düşmüşdür. Şəbəkə orta hesabla 80% aşınmışdır. Azərbaycan Respublikası Regionlarının 2014-2018-cü İllərdə Sosial-İqtisadi İnkişafı Dövlər Proqramına əsasən şəhərin su təchizatı şəbəkəsi və qurğularının yenidənqurması üzrə işlərin görülməsinə başlanmışdır.

Mövcud vəziyyət

Mingəçevir şəhərində su təchizatı sisteminin çoxdan qurulmasına və bəzi qurğularının istismar müddətinin başa çatmasına baxmayaraq öz üstünlükləri və özünəməxsusluğu var. İçməli suyun ən böyük hissəsi Mingəçevir su anbarından daxil olur. Bu su 80-90 metr dərinlikdən götürülür. Böyük dərinlikdən götürülən suda təzyiq çox olduğundan mikrob göstəricisi norma daxilində olur (ölçü vahidləri koli indeks, koli-titr). Belə dərinlikdən su götürmək hazırda da çox çətin texnoloji prosesdir. Götürülən su şəhərə verilməzdən əvvəl Şəhər Sukanal idarəsində 4 mərhələdə təmizləmədən keçməlidir. İlk öncə qarışıqlardan təmizlənməli, duruldulmalı, qum süzgəclərindən keçirilməli, xlorlanmalı, daha sonra bakterisid lampalarla şüalanmadan keçməlidir. Ancaq bundan sonra su içməyə yararlı hesab edilir.
İçməli su baxımından vəziyyət heç də Mingəçevirin hər yerində eyni deyildir. Mingəçevirin Kürün sol sahilində yerləşən və “şəhər”adlanan hissəsi ilə müqayisədə sağ sahilini əhatə edən Az.DRES qəsəbəsi, Mingəçevir kəndi və Bağlar hissəsinin sakinləri həm su təchizatı baxımından korluq çəkir, həm də istehlak edilən suyun keyfiyyəti arzu olunan səviyyədə deyil. Hər iki qəsəbə sakinlərinin içməli su ehtiyacları Yuxarı Qarabağ kanalı vasitəsilə qarşılanır. Əvvəllər kanaldan su götürülən yer xüsusi mühafizə olunan ərazidə yerləşir və su iki mərhələli təmizlənmə prosesindən keçirilməklə əhaliyə verilirdi. Sonralar bu obyektlər hansısa səbəbdən ləğv olundu və Az.DRES qəsəbəsinə yaxın olmaqla Yuxarı Qarabağ kanalının İstilik Elektrik Stansiyasının yanına gətirildi. Həmin yer mühafizə olunmur (su mənbələrinin qorunması əsas və vacib şərtdir), mal-qaranın, yayda çimərliyə gəlib çimənlərin sərbəst daxil ola bildiyi bir məkandır. Belə bir vəziyyətdə içməli su təchizatında sanitar-gigiyenik tələblərin və digər keyfiyyət standartlarının pozulması qaçılmazdır.
Yuxarı Qarabağ kanalından götürülən suyun keyfiyyətinə gəldikdə isə, qeyd edilməlidir ki, o heç bir normalara uyğun gəlmir. Az.DRES yaşayış massivinə verilən su təmizləmədən keçmir. Su götürülən mənbədə ancaq xlorlanma aparılır. İlkin təmizləmə aparılmadığından bəzən evdəki su kranlarından lilli su və balıqqulağı da gəlir (xüsusən də küləkli günlərdə). Boruların köhnə olması, çoxdan təmizlənməməsi də keyfiyyətə öz mənfi təsirini göstərir. Problemin digər tərəfi ondan ibarətdir ki, artıq 30 ildən çoxdur qəsəbəyə su təchizatını təmin edən borular dəyişdirilmir. Borularda qəzalar baş verəndə təmirçilər ancaq dəlikləri yamamaq və ya çüy vurmaqla məşğul olurlar. Az.DRES massivində ətrafı ilə birlikdə 15 minə qədər əhali yaşadığını nəzərə alsaq, məsələnin ciddiyətini təsəvvür etmək olar.

Suyun keyfiyyəti

Tədqiqat zamanı şəhərə verilən suyun keyfiyyətini yoxlamaq üçün müxtəlif ərazilərdən götürülmüş su nümunələrinin analizi aparılmışdır. Su nümunələrinin analizi göstərdi ki, şəhərin müxtəlif yerlərindən götürülmüş su nümunələri bir-birindən çox da fərqlənmir. Nəzərə alsaq ki, Az.DRES qəsəbəsinə verilən su Yuxarı Qarabağ kanalından götürülərək təmizlənmədən (ancaq zəif xlorlanma aparılır) verilir və şəhərə verilən su isə əlavə 3 mərhələdə təmizlənmədən keçir (qum filtrləri, çökdürücülər, bakterisid lampalar, xlorlanma). Əgər suyun keyfiyyətində fərq yoxdursa elə qənaətə gəlmək olar ki, ya şəhərin təmizləyici qurğuları işləmir, ya da kifayət qədər effektiv işləmir. Şəhər icra hakimiyyətindən verilən məlumatda bildirilir ki, şəhərin əsas təmizləmə qurğuları təmirə çıxarılıbdır.
Şəhərin su təchizatını su götürülən mənbələrə görə iki yerə bölsək demək olar ki, Sağ sahil və Az.DRES qəsəbələrinin içməli su baxımından vəziyyətləri ürəkaçan deyil. Hər iki qəsəbənin suyu Yuxarı Qarabağ kanalından götürüldüyündən təmizlənmə tam getmir. Açıq sahədən götürülən, sanitariya qaydalarına uyğun gəlməyən su hava küləkli olanda xüsusilə bulanıq gəlir. Bu baxımdan şəhərin digər əraziləri üstün vəziyyətdədirlər. Çünki su Mingəçevir su anbarının dərin qatlarından götürülür. Bu da suyun keyfiyyətinə müsbət mənada təsir edir.

Texniki su xətti və suvarma

Mingəçevir şəhərində həmişə iki su xətti olub. Onlardan biri texniki su xətti, digəri isə içməli su xəttidir. Texniki su xətti şəhərin kənarı – Boz dağın ətəyi ilə çəkilərək həm istehsal müəssisələrinə, həm də bağ massivlərinə suvarma üçün nəzərdə tutulmuşdu. Son zamanlar “Azərsu” ASC texniki su xəttini ləğv edib, bütün sular içməli su adı ilə əhaliyə satır. İçməli suyun qiyməti texniki sudan 4-5 dəfə bahadır. Elə təəssürat yaranır ki, ağaclar da insanlar kimi, təmizlənmiş və dezinfeksiya olunmuş su içməlidirlər. Bu səbəbdən şəhərdə suvarma üçün istifadə edilən su kəskin azalıb. Rəsmi statistik məlumatlardan da bunu görmək mümkündür. Belə ki, 2005-ci ildə suvarmaya 5,9 milyon kub metr su istifadə olunduğu halda 2014-2016-cı illərdə bu rəqəm 0.12 milyon kub metrə qədər azalıb (təxminən 50 dəfə!). Ölkənin ən yaşıl şəhərlərindən biri hesab olunan Mingəçevirin üzləşdiyi bu təhlükə düzgün qiymətləndirilməli və adekvat tədbirlər görülməlidir. Mingəçevirin yaşıllıqları bu temp davam edərsə məhvə məhkumdur.
Texniki suyun kəsilməsi nəticəsində yaşıllıqlara yaranmış təhlükəni şəhərin icra və bələdiyyə strukturları da təsdiqləyir. Şəhər icra hakimiyyəti tərəfindən “Azərsu” ASC-yə dəfələrlə edilmiş müraciətlərə baxmayaraq məsələ öz həllini tapmayıb. İcra hakimiyyətindən verilmiş məlumatda qeyd edilir ki, şəhər rəhbərliyi təhlükənin böyüklüyünü nəzərə alıb çıxış yolunu şəhərə öz gəlirləri hesabına yeni texniki su xətti çəkməkdə görür.

Həyata keçirilən tədbirlər, nəticə və tövsiyələr

Mingəçevirin su təchizatını hissələrə bölüb təhlil etdikdə məlum olur ki, su təchizatında ən ciddi çətinliklərlə Az.DRES və Sağ sahil qəsəbələrinin sakinləri üzləşirlər. Hazırda Az.DRES qəsəbəsində əhaliyə verilən su qorunmayan ərazidən götürülür, üstəlik suyu nəql edən borular öz istismar müddətini başa vurub. Su durulaşdırıcı sistemlər olmadığından və su Yuxarı Qarabağ kanalının 2-3 metr dərinliyindən keçdiyindən lil su borularının çox hissəsini tutub. Odur ki, küləkli havalarda həm götürüldüyü yerə görə, həm də nəql olunduğu boruların vəziyyətinə görə içməli su bulanıq və lilli olur. Şəhərin su təchizatının yenilənmə prosesində Az.DRES qəsəbəsi bu yaxınlara qədər sanki yaddan çıxmışdı. Halbuki qəsəbənin vəziyyətinə görə su sisteminin yenilənməsi birinci növbədə buradan başlanmalı idi. Bu tədqiqatın nəticələri açıqlandığı dövrdə Az.DRES qəsəbəsinin su probleminin aradan qaldırılması istiqamətində önəmli addım atılmışdır.
Belə ki, Prezident İlham Əliyevin Mingəçevir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında 29 avqust, 2017-ci il tarixli Sərəncamı əsasında hazırda Az.DRES qəsəbəsinə yeni içməli su xətti çəkilir və qəsəbədə yerləşən hər bir binanın su xətləri yenilənir. İşlərin sürəti bu templə davam edərsə yaxın vaxtlarda qəsəbəni içməli su ilə təchiz edən yeni kəmər istifadəyə verilə bilər.
Su nümunələrinin analizi göstərdi ki, şəhərin müxtəlif yerlərindən götürülmüş su nümunələri bir- birindən çox da fərqlənmir. Nəzərə alsaq ki, Az.DRES qəsəbəsinin təchiz edildiyi su texniki sudur, bu şəhərin su təmizləyici qurğularının keyfiyyəti haqqında ciddi narahatlıq üçün əsas verir. Bu problemin həlli istiqamətində də əsas addımlardan biri atılıb – su təmizləmə qurğuları tikilib. Lakin bu qurğuların necə işləyəcəyi və suyun təmizliyinin hansı səviyyədə olacağı barəsində fikir yürütmək üçün hələ tezdir. Bununla belə qeyd etmək lazımdır ki, şəhərin Bioloji Təmizləmə qurğusu əsaslı təmir olunmalı və istismarı qaydalara uyğun, effektli aparılmalıdır. Bu qurğu hazırkı dövrdə ən müasir qurğulardandır, bahalı qurğudur. Ona görə də bu qurğunun yenidən alınmasındansa yeniləşdirməsi daha məqsədə uyğun olar.
Suyun keyfiyyəti barəsində danışarkən ən əhəmiyyətli məqam gözdən qaçırılmamalıdır: Azərbaycanda suyun keyfiyyətini tənzimləyən qanun hələ də qəbul olunmayıb və bu sahədə sovet dövründən qalan DÜST 2874-82 standartına istinad edilir. Bu standart köhnəlib, dövlət səviyyəsində analiz metodları yenidən işlənib-hazırlanmalı, yeni standart qəbul olunmalıdır. İstehlakçılarla təchizatçı Azərsu ASC arasında münasibətlərin daha səmərəli təşkili, tərəflərin məsuliyyətinin daha dəqiq müəyyən edilməsi üçün “Su təchizatı və tullantı suları haqqında” qanuna yenidən baxılmalıdır.
Tədqiqatın nəticələri göstərir ki, sakinlərin böyük hissəsi şəhərin Sukanal idarəsinin fəaliyyətini qənaətbəxş hesab etmir. Bu əsasən suyun verilməsi və verilən suyun keyfiyyəti ilə bağlıdır. Bununla belə, idarənin operativ personalının işi, ustalığı müsbət qiymətləndirilir (xüsusilə, qəzaları vaxtında aradan qaldırdıqlarına görə).
Şəhərə verilən texniki suyun kəsilməsi ekoloji balansa və iqtisadi fəaliyyətə ciddi təhlükə yaradıb. Mingəçevirin yaşıllıq əraziləri su çatışmazlığı ucbatından ciddi böhranla üz-üzədir. Boz dağın ətəyində salınan və şəhəri meyvə, tərəvəz və kənd təssərüfatı məhsulları ilə təchiz edən fərdi bağçılıq təsərrüfatları sıradan çıxa bilər. 1 kubu 0.45 manat olan su ilə yetişdirilən məhsullar baha olduğu üçün alıcılar ucuz alternativlərə üstünlük verirlər. Şəhər icra hakimiyyətinin texniki su infrastrukturunu yenidən qurmaq planı problemin həlli istiqamətində müsbət addım olardı, lakin ən optimal həll yolu əvvəllər çəkilmiş, indinin özündə də mövcud olan texniki su xəttində suyun verilməsinin bərpa edilməsidir. Bu mənada Az.DRES qəsəbəsinə yeni içməli su kəməri çəkildikdən sonra qəsəbəni hazırda su ilə təmin edən xətt texniki su xətti kimi işlədilə bilər. Digər təklif ondan ibarətdir ki, iri respublika əhəmiyyətli şəhərlərdə, o cümlədən Mingəçevirdə yaşıllıqların suvarılması məsələsi, onun su təchizatı xüsusi dövlət planına salınsın və idarəetməsi də yerli qurumlara, məsələn bələdiyyələrə tapşırılsın.
Ən əsası isə şəhərin su təchizatının yaxşılaşdırılmasını nəzərdə tutan tədbirlərin, bu məqsədlə xərclənən vəsaitlərin vaxtlı-vaxtında ictimaiyyətə açıqlanması, qərarların verilməsi prosesində vətəndaş iştirakçılığının genişləndirilməsinin təmin edilməsidir.
Məqalə Avropa İttifaqının maliyyə yardımı ilə BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Həssas əhali qruplarının sosial-iqtisadi hüquqlarının təmin edilməsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində yazılmışdır.

araz.az xəbər portalı.