11 aprel prezident seçkilərindən sonra hökumətin tərkibində gözlənilən dəyişikliklər oldu. Prezidentin andiçmə mərasiminin dərhal ardından başlayan islahatlar icra strukturlarını da əhatə etməkdədir. Artıq indiyə qədər 6 icra başçısı dəyişdirilib.
Axar.az xəbər verir ki, vəzifəsindən ilk azad edilən icra hakimiyyətinin başçısı Bakı şəhər meri Hacıbala Abutalıbov oldu. H.Abutalıbov tutduğu vəzifədən azad edildi və baş nazirin müavini vəzifəsinə təyinat aldı. Hələlik, Bakı meri vəzifəsi vakantdır.
17 may tarixində Binəqədi rayonunun icra başçısı Xaləddin İsgəndərov Prezidenti İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edildi. Yerinə isə dünən, 6 iyun tarixində Elxan Allahverdiyev təyinat aldı.
X.İsgəndərovdan cəmi bir gün sonra, 18 may tarixində həmkarı, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov vəzifəsindən kənarlaşdırıldı. Elə həmin gün digər sərəncamla Rövşən İbrahimov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi.
Bir neçə gün öncə isə Ramiz Yediyarov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi. Sabiq başçı bundan sonra heç yerə təyinat almadığı kimi, boş qalan postuna da təyin edilən olmayıb.
6 iyun tarixində Ağdam rayon icra başçısı Raqub Məmmədov, bir gün sonra, 7 iyun tarixində isə Tovuz rayon icra başçısı Tofiq Zeynalov vəzifəsindən uzaqlaşdırıldı.
R.Məmmədovun yerinə təyinat baş tutmasa da, T.Zeynalovun vəzifəsini bundan sonra Məmməd Məmmədov icra edəcək.
Bakı da daxil olmaqla, dəyişən 6 rayon icra başçısından 3-nün yerinə təyinat olsa da, hazırda Bakı, Gədəbəy və Ağdamın icra başçı yoxdur.
Maraq doğuran və ictimaiyyət tərəfindən məmnunluqla qarşılanan məqamlardan biri də yeni təyin edilən başçılar haqda “0 informasiya” olmasıdır. Belə ki, yenilərlə bağlı hər hansı ciddi məlumat yoxdur, onların adı hansısa qalmaqalda və ya neqativlikdə hallanmayıb.
Bu da onlara olan inamı daha da artırır.
Millət vəkilləri, politoloqlar hesab edir ki, bu tendensiya davam edəcək və daha bir neçə rayon yeni icra başçısı ilə təyin ediləcək.
Millət vəkili Zahid Oruc bu dəyişikliklərin gözlənilən olduğunu və bununla bağlı prezidentin də elə ötən il xəbərdarlıq etdiyini bildirib. O bildirib ki, ötən ilin sonlarında Prezident İlham Əliyevin ilin yekunları ilə bağlı toplantısında icra başçılarına yönəli çıxışı, onlara müəyyən vaxt verməsi əslində bu dəyişikliklərin xəbərçisi idi.
Sitat: “Biz icra orqanlarının işinə cəlb olunan investisiyaların miqdarına, açılan iş yerlərinə, yaradılan ümumdaxili məhsula və s. görə qiymət verəcəyik”.
Görünən odur ki, qiymətləndirmə zamanı “2”-yə layiq iş görənlər kəsilir və sistemdən xaric edilir.
Deputat Vahid Əhmədov da işləməyən icra başçılarına heç bir şans verilməyəcəyini, birdəfəlik vəzifədən azad ediləcəyini bildirmişdi. Millət vəkilinin sözlərinə görə, yeni təyinatlar davam edəcək:
“Hansı icra başçıları işləyir, yeni iş yerləri açır və müəyyən investisiya yatırımında iştirak edirlər, onlar öz vəzifələrində qalacaqlar. Bir millət vəkili olaraq mütəmadi rayonlarda oluram. Elə icra başçıları var ki, onlar çox yaxşı işləyirlər. Onlarla bağlı hər hansı dəyişiklik gözlənilmir. Amma işləməyənlərlə bağlı tədbirlər görüləcək”.
araz.az xəbər portalı.