EldarHesenov

Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı sabiq fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov və onun ailə üzvlərinin verdiyi kassasiya şikayəti üzrə məhkəmənin vaxtı dəyişdirilib.

araz.az  Pravda.az-a istinadən bildirir ki,  keçmiş səfirin məhkəməsi oktyabrın 29-na təyin edilib.

Cinayət işi hakim İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq. Eldar Həsənovla yanaşı onun oğlu Anar Həsənov, qızları Səbinə Həsənova, Emilya Qurbanova, həyat yoldaşı Elmira Həsənova, qogumları – Qabil Hüseynova və Əlixan Həsənov Ali Məhkəməyə müraciət edib. Eldar Həsənov barəsində bəraət hökmünün çıxarılmasını istəyir. Həmin şəxslər isə təqsirləndirilən şəxsin müsadirə edilən əmlaklarının geri qaytarılmasını tələb edirlər.

Məhkəmə iclası avqustun 18-də keçirilməli idi. Lakin təxirə salınıb.

Xatırlatma: Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs edilib. Sabiq səfir Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.

Eldar Həsənov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş əmlakları da müsadirə olunub. Daha sonra o, apellyasiya şikayəti verib. Bakı Apellyasiya məhkəməsi E.Həsənovun şikayətini təmin etməyib.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.