Paytaxtda söküntü-tikinti işləri aparan, “krışası” yuxarılardan olan tikinti şirkətləri son zamanlar sakinlərin başına hansı oyunları açmırlar?! Göz qabağında açıq-aşkar əhalinin həqiqi bəlasına çevrilən belə tikinti qurumlarının xoşagəlməz işləri barədə, ölkə mətbuatı da, çox yazılar verib. Nə olsun, bunun da bir faydası olmayıb. Çünki haqlı narazılıqları özündə əks etdirən çoxsaylı vətəndaş şikayətlərınin əksəriyyəti yuxarı instansiyalarda ört-basdır edilib.
Qanunla, bu tip şikayətlərə, ilkin olaraq, Fövqəladə Hallar Nazirliyinin nəzdindəki Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Agentliyinin reaksiya verməlidir. Lakin…
…araz.az-a üz tutanların bu dəfəki şikayətləri də, tikintidə təhlükəsizlik qaydalarına riayət etmədən, ətraf mühiti inşaat tullantıları ilə çirkləndirməkdən çəkinməyən, beləcə sakinlərin canlarını boğazlarına yığan həm sifarişçi, həm podratçı iki tikinti qurumunun olduqca kobud əməlləri barədədir.
Paytaxtda hamının yaxşı tanıdığı İnqilab, 17-nin (indiki Həsən Əliyev küçəsi, 17) iki addımlığında – Həsən Əliyev küçəsi, 16/18 ünvanında beşmərtəbəli qeyri-yaşayış binasının tikintisini həyata keçirən “İmarət – İnşaat” və “Star Construktion – 12” MMC-lər ətrafdakı yüzlərlə həyət evində yaşayanlarin, tikinti gedən ərazi ilə üzbəüzdə yerləşən iaşə, ticarət obyektlərində çalışanların “günlərini göy əskiyə büküb”.
Şikayətçilərin haqlı narazılıqları başa düşüləndir – düz bir ildir gecə-gündüzləri yoxdur.
Bu yazının müəllifi olaraq, mən də, tikinti ətrafındakı Möhsün Sənani küçəsində yaşayıram – məhəllə qonşularımla eyni durumdayam. İndiyədək, Nəsimi Rayon İcra Hakimiyyətinə, əlaqədar qurumlara ünvanladığımız çoxsaylı – istər şifahi, istər yazılı olsun – şikayətlərimizə məhəl qoyan belə tapılmayıb…
…Şikayətçilər də deyirlər ki, elə, başçı Asif Əsgərovun özü, aidiyyatı dövlət qurumlarının, tikinti tələblərinə əməl etməyənlərin xətrinə dəyməsinə imkan vermir: “Bu səbəbdən, artıq bir ildir binanın tikintisində norma və qaydalara açıq-aşkar riayət edilmir, təhlükəsizlik qaydalarına əməl olunmur, tikintidə plansızlıq göz önündədir. Kəsəsi, burada heç bir təhlükəsizlik qaydasına əməl edilmədiyindən, yağışlı və küləkli günlərdə buradan keçmək, ətrafdakı kafedə oturub, bir stəkan çay içmək, yemək yemək, mağaza və apteklərin alverçisi olmaq, dayanacaqlarda marşrut gözləmək… zülmə bərabər mümkünsüz bir işə çevrilir.
Bura tələblərin daha çox olduğu bir yerdir. Tikinti Tibb və Bakı Qızlar universitetlərinin iki addımlıqlarında aparılır. Hələ Tibb Universitetinin tələbə yataqxanaları, bəzi kafedralarının xəstəxana və poliklinikaları da buradadır. Ona görə, dayanacaqlarda adam əlindən tərpənmək olmur. Toz-torpaq, qum “yağışı” imkan vermir ki, sərnişinlər rahat nəfəs alsınlar.
Keçmiş Tələbə Qəbulu Komissiyasının yerləşdiyi binanın yerində də, çoxmərtəbəli bina tikintisi aparılır. Lakin burada qum, toz-torpaq narahatlığı yoxdur. Təhlükəsizlik qaydalarına o qədər ciddi əməl olunur ki…
Burada isə, hər şey göz önündədir: Külək və yağış tikintinin palçığa batmış zibil və tullantılarını, istifadəsiz qalan qum örtüyünü insanların üz-gözünə çırpıb, bədənlərinə doldurur. Qumun üstünə su səpmək, materialların üstünü örtmək adıçəkilən tikintidə heç kəsi maraqlandırmır. Burada hər şey başlı-başına buraxılıb.
İndi axırıncı mərtəbəsinin tikintisi üçün, ağır yük kranlarının daş, qum, taxta, dəmir… materialları qaldırmasının özü də, həyat üçün çox təhlükəlidir. Çünki indiyədək tikintinin üzünə heç bir qoruyucu örtük çəkilməyib, külək və yağış lazımsız hər şeyi, qumu, toz-torpağı ətrafdakı yaşayış evlərinin, qaçqın və köçkünlərin çoxdan məskunlaşdığı Tibb Universitetinin tələbə yataqxanasının və digər obyektlərin içinə doldurur. Digər tərəfdən, tikinti işçilərinin kobudluq dolu səs-küylü hərəkətləri də, sakinlərin evlərində rahat yatıb-durmalarına imkan vermir. Şikayət edəndə isə, adi fəhlə belə şikayətçilərə kobud cavab verir, qorxub-çəkinmədən deyirlər ki, bu tikili, hər yerdə nüfuz və söz sahibi olan masallılı Hacı Ramazanındır. Hara şikayət etsək də, bir faydası olmayacaq.
Bu binanın hansı məqsədlər üçün tikildiyini indiyədək dəqiq deyən də olmayıb – gah ticarət mərkəzi, gah da ofis olacağını deyiblər…”.
Bu iradlar şikayətçilərə məxsusdur. Foto-görüntülərini qeydə aldığımız ünvanda həmkar yoldaşlarımla eşitdiklərimiz, şahidi olduqlarımız da, bu haqlı şikayətlərin daha bir təsdiqi oldu. Amma tikili sahibinin kimliyini tam olaraq müəyyənləşdirib, onun özünə müraciət etməyimiz mümkün olmadı.
Müşahidələrimiz zamanı o da məlum oldu ki, binanın axırıncı mərtəbəsində işləyən işçi, başqalarının risk etməyəcəyi şəkildə sərbəst gəzərək, öz işini görür. Baş verəcək hər hansı bədbəxt hadisədən qorunmaq üçünsə, heç bir qaydaya əməl etmir.
Həyatını riskə ataraq, bu qaydada işləyən həmin şəxs heç bir təhlükəsizlik vasitəsindən istifadə belə etmir. Buna görə, baş verəcək hər hansı hadisədən onu heç nə sığortalamır – fəhlə və ustaların həyatları, doğrudan, ciddi təhlükə altındadır.
Bəli, burada təhülkəsizlik qaydalarına tam əməl olunmadığının, işçilərin kaska belə taxmadiğının bir daha şahidi olduq. Binanın tikintisini aparanlar bu barədə suallarımıza normal cavab verməkdən boyun qaçırsalar da, onu deməkdən çəkinmədilər ki, burada heç bir qeyri-adi hal yoxdur – onlar təhlükəsizlik vasitələrinə ehtiyac duymurlar. Bu barədə onlara hansısa idarənin irad bildirməyə cürəti də çatmaz.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə, bu barədə müraciətimizə cavab olaraq, bildirdilər ki, burada Əmək Məcəlləsinin təhlükəsizlik qaydaları kobud şəkildə pozulub. Onları ciddi cəza gözləyir.
Dövlət Əmək Müfəttişliyindən də, eyni cavabı aldıq. Üstəlik, əmək müfəttişləri onu da vurğuladılar ki, qaydaların bu cür pozulmasına görə, işəgötürəni 2 min manata qədər cərimə gözləyir: “Ümumiyyətlə, Əmək Məcəlləsinin müvafiq tələblərinə riayət etmədən, fəhlələri təhlükəsizlik qaydalarına uyğun işlətməyən şirkətləri daha ağır tədbirlər gözləyir. Bu ondan ötrü edilir ki, belə xoşagəlməzliklər nəticəsində, şirkətlərin icra etdiyi tikinti layihələrində tez-tez bədbəxt hadisələr qeydə alınmasın…
… Şikayətçiləri narahat edən digər məsələlərə aydınlıq gətirmək mümkün olmadığından, yalnız gördüklərimi qələmə almaqla kifayətləndim. Lakin bu vacib məsələni, tikinti basa çatanadək, diqqətdə saxlamağı lazım bildim.
Sonda, onu da qeyd edim ki, küləkli bir gündə, həmkar yoldaşlarımla həmin tikinti ilə üzbəüzdəki “Zaqatala” kafesində oturub dincəlmək, çay içmək, sakinlər kimi, bizə də olduqca “baha başa gəldi”; Külək tikintinin qumunu, torpağını, zibilıni… göyə sovurub, çayımızın içinə, bədənimizə doldurdu. Jurnalistlərə bir daha agah oldu ki, biz məhəllə sakinləri bu bir ilin toz-torpağında, qum burulğanında nələr çəkmişik!..
Məhi ELSEVƏR,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.