Fransa Prezidenti Emmanuel Makronun Qarabağla bağlı hamını qəzəbləndirən son Bəyanatı ətrafında gedən müzakirələr, hələ də səngimək bilmir və belə gedişlə, heç səngiyənə də oxşamır. Onun bu yöndən verdiyi təkliflər kimləri narazı salmayıb?! Hətta bu təkliflər, beynəlxalq siyasi sistemdə Fransaya daha yaxın Britaniya və ABŞ-ın da qəzəbinə səbəb olub. Hədsiz narazı və qəzəbl Rusiya Prezidenti Vladimir Putin isə, fransalı həmkarı Emmanuel Makronun Rusiyanın Azərbaycan — Ermənistan münasibətlərinin nizamlanmasındakı mövqeyi ilə bağlı açıqlamalarını, Azərbaycan Prezidenti İlham Əliyev cənabları kimi, qəbulolunmaz adlandırıb.
Beynəlxalq səviyyədə qəbulolunmaz adlandırılan bu Bəyanatla bağlı, hədsiz narazı Azərbaycan siyasətçiləri də, neçə vaxtdır, öz kəskin xarakterli münasibətlərini ortaya qoyurlar. Bu barədə, araz.az-a açıqlama verən Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov da, öncə, Emmanuel Makronun Qarabağla bağlı Bəyanatına “qəbuledilməz donu geydirib” və sonra, xüsusi olaraq onu vurğulayıb ki, onun bu Bəyanatı, Qarabağ məsələsində şəxsən özünün və rəhbəri olduğu Fransa dövlət hakimiyyətinin mümkün gizli əsl planlarının nə olduğunu,
bunun nəyə hesablandığını aşkarlayaraq, tam şəkildə üzə çıxarıb: “Bir daha xatırlatmaq istəyirəm ki, Emmanuel Makronun Fransa televiziyasına verdiyi müsahibəsi gözlənilməz oldu. Təxminən 1 saatlıq müsahibəsində, Fransa lideri, Azərbaycan — Ermənistan münaqişəsindən, Ukraynadakı müharibədən və Rusiyadan gələn təhlükələrdən danışdı. Fransa Prezidenti, hətta Rusiyanı Cənubi Qafqazda pozuculuq fəaliyyətində, Azərbaycan — Ermənistan münasibətlərinin normallaşmasında əməli addım atmamaqda ittiham etdi. Elə, onda, Emmanuel Makronun nədən belə təşəbbüslə çıxış etməsi, başa düşülən olmadı. Yalnız onu anlamaq mümkün oldu ki, bu ilin əvvəlindən Avropa İttifaqına sədrliyin Fransaya keçməsi səbəbindən, Paris bütün istiqamətlərdə, istədi-istəmədi, fəallıq nümayiş etdirməlidir. Məhz bu səbəbdən, Makron həm Qarabağ, həm də Ukrayna barədə, dəfələrlə, ağlasığmaz və gözlənilməz açıqlamalar verib. Lakin belə görünür ki, onun son dedikləri, əvvəlkilərdən daha çox geniş reaksiya doğurub.
Açıq-aydın görmək olur ki, Avropa İttifaqının hazırki sədri, Azərbaycanla Ermənistan arasında moderatorluğa da can atır. Çalışır ki, ancaq Fransanın moderatorluğu Azərbaycanda əsas rol oynasın. Bunun da əsas səbəbi ona köklənir ki, Fransanın siyasi dairələri Ermənistanın mövqeyini müdafiə etdiklərini gizlətmirlər, ayrı-ayrı siyasətçiləri isə, hər yerdə Qarabağ separatçılarına dəstək ifadə etməkdən çəkinmirlər. Fransanın, Azərbaycanla Ermənistan arasında əsas vasitəçi olmaq üçün, xarici siyasətinin bu istiqamətini, çoxdandır ki, korrektə etmək istəmədiyini danmaq da mümkünsüzdür. Mövcud reallıq isə, birbaşa ona işarədir ki, Parisin bu ciddi məsələdə moderatorluğu heç bir işə yaramaz.
Əgər Makron yeni seçkilərdə Fransanın Prezidenti olmaq istəyirsə, xarici siyasətində, bu istiqamətdə olan fəallığını daha da artırmalıdır. Bu da, Fransada nüfuz sahibi olan, sözləri hər yerdə keçən, Ermənistan tərəfdarı olduqlarını gizlətməyən əksər tanınmış siyasətçilərin tələbləridir. Makron isə, bu tələblər qarşısında acizlik nümayiş etdirərək,
“France – 2” telekanalına müsahibəsində də deyib ki, son vaxtlar, Moskva gərginliyi Azərbaycanın xeyrinə qızışdırmaqla məşğuldur.
Makron bu müsahibəsində, sərhəddə nələrin baş verdiyindən də danışıb. Onu da deyib ki, son iki ildə 5000 nəfər Rusiya əsgəri, guya, sərhəddə təhlükəsizliyi təmin etmək üçün orada yerləşir, lakin ruslar, bir neçə yüz illik münaqişədən istifadə edib, Türkiyənin də iştirakı ilə, Azərbaycanla oyuna qatılıb və nə vaxtsa, yaxın olduqları bir ölkə olan Ermənistanı zəiflətmək üçün geri dönüb.
Baxın, Əliyev və Paşinyan sülh istədiklərini: “İlin sonunadək razılaşmaya nail ola bilərik!” — deyərək, dəfələrlə vurğulasalar da, sülh sazişi bağlamaqda onlara nəyin mane olduğu gözlərimiz qarşısındadır.
Məhz buna görədir ki, Fransa liderinin verdiyi bu Bəyanata, Bakının reaksiyası daha sərt olub. Azərbaycan Prezidenti Emmanuel Makronun sözlərini “təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli” iftiralar adlandırıb. Sərt şəkildə onu da deyib ki, Azərbaycan, bundan sonra, Fransa hökumətinin belə münasibəti çərçivəsində, Azərbaycan — Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmür.
Möhtərəm Prezident Makronun çıxışını, Azərbaycanla bağlı faktların manipulyasiyası da adlandırıb. Doğrudan da, cənab Əliyevin dediyi kimi, həmin Bəyanat, Fransa və dünya ictimaiyyətini çaşdırmağa bir cəhddir. Göründüyü kimi, əvvəllər olduğu kimi, Fransa, indi də, Azərbaycan əleyhinədir. Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri olarkən, Qarabağ məsələsində vasitəçilik missiyası olub, amma onda da, Minsk Qrupu heç bir iş görməyib. Bu da, deyilənlərin daha bir sübutudur.
Cənab Prezidentin qəti şəkildə dediyi kimi, biz də, Emmanuel Makronun Rusiyanın, guya, Dağlıq Qarabağ münaqişəsindən Cənubi Qafqazda sabitliyi pozmaq üçün istifadə etdiyi barədə açıqlamalarını qəbuledilməz hesab edirik”.
Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov özünün bu açıqlamasında, bu mövzu ilə bağlı, ictimai maraq doğuran bir çox məqamlara da toxunub. Eyni zamanda, xüsusi olaraq vurğulanmalı məqamlardan biri kimi, dəfələrlə, onu qeyd edərək, bildirib ki, Fransa televiziyasına danışan Emmanuel Makron, bununla, əsl planlarının nə olduğunu aşkarladıb: “Elə, buna görə də, Makronun bu açıqlaması nəinki bizim ölkəmizdə, eləcə də, ona siyasi yöndən daha yaxın ölkələrdə belə hədsiz qınaqla qarşılanıb. Halbuki, Fransa da, indiyədək, etirazçı həmin ölkələrdən ABŞ və Böyük Britaniya ilə, Qarabağ münaqişəsində eyni mövqe sərgiləyib. Birdən-birə mövqe dəyişikliyi isə, gözlənilməz və qəzəb doğuran olub. Məhz buna görə də, son vaxtlar, Azərbaycan Ermənistanın verdiyi təklifləri də, qeyri-real adlandırıb. Hətta Levon Ter-Petrosyanın: “Azərbaycan və Türkiyə ilə müqavilələr imzalanmalıdır, başqa yol yoxdur!” — deməsini də, absurd adlandırıb”.
Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.