Ali Məhkəmədə Mehparə Əhmədovanın sədrliyi ilə “Azadlıq Radiosu”nun azadliq.org, “Azadlıq” qəzetinin azadliq.info saytlarının, habelə xaricdən yayımlanan “Turan” TV-nin və “Azərbaycan saatı” verilişinin bloklanması ilə bağlı kassasiya şikayətinə baxılıb.
Məhkəmə şikayəti təmin etməyib və Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Xatırladaq ki, 2017-ci ilin martında Azərbaycanda bir sıra müxalif və müstəqil resurslara, o cümlədən yuxarıda qeyd edilən resurslara giriş bloklanıb.
Rabitə Nazirliyi əvvəlcə bu məsələdə əli olmadığını bildirib. Amma məhkəmə təhqiqatı zamanı məlum olub ki, Rabitə Nazirliyi Baş Prokurorluğun təqdimatı əsasında bu addımı atıb.
2017-ci il mayın 12-də Səbail Rayon Məhkəməsinin qərarı ilə azadliq.org, azadliq.info, “Meydan” TV, “Turan” TV və www.azerbaycansaati.tv saytlarının bloklanması təsdiq edilib. 2017-ci ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb.
Bugünki iclasda “Azadlıq Radiosu”nun nümayəndəsi Adil İsmayılov dünyada 35 mln. insanın bu radio şirkətinin saytını oxuduğuna diqqət çəkib. “Azadlıq Radiosu” ABŞ Konqresi tərəfindən maliyyələşdirilir və etik jurnalistika normalarını pozmur. Radionun materialları beynəlxalq hüquq və milli qanunvericiliyə hörmət normalarına uyğun hazırlanır.
O, məhkəmənin qərarını qanunsuz adlandırıb və aşağı instansiya məhkəmələrinin qərarlarını ləğv etməyə çağırıb.
Hüquqşünas Nəqliyyat Nazirliyinin üç sayta qarşı birlikdə iddia verilməsinin əsassız olduğunu bildirib. Bununla belə, Ali Məhkəmə şikayətləri təmin etməyib.
2014-cü ilin dekabrında Azərbaycan hakimiyyəti “Azadlıq Radiosu”nun Bakı Bürosunu bağlayıb.(Turan)
araz.az xəbər portalı.