Bakı şəhər sakinləri Məmmədov Xəqani Məmməd oğlu və Fərzəliyev Vahid Qüdrət oğlu Ədliyyə naziri Fikrət Məmmədova və Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayevə ünvanladıqları növbəti məktubun bir nüsxəsini də “AzPolitika.info” saytına göndəriblər. Şikayətçilər Bakı şəhər Xətai İcra Şöbələrinin vəzifəli şəxslərinin fəaliyyətsizliyindən şikayətlənirlər.
Məktubda deyilir:
“Hörmətli nazir və Baş idarə rəisi!
Bir daha nəzərinizə çatdırırıq ki, biz, 2013-cü ilin əvvəllərində fərdi yaşayış evinin tikintisi üçün tamamilə qanuni əsaslarla – notarial alqı-satqı əsasında və Daşınmaz Əmlakın Dövlət Reyestrindən “Çıxarış”la Bakı Şəhəri, Suraxanı rayonu Zığ qəsəbəsinin cənub-qərb hissəsində torpaq sahəsi alarkən polis generalı Həsən Şirinovun bacısı oğlu Cəfərov Ələmşah Məhəmmədəli oğlu tərəfindən aldadılmışıq və nəticədə, külli miqdarda ziyana düşmüşük. Belə ki, biz torpağı aldıqdan az sonra məlum oldu ki, ərazinin başqa sahibi var və Ə.Cəfərov saxta ilkin sənədlərlə və müəyyən dövlət orqanlarının – Torpaq Komitəsi, məhkəmələr və digərlərinin yardımı ilə həmin ərazini özünün, dayısı Aslan Şirinovun (Həsən Şirinovun qardaşı-red.) və başqa yaxınlarının adına sənədləşdirərək ələ keçirməyə nail olub və daha sonra bizə satıb. Bundan sonra illərlə davam edən məhkəmə mübahisələri başladı və nəticədə bizə verilmiş mülkiyyət sənədləri ləğv olundu və Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 15 mart 2016-cı il tarixli qətnaməsi ilə pullarımızın bizə qaytarılması barədə qərar verildi. Lakin bu qərar 2 ildən artıqdır ki, tam icra olunmur. Belə ki, Xətai Rayon İcra Şöbəsi, onun bu işi icraatına götürmüş əməkdaşı Şakir Bahadırov müxtəlif bəhanələrlə məhkəmə qətnaməsinin icra olunması, bizə dəyən ziyanın cavabdeh (Cəlilov Ruslan İzahat oğlu) tərəfindən tam ödənilməsi istiqamətində heç bir təsirli tədbir görmür.
Nəzərinizə çatdırırıq ki, bu ilin yanvar ayında Sizə ilk müraciətimizdən sonra Xətai İcra Şöbəsi təsirli addımlar atmağa başladı və bizə dəyən ziyanın böyük bir hissəsi ödənildi.Bundan sonra cavabdeh Cəlilov Ruslan İzahat oğlu 5251 manatın 2 ay müddətində ödəniləcəyinə dair yazılı öhdəlik götürdü. Bu 2 ay aprelin 20-də tamam olduqdan sonra o, daha bir ay vaxt istədi. Mayın 20-də bu bir ay da ötdü, lakin o, bizə borcunu ödəmədi. Xətai Rayon İcra Şöbəsi, bu işi icraatına götürmüş Şakir Bahadırov isə bizə borcun tam ödənilməsi üçün heç bir təsirli addım atmırlar.
Hörmətli nazir! Bir daha xahiş edirik ki, Suraxanı Rayon Məhkəməsinin 15 mart 2016-cı il tarixli qətnaməsinin yerinə yetirilməsi – bizə dəymiş ziyanın tam şəkildə ödətdirilməsi üçün Xətai İcra Şöbəsinə tapşırıq verəsiniz”.
(hurriyyet.org)
araz.az xəbər portalı.