“Azərenerji” ASC elektrik enerjisi istehsalını azaldıb. Yeniavaz.com Hesablama Palatasının Azərbaycanın 2017-ci il üzrə dövlət büdcəsinin icrasına dair illik hesabata verdiyi rəyinə istinadən bildirir ki, azalmaya səbəb kimi 2016-cı ilin dekabr ayından etibarən Tarif Şurasının tətbiq etdiyi yeni qiymətlər göstərilir. Bildirilir ki, 2017-ci ildə istehsal edilən elektrik enerjisinin ümumi həcmi əvvəlki ilə nisbətən 2% azalaraq 21 milyard 772,6 milyon kVt-saat təşkil edib. Bu azalmaya baxmayaraq istehsal olunan elektrik enerjisi daxili tələbatdan çox olduğu üçün 1 milyard 239,9 milyon kVt-saat elektrik enerjisi qonşu ölkələrə (Rusiyaya, Türkiyəyə və Gürcüstana) ixrac olunub.
Açıqlanan məlumatlardan belə görünür ki, Tarif Şurasının 28 noyabr 2016-cı il tarixli qərarından sonra elektrik enerjisinin 1 kVt-saatı 11 qəpik olduğu (aylıq istehlak həcminin 300 kVt-saatdan çox olan hissəsi) üçün əhali elektrik enerjisindən daha az istifadə etməyə başlayıb və nəticədə həm istehsal azalıb, həm də tələbatdan artıq elektrik enerjisi mövcud olub.
Maraqlı məqamlardan biri isə odur ki, qiymətlər artığı üçün (açıqlamadan belə görünür) əhalinin daha az istifadə etməyə məcbur olduğu elektrik enerjisinin istifadə olunmayan hissəsi qonşu ölkələrə daxili bazardan daha ucuz satılır.
Yeniavaz.com-un Dövlət Gömrük Komitəsinə istinadən apardığı hesablama göstərir ki, 2017-ci ildə Azərbaycandan xarici ölkələrə 1 milyard 160,2 milyon kVt-saat elektrik enerjisi ixrac olunub. İxrac olunan elektrik enerjisinin həcmi kəskin şəkildə – 2 dəfəyə yaxın artsa da, qiymətində ciddi dəyişiklik baş verməyib. 2016-cı ildə olduğu kimi, ötən il ərzində də xaricə satılan elektrik enerjisinin 1 kVt-saatının gömrük dəyəri 4,4 sent və ya 7,4 qəpik təşkil edib.
Məlumat üçün onu da qeyd edək ki, “Azərenerji” ASC üzrə vergi və digər icbari ödənişlər şəklində dövlət büdcəsinə ödənilən vəsaitin həcmi 2017-ci ildə 61 milyon 940,2 min manat təşkil edib. Bu vəsait 2015-ci ilə nisbətən 286 milyon 724,8 min manat və ya 5,6 dəfə, 2016-cı ilə nisbətən isə 178 milyon 511,7 min manat və ya 3,9 dəfə azalıb.
araz.az xəbər portalı.