Prezident İlham Əliyev Türkiyədə Rəcəb Tayyib Ərdoğanın, Avropa və dünyada isə Türkiyənin mövqeyini gücləndirən açılışı etdi

Ibrahim_M.jpg

Cənub Qaz Dəhlizinin (CQD) açılışı qlobal geosiyasi nəticələri olan və olacaq çox mühüm geoiqtisadi layihədir. Hər şeydən əvvəl bu layihə dünyada güclənməkdə olan geosiyasi kataklizmlər dövründə Azərbaycanın təhlükəsizlik qarantlarından biridir. CQD təkcə geosiyasi deyil, eyni zamanda maliyyə-iqtisadi, siyasi təhlükəsizlik amilidir. Bu Azərbaycanı Suriyaya çevirmək istəyənlərin qarşısına çəkilmiş təhlükəszilik səddidir. Nəhayət, bu Ermənistana qarşıdurmada Azərbaycanın gücünə güc qatan blr gedişdir.

Tarixi və geosiyasi kontekst

Əsasını Azərbaycanın qoyduğu bir siyasətin – qərb investisiyalarının Xəzər hövzəsinə, Xəzər hövzəsi ehtiyatlarının isə Avropa bazarına çıxarılması siyasətinin daha genişləndirilmiş şəkildə davamıdır.

1994-cü ildə əsası qoyulmuş bu siyasət SSRİ dövrünün formalaşdırdığı geosiyasi reallığı dəyişmə siyasətinin başlanğıcı oldu. Bakı–Tbilisi-Ceyhan (BTC) neft və Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz kəmərləri, daha sonra isə Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu Cənubi Qafqaz bölgəsini və Xəzər hövzəsini keçmiş SSRİ-nin “arxa məhəllə”, “dalan bölgə” geosiyasi statusundan qurtardı. Bu layihələrin sayəsində SSRİ reallığının dalana çevirdiyi bölgə dünyanın enerji, nəqliyyat və geosiyasət mərkəzinə çevrildi. İndi Avrasiyanın iki inkişaf etmiş ucqar nöqtələrini – Avropa ilə Çin, Hindistan, Koreya yarımadasını birləşdirən “Dünyanın Baş Yolu” Qərbdən Şərqə və əks tərəfə Azərbaycandan keçir. Şimalı Cənubla birləşdirən dəhliz də Bakıda qərb-şərq dəhlizi ilə kəsişərək Bakının dünyanın iqtisadi-nəqliyyat mərkəzinə çevrilməsini təmin etməkdədir. Elə bir reallığın əsası qoyulub ki, onu növbəti 50-100 il ərzində dəyişmək mümkünsüzdür.

Cənub Qaz Dəhlizi məhz bu siyasətin davamıdır. Ancaq artıq sadaladığımız layihələr, o cümlədən də Cənub Qaz Dəhlizi daha dərinə gedən təsir imkanlarını da özündə ehtiva edir.

ABŞ-la münasibət konteksti

Cənub Qaz Dəhlizi Azərbaycan Amerika münasibətlərinin daha da dərinləşməsi deməkdir. Həm də bu enerji təhlükəsizliyi kontekstindən xeyli kənara çıxır. Daha doğrusu, bu, enerji təhlükəsizliyi bazası üzərində qurulan geniş geosiyasi təhlükəsizlik arxitekturasıdır. CQD Amerikanın eyni zamanda 3 regionda – Xəzər hövzəsində, Qara dəniz hövzəsində və Avropa daxilində maraqlarına uyğundur. Odur ki, prezident İlham Əliyev bu layihə ilə ABŞ-Türkiyə və Aİ kimi gücləri bir araya gətirdi. ABŞ prezidenti Donald Trampın qısa müddətdə dalbadal göndərdiyi məktublardakı mühüm dostluq ismarışları və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycana daha yaxın mövqedə olduğuna işarə etməsi məhz bu siyasətin nəticəsidir.

Avropa və Avropadaxili siyasət konteksti

Avropaya təsir aspektindən yanaşdıqda Azərbaycanın səyləri ilə həyata keçirilmiş bütün bu layihələr Avropa İttifaqı ölkələrinin enerji, nəqliyyat, bütövlükdə iqtisadi və milli təhlükəsizliyində əhəmiyyətli amillərdir.

Eyni zamanda Cənub Qaz Dəhlizinin davamı olan TAP (Trans Adriatic Pipline) Avropa İttifaqı daxilində də qüvvələr nisbətinə təsir imkanlarına malikdir. Beləki, bu dəhliz İtaliyanın Avropa İttifaqı daxilində iqtisadi və siyasi mövqelərini gücləndirir, Romanın müstəqilliyini artırır. Bu çox dərin tarixi olan, bu gün üçün mühüm əhəmiyyət kəsb edən, uzaq gələcəyə hesablanmış bir siyasətdir. O Azərbaycanın təhlükəsizliyini uzun müddət üçün təmin etməyə yönəlmiş bir qlobal oyunçu strategiyasıdır. Bu siyasət Azərbaycana, onun bu siyasəti yürüdən Prezidentinə Avropa İttifaqı daxilindəki qüvvələr nisbətində manevr etmək imkanlarını təmin edir. Avropa İttifaqı (Aİ) daxilində münasibətlərin ən incə təfərrüatlarına girmədən ümumiləşdirilmiş yekun belədir: Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi və TAP siyasəti ilə Bakı-Ankara-London-Roma dördbucağını sementləyərək Aİ daxilindəki münasibətlərdə tarazlıq yaratdı, Avropa istiqamətində öz ölkəsinin mövqelərini gücləndirdi.

Türkiyə ilə Azərbaycanın “bir-birini gücləndirmək siyasəti”

Prezident İlham Əliyevin Türkiyə ilə münasibətlərdə təməl prinsip kimi elan etdiyi konsepsiya var: “biz bir-birimizin güclənməsinə çalışmalıyıq”. Cənub Qaz Dəhlizi bu siyasətin reallıqda tətbiqi nümunəsidir. 29 may 2018-ci ildə Prezident İlham Əliyev Türkiyədə Rəcəb Tayyib Ərdoğanın, Avropa və dünyada isə Türkiyənin mövqeyini gücləndirən açılışı etdi. Prezident İlham Əliyevin Cənub Qaz Dəhlizinin açılışını elan etməsi onun tərkib hissələri olan TANAP və TAP-ın tezliklə reallığa çevriləcəyinin ciddi bir anonsudur. Şübhəsizdir ki, bu qardaş Türkiyənin Avropa ilə münasibətlərdə mövqeyini gücləndirir. Cənub Qaz Dəhlizi Avropa üçün vazkeçilməz bir tərəfdaş kimi Türkiyənin də gücünü artırır. Nəhayət, Cənub Qaz Dəhlizi, onun bir hissəsi olan TANAP Rəcəb Tayyib Ərdoğanın həm qarşıdan gələn seçkilərdə, həm də seçkidən sonrakı Avropa turunda gücünü artırır. Bu Azərbaycanın qardaş Türkiyəyə qlobal siyasi töhfəsidir.

Artıq iki ölkənin əlaqələrində sözügedən layihələrlə elə bir təməl qoyulub ki, onu yolundan döndərmək qeyri-mümkündür.

İbrahim Məmmədov
Tarix üzrə fəlsəfə doktoru
əməkdar jurnalist

araz.az xəbər portalı.