1527762325_kvirikasvili.jpg

Gürcüstan Rusiya ilə separatçı rejimlərin ərazisindən keçən ticarət dəhlizlərinin açılması müzakirəsini aktivləşdirib. Tərəflər hətta bununla bağlı Praqada müzakirələr aparıblar.
Görüşün nəticələri haqqında ictimaiyyətə dolğun məlumat ötürülmədi. Əvəzində isə bundan az sonra Rusiyanın müttəfiqi Suriya Gürcüstanın separatçı bölgələrinin “müstəqilliyini” tanıdı. Ən maraqlı məqam isə bu hadisələr fonunda Ermənistan Baş naziri Nikol Paşinyanın Gürcüstana geniş bir nümayəndə heyəti ilə səfəridir.

Bəzi iddialara görə, bu prosesin məntiqi sonluğunun Moskva-Suxumi-Tiflis-İrəvan dəmiryolunun istifadəyə verilməsi ilə nəticələnəcək. Bu isə Rusiya üçün Ermənistana gedən quru yolunun tam bərpa olunması, eləcə də Ermənistanın blokadadan çıxması deməkdir. Lakin ən önəmli məqam Gürcüstan hökumətinin atdığı addımla öz ərazisində yaranan separatçı rejimlərin müstəqilliyini de-fakto tanımağa cəhd etməsidir. Bu isə hər bir halda Gürcüstanın, eləcə də Azərbaycanın maraqlarına zərbə kimi anlaşıla bilər.
Bu məsələlərlə bağlı gürcü ekspert Gela Vasadzenin Axar.az-a müsahibəsini təqdim edirik:
– Gürcüstanla Rusiya arasında ticarət dəhlizlərinin açılmasıyla bağlı danışıqlar aparılır. Bu fonda Ermənistan Baş naziri Nikol Paşinyan Tiflisə səfər etdi. Tiflis dəhlizlərin açılmasıyla bağlı Paşinyanla da danışıqlar aparır?
– Gürcüstan Xarici İşlər naziri Mixail Canalidze bəyan edib ki, indiyə qədər heç vaxt Ermənistan tərəfi ilə ticarət dəhlizi məsələsi müzakirə edilməyib. Ən azından rəsmi yöndə bu məsələnin müzakirəsi aparılmayıb. Tiflisdə Ermənistan Baş naziri Nikol Paşinyanın da keçirəcəyi görüşlərdə bu məsələ çətin ki, müzakirə edilsin. Rusiya ilə danışıqların aktivləşdirilməsinə gəlincə isə bu, daha çox, Moskvanın İsveçrə şirkəti ilə sərhəd-keçid məntəqələrinə nəzarətlə bağlı imzaladığı müqaviləyə görədir. Yeri gəlmişkən, Rusiya Xarici İşlər nazirinin müavininin katibi Qriqori Karasinlə Gürcüstan Baş nazirinin Rusiya üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze arasında olan görüş heç bir nəticə əldə edilmədən başa çatdı.
– Buna görə Rusiyanın müttəfiqi separat bölgələrin müstəqilliyini tanıdı?
– Suriya tərəfindən qondarma Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması məsələsi çox ciddi problemdir. Bu, Rusiya-Gürcüstan münasibətlərinə böyük zərbədir.
– Bakı və Tiflis strateji tərəfdaşdır. Dəhlizlərin açılması məsələsi bu tərəfdaşlığı zədələyə bilərmi?
– Rusiya ilə olan son danışıqların Tiflis-Bakı münasibətlərinə təsiri mümkün deyil. Hər iki ölkə aralarındakı münasibətin strateji baxımdan həyati əhəmiyyət daşıdığını anlayır. Heç bir müzakirə və ya görüşlər bu münasibətləri parçalaya bilməz. Ona görə də Azərbaycan da, Gürcüstan da hər bir ölkənin ayrı-ayrılıqda Rusiya ilə münasibətlərinə anlayışla yanaşırlar. Bu da başadüşüləndir. Biz strateji tərəfdaşıq, amma bununla belə, regionda danışıqlar aparmağa məcbur olduğumuz başqa oyunçuların da olduğunu bilirik.
– Bəs Gürcüstan hökumətinə həssas dönəmdə belə aktivlik niyə lazımdır?
– Əgər Rusiya ilə Gürcüstan arasında ticarət dəhlizləri açılsa, Gürcü Arzusu Partiyasının reytinqi kəskin şəkildə aşağı düşəcək. Ona görə ki, Gürcüstan cəmiyyətində dəhlizlərin açılmamasıyla bağlı konsensus mövcuddur. Əgər Gürcüstan hökuməti belə qərar qəbul etsə, cəmiyyəti buna razı salmağa məcbur olacaq. İstənilən halda bu, hazırki hakim partiyanın nüfuzuna böyük zərbə olacaq. Yenə də deyirəm, bu dəhlizin açılışı çətin ki mümkün olsun!

araz.az xəbər portalı.