Şəkildə gördüyünüz bu adam Əlvan Ağayevdir. Əslən Şərurdandır. Prezidentin sabiq köməkçisi Əli Həsənovun yaxın dostu və kirvəsidir. Əli Həsənovun dəstəyi ilə, vaxtilə, “Azərkitab” kimi mühüm sahəyə təhbərlik edib.
Bu adam paytaxt Bakının ən mərkəzi yerlərində olan kitab mağazalarını öz yaxınlarının adına özəlləşdirərək, satıb və qısa müddətdə milyonçuya çevrilib. Hökümət Evi ilə üzbəüz binada yerləşən keçmiş Beynəlxalq Mətbuat Mərkəzini də ələ keçirərək, oranı özünə və Əli Həsənova mənzil edib. Əlvan Ağayev hazırda da həmin mənzildə yaşayır.
Yeri gəlmişkən, onu da qeyd edim ki,
satmağa mağaza qalmayandan sonra isə, Əli Həsənovun təqdimatı əsasında, o, Milli Televiziya və Radio Şurasının üzvü təyin edilib. Halbuki bu adamın mətbuat və televiziya sahəsinə heç bir aidiyyatı olmayıb. Çünki hamı bilir ki, Əlvan Ağayev Şərurda yaşayarkən, mebel mağazasında işləyib. Elə, ləqəbi də “mebel Əlvan” olub.
Onu da qeyd edim ki, Əlvan Ağayevin və Əli Həsənovun vəzifədə olduğu vaxtlarda da, mən, kitab mağazalarını kimlərin və necə ələ keçirmələri ilə bağlı silsilə araşdırma yazıları dərc etmişəm. Həmin yazılar iki mininci illərin əvvəllərində qəzetlərdə dərc edilib və elə, indi də, mənim arxivimdə qalır.
Hazırda Əlvan mövzusuna müraciət etməyimin səbəbi var. Bir nəfər şəkilimi paylaşaraq, yazdığım məqaləyə görə məni öz səhifəsində təhqir edib (Həmin skrini şərh bölümündə paylaşacam). Bu Əlvan Ağayev də, məni tanıya-tanıya həmin paylaşımın altında müxalifət partiyasının sədri Sərdar Cəlaloğlunun çıxışından bir video-fraqment paylaşıb. Həmin paylaşımda Sərdar Cəlaloğlu ləyaqətsizlikdən danışır. Buradan bir nəticə çıxır, Əlvan Ağayev mənim barəmdə olan paylaşıma bu videonu əlavə edibsə, deməli, mənim ləyaqətsiz olduğumu iddia etmək istəyib. Çünki həmin paylaşımda məndən başqa kimdənsə söhbət getmirdi. Və bunu görən kimi, Əlvan Ağayevin şərhinə cavab yazdım. Əlvan dərhal öz şərhini sildi. Amma buna baxmayaraq, Əlvana bəzi şeyləri xatırlatmaq istəyirəm: Ləyaqətsizlik dövlətin malını talamaq, milyonları oğurlayıb, milyonçuya çevrilməkdir! Ləyaqətsizlik ömrü boyu bu hakimiyyətdən yararlanıb, işdən çıxandan sonra isə, radikal müxalif liderlərdən sitat gətirib, onlara simpatiya bəsləməkdir.
Əlvan Ağayevin etdiyi cinayətlərin üstünü zamanında Əli Həsənov pərdələdiyi üçün, onun dövlət əmlakını vəhşicəsinə talamasına lazımi hüquqi qiymət verilməyib. Bu adam, həm də ölkədə kitab satışına öz əməli ilə ağır zərbə vurub. Onun kitab mağazalarını necə və hansı yaxın qohumlarının adlarına sənədləşdirərək, sonradan necə satması ilə bağlı ətraflı məlumat verəcəm. Əlvan Ağayev 23 il əvvəl paytaxtın ən tanınmış bir yerindəki — “Torqovı”dakı Kitab Pasajını ələ keçirəndə, yaxın qohumları ilə hansı “razborkalardan” keçib?! Yazımda bu ciddi sualın da cavabı olacaq. Üstəlik, Əli Həsənovun əli ilə, onun hansı yaxın qohumunu həbs etdirdiyindən də, ətraflı bəhs edəcəm.
Məhəmmədəli QƏRİBLİ.
araz.az xəbər portalı.