IMG 20200805 181214 138 “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı möhtərəm İlham Əliyev cənablarının rəhbərliyi altında, Milli Ordumuzun 44 günlük Vətən Müharibəsində qazandığı möhtəşəm zəfər nəticəsində bölgədə yaranan yeni reallıqları, xarici havadarlarının təhriki ilə, hələ də qəbul edə bilməyən təcavüzkar Ermənistan tərəfindən, sentyabrın 13-də Ermənistan–Azərbaycan sərhədində  törədilən və çoxsaylı canlı qüvvə itkisi ilə nəticələnən dəhşət dolu daha bir təxribat nəticəsində yaranmış gərginliyin tam məsuliyyətinin, birbaşa və tam şəkildə, Ermənistanın siyasi rəhbərliyinin və xarici havadarlarının üzərinə düşdüyünü, bir siyasi partiya olaraq, qəti şəkildə bəyan edirik!”

 
        Ermənistan–Azərbaycan sərhədində, təcavüzkar Ermənistanın törətdiyi daha bir təxribatla bağlı, Azərbaycan Respublikaçılar Partiyası adından verilən və partiya sədri Sübut Əsədov tərəfindən imzalanan kəskin etiraz xarakterli Bəyanatda belə deyilir. 
 
        Sonra, Bəyanat müəllifləri xüsusi olaraq vurğulayırlar ki, sözügedən bu fakt bir daha onu göstərir ki,  Qarabağ müharibəsindəki 44 günlük tarixi zəfəri ermənilər və onların havadarları heç cür qəbul etmək istəmirlər:

 
     “Elə, bu səbəbdən də, bu tarixi savaşdan sonra imzalanan heç bir rəsmi sənədin və beynəlxalq qanunların tələblərini yerinə yetirməkdə, müharibənin son fəsadlarının çözülməsində və aradan qaldırılmasında bu təcavüzkarlar maraqlı deyillər. Lakin bu tələblər beynəlxalq hüquqi müstəviyə söykənən əsaslar hesab olunur və bunu təcavüzkar heç cür başa düşmək istəmir, vaxtaşırı belə təxribatlar törətməyə təhrik olunurlar. Bu da ona işarədir ki, Ermənistan — Azərbaycan müharibəsi fəsadlarının aradan qaldırılması məsələsində, artıq, Azərbaycan Respublikasının perspektiv və çox zəngin bir dövlət olduğunu yaxşı başa düşənlərin və bunu qəbul edə bilməyənlərin təqsir və günahlarına görədir ki, bu iki dövlət  arasında sülh sazişinin əldə edilməsi istəyinin tezliklə reallaşması mümkün deyil. 
         Şübhəsiz ki, bütün aktual məsələlərin həll olunacağı hərtərəfli Ermənistan — Azərbaycan münasibətlərinin nizamlanması istiqamətində verilən tapşırıqlar, birbaşa, bu istiqamətdə əldə olunan yüksək nəticənin əhəmiyyətinə dəlalət etməlidir. Lakin Azərbaycan məğlub Ermənistanı öz dar qılafına soxduqca, onu
lap dəliyə dönməyə təhrik edənlərin, 44 günlük tarixi savaşda, xahişlə, bu təcavüzkarı tam darmadağından son anda xilas etdirənlərin, onu faktiki ipdən alan, daha 25 min əsgərini ölümə tuş gəlməkdən qurtaran havadarlarının olduğu heç şübhəsizdir.
         Nəticəsi baxımından, ölkəmiz üçün daha əhəmiyyətli olan bu savaşdakı tarixi uğur, həm də, hazırda Azərbaycana göstərilən yüksək münasibətin və onun rəhbərinin dünyada getdikcə artan böyük nüfuza malik olmasının inkarolunmaz göstəricisidir. Demək olar ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində, artıq, Qarabağ savaşı müstəvisində yeni danışıqlar forması da yaranıb”.
          Daha sonra, partiyanın Bəyanatında, xüsusi olaraq o da vurğulanır ki, çoxdan planlaşdırdığı dəhşət dolu bu növbəti təxribatlar, bu yağı düşmən dövlətin, illərdi tutduğu təcavüzkar düşmən mövqeyindən və işğalçı hərəkətlərindən hələ də əl çəkə bilmədiyinin daha bir sübutudur: “Bütün bunlara baxmayaraq, Ermənistan silahlı qüvvələrinin iki dövlətin sərhədində törətdiyi bu dəfəki təxribatların qarşısı da, ordumuz tərəfindən layiqincə alındı, bu istiqamətdə qarşıda duran bütün müvafiq vəzifə və tapşırıqlar layiqincə yerinə yetirildi. Bir sözlə, təcavüzkar Ermənistanın növbəti bağışlanmaz təqsir və günahının nəticəsi olan murdarlıq və iyrəncliklərlə dolu təxribat planları tam olaraq məhv edilərək, aradan tam qaldırıldı. Hazırda   Azərbaycan Respublikasının Silahlı Qüvvələri sərhəd boyunca operativ vəziyyətə tam nəzarət edir və bir partiya olaraq, bunu alqışalayiq hesab edirik. Elə, bunu da, nəinki Avropada, hətta dünyanın bir çox yerində artıq perspektiv və çox zəngin bir dövlət kimi qəbul edilən Azərbaycan Respublikasının və onun, öz uğurlu siyasəti nəticəsində, sülh danışıqlarında yeni formanı yaradan rəhbərinin böyük nüfuzlarının daha bir göstəricisi hesab edirik. Bütün bunlar, əslində, sərhədlərin delimitasiyası və demarkasiyası üzrə işləri sürətləndirməlidir. Lakin Ermənistan bu istiqamətdə irəliləməyə hazır olduğunu hələ də bildirmək istəmir. Halbuki, sülh sazişi ən əsas məsələni, sərhədlərin qarşılıqlı tanınmasını, digər bir sadə anlamda desək, Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasını təmin edəcək. Bu reallıq regionda Azərbaycanın siyasi, hərbi, iqtisadi və ticarət üstünlüyünün, eləcə də Prezident İlham Əliyevin liderlik qabiliyyətinin ifadəsidir. Artıq beynəlxalq təşkilatlar da, Avropa İttifaqının Azərbaycan Prezidenti ilə yaxın təmaslarını Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasının mühüm amili kimi görürlər. Ona görə də, erməniləri bu təhlükəli işlərə təhrik edənlər, bu uğurumuzu heç cür həzm edə bilmirlər”.
 
           Partiya Bəyanatının sonunda isə, çoxsaylı partiya üzvləri adından bu önəmli məqamlar qeyd olunur:

   

“Azərbaycan Respublikaçılar Partiyası olaraq bildiririk ki, Vətən Müharibəsindəki tarixi qələbə, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, artıq, diplomatik müstəvidə Azərbaycanın qələbəsini təmin və danılmaz edib. Hazırda Ermənistanda gedən proseslər və erməni cəmiyyətində hökm sürən əhval-ruhiyyə də onu göstərir ki, Azərbaycan Prezidentinin siyasi-diplomatik səyləri böyük səmərə verir və Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək cəhdlərini iflasa uğradır. Avropanın beynəlxalq nüfuza malik bir çox təşkilatları da, bunu dəstəkləyir. Məhz ona görə ki, həm də 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və bu ciddi məsələdə, yalnız, Azərbaycan tərəfindən, onun öz mövqeyi çərçivəsində yaranmış yeni reallığa əsaslanır, öz dəstəyi hesabına, Ermənistan və Azərbaycan arasında birbaşa xeyir verə biləcək danışıqları nəzərdə tutan yeni mexanizm və format yaradır”. 
 IMG 20220612 WA0001
Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.