Keçmiş Daxili İşlər Naziri İsgəndər Həmidov 1992-ci ildə keçirilən məhşur “Astara əməliyyatı”na aydınlıq gətirib.
Sozcu.az saytı İsgəndər Həmidovun həmin əməliyyatla bağlı fikirlərini təqdim edir:
“1992-ci ildə Daxili İşlər Nazirliyinin Astarada keçirdiyi əməliyyatla bağlı bir neçə məsələyə aydınlıq gətirmək istəyirəm. Bundan əvvəl də bu əməliyyat ətrafında İranın təsirində olan qüvvələr söz-söhbət yaradıb, Əbülfəz Elçibəy hakimiyyətinə kölgə salmağa çalışıb. İddia budur ki, Astarada keçirilən əməliyyat Əbülfəz Elçibəyin göstərişi ilə olub və guya qisas məqsədi daşıyıb. Guya buna səbəb Elçibəy həbsdə olduğu dövrdə həmin şəxslə aralarında baş vermiş narazılığın əsasında olub. Qəti şəkildə bildirirəm ki, bu əməliyyat barədə Əbülfəz Elçibəyin xüsusi göstərişi olmayıb. O zamanlar DİN-ə məlumat daxil olub ki, bölgədə İran tərəfindən himayə edilən xüsusi cinayətkar dəstə ortaya çıxıb. Bu qrup bölgədə cinayətkar əməllər – soyğun, girov götürmə, qəsdən adam öldürmə və bir çox əməllər törətmişdir. Hətta həmin bölgədə yaşayanlar bilirlər ki, Məkkə ziyarətindən qayıdan hacılar Astarada bu quldur banda tərəfindən soyulmuşdu. Bunun nəticəsində əhali arasında böyük təşviş yaranmışdı. Törədilən hadisələrlə bağlı polis idarəsi DİN-ə müraciət etmiş əlavə kömək istəmişdi. Həmin əməliyyat Prokurorluğun sanksiyası ilə Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğu tərəfindən birgə həyata keçirilib.
Əməliyyat zamanı Daxili İşlər Nazirliyinin əməkdaşlarına müqavimət göstərilmiş, atəş açılmışdı. Bu atəş nəticəsində Tahir Həsənov yaralanmışdı. Bundan sonra isə həmin cinayətkar dəstə zərərsizləşdirilib. Baş verən hadisə zamanı həmin evdə bir nəfər İran İslam Respublikasının vətəndaşı da olub. Qeyd edim ki, evə baxış zamanı külli miqdarda narkotik də aşkar olunmuşdu.
Həmçinin qeyd etmək istəyirəm ki, bu əməliyyat keçirildiyi tarixdə Əbülfəz Elçibəy prezident yox, AXC-nin sədri idi. Yəni hələ Prezident kürsüsünə əyləşməmişdi.
Əmin ola bilərsiniz ki, əgər bu əməliyyatda hər hansı bir qanun pozuntusu olsaydı, bu iqtidar onu mütləq mənə və təmsil olunduğum Elçibəy komandasına aid edər, bunu öz təbliğatına çevirərdi. Əbülfəz Elçibəyin iqtidarında qanunlar ali olub və bu qanunları qorumaq üçün hamımız çalışmışıq”.
araz.az xəbər portalı.