abramovic.jpg

Roman Abramoviçi Rusiya-Böyük Britaniya soyuq savaşının ilk potensial qurbanlarından saymaq olar. Rusiyalı milyarder isə acığını sahib olduğu klubdan, yəni “Çelsi”dən əlini çəkməklə çıxır.

İki ölkə arasında diplomatik savaşdan və bu müharibənin ortaq nöqtələrindən biri olmaqdan təngə gələn Roman Abramoviç “Çelsi” futbol klubunun yeni stadionu üçün 1 milyard funt dəyərində ölçülən sərmayədən vaz keçir.

Böyük Britaniyanın “The Times” qəzeti son gəlişmənin adada təlaş oyatdığını qeyd edir: “Belə hesab olunur ki, Abramoviçin yeni stadion layihəsini dayandırması Böyük Britaniya hökumətinin ona yeni viza verməkdən imtina etməsi ilə bağlıdır. 2003-cü ildən bu yana Böyük Britaniyaya sərbəst şəkildə gələ bilən Abramoviç bu viza sayəsində ölkədə iş qurmuş və ölkəyə milyardlarla sərmayə yatırmışdı. O, Böyük Britaniyada ən məşhur rusiyalı investor hesab olunduğuna görə onun çəkilmək qərarı adada biznes fəaliyyəti quran, lakin Kremlə yaxın sayılan digər oliqarxları da öz pullarını ölkədən çıxarmağa sövq edə bilər”.

“The Times”dakı yazıda Abramoviçin viza haqqında verdiyi ərizəni geri çəkmək haqqında qərarının Böyük Britaniya hökumətində əsəbi mühitin yaranmasına səbəb verdiyi qeyd olunub. Bir çox nazirlər düşmənçilik atmosferini daha da qızışdırmamağa çağırıblar.

Roman-Abramovich-Chelsea-Morata.jpg (28 KB)

“İndi bir çoxları Abramoviçin yeni viza müddəti üçün ərizə verməkdən imtina etməsini onun Böyük Britaniyaya yeni investisiyalar qoymaqdan vaz keçməsi kimi dəyərləndirir”, – məqalədə yazılıb.

Abramoviçin İsrail pasportu almasına rəğmən Böyük Britaniya baş nazirliyinin dəftərxanasında rusiyalı milyarderin bundan sonra da adada iş fəaliyyəti göstərə bilməyəcəyi bildirilib (Britaniya qanunlarına görə, İsrail vətəndaşlığı alan şəxs ilk 6 ayda məhdudiyyyətsiz və pulsuz viza əldə edir).

“Çelsi” klubu isə yaydığı bəyanatda yeni stadion layihəsinin durdurulmasını ölkədəki əlverişsiz investisiya mühitinin yaranması ilə izah edib.

“Britaniya hökuməti viza məsələsində özünü olduqca yöndəmsiz və qaba apardı. Hökumətin əsas hədəfi Putinə zərbə vurmaq olmalıydı, daha “Çelsi”ni pis vəziyyətə salmaq deyil…” – 53 ildir ki, “Çelsi”yə azarkeşik edən Lordlar Palatasının üzvü lord Heyn qəzetə bildirib.

Mühafizəkar deputat Piter Bottom isə Abramoviçin qərarını viza problemi ilə deyil, kommersiya nöqteyi-nəzərindən izah edib. Onun fikrincə, Abramoviç indiki məqamda stadionun yenilənməsi məsələsində tələsməmək xəttini götürüb.

“The Times” isə rusların Böyük Britaniyadan kütləvi qaçışının ən çox Londonun elit sayılan daşınmaz əmlak biznesinə zərbə vuracağını proqnozlaşdırır.

Musavat.com

 

araz.az xəbər portalı.