Şərur rayonun relyefi şimalda və şərqdə dağlıq, Arazboyu hissədə bir-birindən tirə və yüksəkliklərlə ayrılan maili düzənliklərdən (Şərur, Sərdar və Tənənəm düzləri) ibarətdir. Ərazidə Dərələyəz silsiləsi əsas yer tutur. Hündürlüyü Araz çayı sahilində təqribən 600-700 m-dən, Dərələyəz silsiləsində 2775 metrədək (Qalınqaya dağı) dəyişir.
Bu yazıda Sizi Günnüt kəndi ilə ətraflı tanış edərək mövcud hərbi vəziyyətə qiymət verməyə çalışacağıq.
Günnüt – Azərbaycanın Şərur rayonunda kənddir. Kənd Naxçıvan-Sədərək magistrial yolunun sağında, Şərur rayonunun inzibati mərkəzindən 22 km uzaqlıqda, Şərur düzənliyində yerləşir. Kənd 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən dağıdılıb. Buna görə də, kənd əhalisi Mahmudkəndə köçürülüb.
2018-ci ilin may ayının ikinci yarısında Naxçıvan Əlahiddə Ümümqoşun Ordusunun bölmələrinin şəxsi heyəti işğalçı erməni ordusunun mövqelərinə hücumu edərək tarixi Azərbaycan torpaqlarının bir hissəsini azad edib! Azərbaycan Ordusunun təzyiqləri qarşısında davam gətirməyən düşmən heç bir ciddi müqavimət göstərmədən mövqelərdən geri çəkilib. Əməliyyat nəticəsində Şərur rayonunun işğal altında olan Günnüt rayonundan başqa, Qızılqaya dağı və Xunut dağı da işğaldan azad edilib. Qısa bir müddət sonra isə Şərur rayonu ərazisində Əlahiddə Ümümqoşun Ordusunun digər mövqelərinin də irəli çəkilərək möhkəmləndirilməsi ilə bağlı məlumatlar yayılır.
Ermənistan müdafiə naziri Davit Tonoyanın xarici işlər naziri Zohrab Mnatsakanyanla birlikdə Naxçıvan istiqamətində yerləşən hərbi hissələrdən birinə getməsi barədə məlumat vermişdik. Ermənistanın müdafiə nazirininin əraziyə gəlməsi hardasa başa düşüləndir. Lakin ön xətt hara, xarici işlər naziri hara?
Yayımlanan fotolardan məlum olur ki, Paşinyanla nazirlərin bölgəyə səfəri sırf Azərbaycan Ordusunun əldə etdiyi yeni müvəffəqiyyətlərlə bağlı olub. Ermənistan XİN-nin isə əraziyə şəxsən baxış keçirməsi, baş verən hadisələrə hərbi-siyasi don geyindirmək niyyəti daşıyırdı.
Erməni KİV-lərinin yaydığı rəsmi məlumatda, əməliyyat şəraiti ilə tanış olan hər iki nazirin, korpus komandanlığı ilə sərhəd bölgəsində xidmətin detallarını müzakirə etdikləri vurğulanır və ərazidə başı verən uğursuzluqlarına dair heç bir məlumat qeyd olunmurdu. Burada əsas məqsəd Ermənistanda xalqın dəstəyi ilə hakimiyyətə gələn Paşinyan hökumətinin məğlubiyyətini erməni xalqından gizlətməyə çalışmaq idi. Nə qədər ki, “Hetq” saytının baş redaktoru Edik Bağdasaryan danışmırdı hər şey yaxşı gedirdi.
Belə ki, erməni jurnalist açıqlamasında Paşinyanın niyə məhz Davtyanı Baş Qərargah rəisi təyin etdiyini anlamadığını bildirməklə yanaşı, Naxçıvanda baş verən proseslərə toxundu.
“Baş Qərargah rəisi vəzifəsinə ən yaxşı namizəd hazıra Baş Qərargahın rəisi müavini icra edən Onik Qasparyan idi. Paşinyanın seçiminin niyə məhz Artak Davtyanın üzərində dayandığına təəccüblənirəm. Davtyanın Müdafiə Nazrliyinin 5-cü ordu korpusunun komandanı kimi xidməti böyük bir uğursuzluqdur. Hətta daha öncə onun korpus komandanı vəzifəsinə təyin edilməsi də anlaşılmazlıq yaradır”, – deyə Bağdasaryan açıqlayıb.
O qeyd edib ki, Ermənistan ordusunun 5-ci korpusunun cavabdehliyi zonasında yerləşən Naxçıvanla sərhəddə baş verənlər də Davtyanın uğursuz fəaliyyətinin nəticəsidir və məhz bunun sayəsində Azərbaycan ordusu öz mövqelərini irəli çəkə və böyük əraziləri nəzarət altına ala bildi.
Bağdasaryanın açıqlamasında Naxçıvanda baş verən uğursuzluqlardan danışarkən tarix və ərazi adının açıqlamaması şübhələr doğururdu. Buradan, ilkin olaraq belə bir nəticəyə gəlmək olardı ki, o, ya Davtyanın korpus komandiri olarkən hadisənin başqa tarixdə baş verdiyini nəzərdə tutur, ya da onun vasitəsilə Ermənistan təxribatçı informasiyalar yayaraq növbəti dəfə ölkəmizə qarşı məkrli planlar hazırlayırdı.
Lakin Edikin yaydığı “tüstü” dağılmadan dünən Ermənistanın Vayots Dzor vilayətinin Arpa (Areni) kəndi yaxınlığında Azərbaycan tərəfinin yeni mövqelərinin fotoları yayıldı.
“Facebook” sosial şəbəkə istifadəçisi Siranuş Tumanyan, öz səhifəsində, Arpa kəndi yaxınlığında Azərbaycanın yeni mövqelər qurması barədə məlumat yaydı.
“Areni kəndinin yaxınlığında Azərbaycan tərəfinin yeni mövqelərini, fotoları elə bu an Areni kəndinin bağlarından çəkmişəm. Kənd onlar tərəfindən tamamilə müşahidə edilir. Hazırda bizim mövqelər daha aşağı səviyyədə qalıb. Kənddə çaxnaşmadır. İnanmayanlara və inkar edənlərə, xahiş edirəm ki, Areni kəndinə gəlib əmin olsunlar”, – deyə Tumanyan yazırdı.
Beləliklə deyə bilərik ki, Areni kəndi və Arpa çayı vadisinin ətraf əraziləri Ordumuz tərəfindən tamamilə nəzarət altındadır. Hazırda erməni mövqelərinin daha aşağı səviyyədə yerləşməsi kənddə və ətrafda bölgələrdə təşvişə səbəb olub.
Yuxarıda göstərildiyi kimi, sözügedən mövqelərə “cavabdeh” olan Ermənistan silahlı qüvvələrinin 5-ci ordu korpusunun komandanı Davtyanın bu vəzifəyə təyinatı, vaxtı ilə yerli hərbi elitanın etirazına səbəb olmuşdu. Ermənistan ordusunun 5-ci korpusunun cavabdehliyi zonasında yerləşən Naxçıvanla sərhəddə baş verənlər də Davtyanın “gözəl” fəaliyyətinin nəticəsidir. Arpa və Günnüt istiqamətində təxminən 1600-2100 metr hündürlükdə yerləşən yüksəkliklərin azad edilməsindən sonra Davtyanın Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi vəzifəsinə təyin edilməsi çox “uğurlu” addımdır.
Davtyan əvvəllər mövqeləri tək korpus miqyasında təslim edirdisə, indi bu tədbirləri bütün ordu masştabında həyata keçirəcək. Naşükür olmayaq. Davtyana geri çəkilmək üçün heç olmasa yerimizdən tərpənməklə şərait yaradaq.
Hazırda mövqelərimiz irəli çəkilib, şəxsi heyətin, artilleriya və zirehli texikaların atəş mövqelərinə yerləşdirilməsi, kəşfiyyat müşahidə sisteminin təşkili, bütün növ döyüş təminatı, ön xəttə təhlükə törədə biləcək istiqamətlərinin minalanması, mövqelərin mühəndis təminatı, eşalonlararası əlaqə yollarının açılması, əsas, ehtiyat və saxta mövqelərin yaradılması, yeni şəraitə uyğun bölmələrin döyüş tapşırıqlarının dəqiqləşdirilməsi, qonşularla qarşılıqlı əlaqənin təşkili, yeni mövqelərdə dayanıqlı rabitə sisteminin təşkili və s. kimi əhəmiyyətli tədbirlər davam etdirilir. Hazırda Azərbaycan Ordusu azad edilən yüksəkliklər hesabına geniş bir coğrafiyaya nəzarət edərək İrəvan-Gorus-Laçın avtomobil yolunu tam nəzarətdə saxlayır. Beləliklə, Şanlı Azərbaycan Ordusu son illərdə ardıcıl həyata keçirdiyi uğurlu“Horadiz”, “Odundağ”, “Lələ Təpə”, “Talış” əməliyyatları siyahısına “Günnüt” və “Arpaçay” əməliyyatını da əlavə etdi.
İndi isə əməliyyatın əhəmiyyətindən danışaq. Azad edilən yüksəkliklərdən bir Qızılqaya dağının zirvəsidir. Bu Şərur rayonu ərazisində, 1683 metr yüksəklikdə, Dərələyəz silsiləsinin şimal-qərb istiqamətində Saraybulaq qolunun suayırıcısındakı 2049.8 m yüksəklikdəki Yağargədik yüksəkliyindən cənub-şərqə ayrılan eyniadlı şaxədə, Arpa çayının sağ qolları olan Zərnədərə və Payadərə çaylarının suayırıcında yerləşən dağ zirvəsidir.
İkinci azad edilən yüksəklik Şərur rayonu ərazisində 2065.8 m yüksəklikdə yerləşən Xunut dağının strateji zirvəsidir. O, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun suayırıcında ən yüksək zirvə olduğu üçün böyük strateji əhəmiyyətə malikdir.
Qeyd olunan ərazilərin azad edilməsi əməliyyatında Azərbaycan Ordusu nə canlı qüvvə baxımından, nə də texnika baxımından heç bir itkiyə məruz qalmayıb.
Bir ay öncə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Naxçıvana səfəri çərçivəsində hərbçilərlə görüşdü, texnikalara baxış keçirdi və hərbi obyektlərin açılışında iştirak etdi. Naxçıvanda çıxış edən Prezident belə bir cümlədən istifadə etdi: “Bu gün Naxçıvan Ordusu böyük qüvvəyə malikdir və düşmənin istənilən təxribatının qarşısını ala bilər və eyni zamanda, uğurlu əks-hücum əməliyyatı keçirə bilər”.
Burada Ali Baş Komandan tərəfindən əks-hücum ifadəsi düzgün olaraq vurğulanıb. İşğala məruz qalan Azərbaycan tərəfinin BMT tərəfindən tanınan sərhədləri çərçivəsində ərazilərini azad etməsi üçün keçirdiyi əməliyyat istənilən halda məhz əks-hücumdur! Heç bir döyüş nizamnaməsi əks-hücumun keçirilməsi ilə bağlı zaman məhdudiyyəti tətbiq etmir.
Bütün böyük qələbələr doğru mövqelərin ələ keçirilməsindən başlanır. Azərbaycan Respublikasının 100 illiyi ərəfəsində uğur əldə edərək bu qürürü bizə yaşadanlara dərin təşəkkür. Yeni Qələbə müjdəli xəbərləri tezliklə Sizlərə çatdırmaq arzusu ilə…
Hərbi ekspert Ədalət Verdiyev
Yazı Ordu.az-a məxsusdur
araz.az xəbər portalı.