Azərbaycan Respublikaçılar Partiyasının sədri, “Siyasi partiyalar haqqında” qanun layihəsinin ictimai müzakirəsini nəzərdə tutan və siyasi partiya liderlərinin iştirakı ilə keçirilən Milli Məclisin genişləndirilmiş iclasındakı çıxışından danışdı
“Belə hesab edirəm ki, ümumiyyətlə, qanun layihəsinin daha mütərəqqi səviyyədə hazırlanmasında, Milli Məclisin iclasına dəvətli siyasi partiya rəhbərlərinin, qızğın müzakirələr zamanı təqdim etdikləri vacib təkliflərinin rolu böyük, faydası yüksək səviyyədə olacaq!”
Son vaxtlar, zamanın tələblərinə uyğun olaraq, Azərbaycanda qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədi ilə, mövcud dövlət qanunlarına böyük ehtiyac duyulan əlavə və dəyişikliklər edilir, eləcə də bütün sahələrin fəaliyyətini dövlətin maraqları səviyyəsində hərtərəfli tənzimləyən yeni mütərəqqi qanunların qəbul olunması istiqamətində önəmli addımlar atılır. Ümumiyyətlə, mövcud dövlət qanunlarına əlavə və dəyişikliklərin edilməsi, yeni mütərəqqi qanunların qəbul olunması, həm də Azərbaycanda qanunvericilik bazasının təkmilləşdirilməsinin daimiliyinin inkarolunmazlığını təsdiq edir. 30 il bundan əvvəl qəbul olunan, öz qüvvəsini indinin özündə belə, hələ də itirməyən “Siyasi partiyalar haqqında” Qanunu tezliklə əvəz edəcək və hazırda layihəsinin müzakirəsi ciddi şəkildə aparılan eyniadlı yeni Qanun da, dediklərimin daha bir sübutu olacaq və elə, bu məqsədlə hazırlanıb. Bunu, müzakirəyə təqdim edildikdən dərhal sonra, bu növbəti qanun layihəsi ətrafında həm dövlət xətti ilə rəsmi, həm də ictimai-siyasi səviyyələrdə olduqca ciddi və vacib müzakirə tədbirlərinin başlanmasına start verilməsi və indiyədək davam etməsi də təsdiq edir.
Belə vacib, vacib olduğu qədər önəmli tədbirlərdən biri də, siyasi partiya rəhbərlərinin iştirakı ilə, yeni hazırlanan bu qanun layihəsinin ictimai müzakirəsini nəzərdə tutan və keçiriləcəyi bir müddətdir planlaşdırılan, nəhayət keçirilməsi ötən bazar ertəsi baş tutan Milli Məclisin genişləndirilmiş növbəti iclası oldu. Ölkənin ictimai-siyasi elitasını hədsiz maraqlandıran bu tədbirə rəsmən dəvətli siyasi partiya liderlərindən biri də, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı, araz.az-a, bir müddət öncə geniş açıqlama verən Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədovdur. O, həmin açıqlamasında da, yeni qanun layihəsinə rəhbəri olduğu partiyanın münasibətini bildirib, daha mükəmməl hazırlanmasında vacib bilib, irəli sürdükləri təkliflər və etirazlarına səbəb ciddi məsələlər barədə ətraflı danışmışdı. Onu da bildirmişdi ki, Milli Məclisdə siyasi partiya rəhbərlərinin iştirakı ilə keçiriləcəyi planlaşdırılan və yeni qanun layihəsinin müzakirəsinə həsr olunacaq bu iclasa o da dəvətlidir. Və iştirak edəcəyi bu iclasda müzakirələrin gedişi zamanı, mütləq, partiya üzvlərinin önəmli saydıqları təkliflərin yeni Qanuna salınmasının vacibliyini xüsusi olaraq qeyd edəcək.
Sübut Əsədovla bu dəfəki söhbətimiz də, elə, bu mövzu ətrafında oldu. O, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai müzakirəsini nəzərdə tutan və siyasi partiya liderlərinin iştirakı ilə keçirilən Milli Məclisin genişləndirilmiş iclasındakı çıxışından danışdı: “Xəbər portalınıza açıqlamamda dediklərimi, təklif və etirazlarımızı, tam olaraq, Milli Məclisdəki çıxışımda da səsləndirdim (Partiya sədrinin həmin açıqlaması barədə olan araz.az-ın həmin yazısının linkini, daha ətraflı tanış olmaları üçün, dəyərli oxucularımızın diqqətinə çatdırırıq:
https://araz.az/index.php/dizh-r/saenin-statusun/8-guend-m/22172-az-rbaydzan-respublikadzilar-partiyasinin-s-dri-subut-s-dov-siyasi-partiyalar-hagginda-yeni-ganun-layih-sind-n-danisdi-munasi-b-t-t-kli-fl-r-v –red.). Azərbaycan Respublikaçılar Partiyası adından, iclasda da qəti şəkildə bildirdim ki, mövcud Qanun ötən dövrün reallıqlarını əks etdirir. Artıq 30 il keçib və ölkəmizdə yeni reallıqlar yarandığına, yeni siyasi konfiqurasiya formalaşdığına görə də, elə, Azərbaycanın inkişaf dinamikasına adekvat belə bir yeni Qanunun qəbul edilməsi vacibdir. Bunu, ortaya çıxaran da, elə, zamanın tələbidir. Konkret desək, ölkəmizdə formalaşan yeni siyasi konfiqurasiya, müasir çağırışlar, dünyada baş verən yeni tendensiyalar, qanunvericilik sahəsində də, vacib siyasi sistemin təkmilləşdirilməsi üçün, Milli Məclis tərəfindən lazımi addımların atılmasını və “Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanmasını zəruri edib. Bu layihədə, 30 il bundan əvvəl — 1992-ci il 3 iyun tarixində qəbul edilən, cəmi 4 fəsildən və 20 maddədən ibarət “Siyasi partiyalar haqqında” hazırkı Qanundan fərqli olaraq, siyasi partiyalarla bağlı məsələlərin, hətta 6 fəsil və 30 maddə ilə tənzimlənməsi irəli sürülüb.
Açıqlamamdakı kimi, bu çıxışım zamanı da, xüsusi olaraq onu vurğuladım ki, bu yeni qanun layihəsinin İlkin variantında, Azərbaycanın radikal bir-neçə müxalif siyasi partiyasının, ölkədə demokratiyanın məhdudlaşdırılmasına yönəldiyini ağıllarına gələn yalanlarla aləmə car çəkməyə təkan verən xoşagəlməz məqamlar da var. Düzdür, iqtidaryönlü partiyanı təmsil etsək də, biz də, razılaşmadığımız bəzi məqamları əvvəlcədən bəyan etmişik. Amma ifrat dərəcədə, ağla gələn yalanlarla yox! İqtidaryönlü bir partiya olaraq, bizsə, onlar dediklərinin daha normal və lazımi variantlarını düşünmüşük. Çünki bu qanun layihəsində, əsasən, siyasi partiyaların yaradılması, qeydiyyata alınması və ləğvi qaydalarında dəyişikliklər, siyasi partiyanın fəaliyyətinə qanun çərçivəsində nəzarət təklif olunur. Qanun tələbələrindən qaçmaq isə, qəti qadağandır.
Bu yerdə də, bir daha qeyd etmək istəyirəm ki, ümumiyyətlə, yeni Qanun layihəsinin dediyim xoşagəlməz şərtləri də olmaqla, belə bir formada qəbul edilməməsi daha yaxşı olardı. Axı, belə bir vacib və lazımi sənəddə, maksimum və ifrat normada olan sərt tələblərin müəyyən edilməsi, birbaşa xoşagəlməzlik əlamətləri deməkdir. Bunları, birbaşa, yeni Qanundakı bəzi konstruktivlik əlamətlərinə qarşı da hesab edirik. Elə etməliyik ki, belə xırdalıqlar, yeni Qanunun, konstruktivliyi göz qabağında olan bir çox önəmli və vacib əlamətlərini heçə endirməsin.
Yeri gəlmişkən, bütün açıqlamalarımda olduğu kimi, çıxışlarımda da onu qeyd etmişəm ki, neçə müddət idi, ölkənin media vasitələrində “Siyasi partiyalar haqqında Qanun”un dəyişdirilməsinin vacibliyi xüsusi olaraq qeyd olunurdu. İndi isə, mövcud Qanunun qalmasının daha yaxşı olacağı ilə bağlı deyilənlər, bir sözlə, belə danışmaq, süni şəkildə narazılıq yaratmaqdan başqa bir şey deyil”.
Partiya sədri açıqlamasında onu da qeyd edib ki, müzakirəyə təqdim edildikdən dərhal sonra, bu partiyada da, bu növbəti qanun layihəsi ətrafında olduqca ciddi müzakirə tədbirlərinin keçirilməsinə başlanıb. Startını götürdüyü gündən indiyədək davam edən bu çoxsaylı tədbirlər zamanı, apardıqları sanballı müzakirələrin son nəticəsi olaraq, Respublikaçılar belə qənaətə gəliblər ki, hazırkı dövrdə müzakirəsi gedən yeni qanun layihəsi, ilkin versiya olmasına baxmayaraq, mütərəqqi olması ilə də fərqlənir: “İclasdakı çıxışımda da, xüsusi olaraq, onu da vurğuladı ki, bu önəmli prosesin biz Respublikaçılardan aldığı ən yüksək qiymət, həm də ona bir işarədir ki, bu vacib qanun layihəsini mütərəqqi edən başlıca amillərin ən əsası, hakimiyyətin ən yuxarı qatından layihənin hazırlanmasına dövlət qeydiyyatına alınmış əksər siyasi partiyaların cəlb edilməsi göstərişi olub. Keçirdiyimiz həmin müzakirələrdə, bu ilin iyul ayında, layihə ilə bağlı təkliflərini təqdim etmək üçün, dövlət qeydiyyatına alınmış siyasi partiyalara Milli Məclisin Müraciət ünvanlamasını, ölkənin bu ali qanunverici orqanı tərəfindən atılan önəmli addım kimi yüksək qiymətləndirdik. Bu zaman, xüsusi olaraq onu da qeyd etdik ki, ötən müddət ərzində, bu layihənin hazırlanmasına cəlb olunan ölkənin 39 siyasi partiyasının, özlərinin səmərəli, məqsədyönlü və önəmli təkliflərini, rəsmi olaraq, Milli Məclisə təqdim edə bilməsi, elə, bu Müraciətin ən əsas müsbət nəticəsidir. Çünki yeni Qanunun hazırlanmasında bu təkliflərdən lazımınca istifadə olunub. Konkret desək, yeni Qanun layihəsinin mütərəqqi səviyyədə hazırlanmasında, həmin siyasi partiyaların təqdim etdikləri vacib təkliflərin rolunun böyüklüyü və faydasının yüksək səviyyədə olması danılmazdır”.
Bu söhbətimiz zamanı, partiya sədri bir daha onu qeyd etməyi vacib bildi ki, Azərbaycan Respublikaçılar Partiyasında bu mövzu ətrafında gedən müzakirələrdə, hətta, “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsinin ilkin variantında olan və müxalifyönlü partiyaların uydurmalı daha çox yalanlar danışmasına təkan verən bəzi epizodlar tənqidi qiymətləndirilib. Sübut Əsədovun dediyinə görə, bu sənəddə siyasi partiyanın təsis edilməsinə dair müəyyənləşdirilən yeni tələblər içərisində, partiyaların fəaliyyətinin, faktiki olaraq, sərt rəqəmlərə bağlı normalara tabe tutulması, Azərbaycan Respublikaçılar Partiyası tərəfindən düzgün hesab edilməyib.
“Dedim ki, axı, doğrudan da, siyasi partiyanın təsisi və dövlət qeydiyyatına alınması üçün, üzvlük sayı tələbinin 10 dəfə artırılıb, azı 10000 nəfərə çatdırılması heç bir məntiqə uyğun deyil. Ümumiyyətlə, partiyaların fəaliyyəti rəqəmli göstəricilər və partiya üzvlərinin sayı ilə deyil, ideologiyası və dünyagörüşü ilə müəyyən edilməlidir. Üzvlərinin sayı çox olan partiya ciddi siyasi qüvvəyə çevrilmir. Bir daha deyirəm ki, üzvləri içərisində tanınmışların, aktiv siyasilərin və ictimai xadimlərin çoxluq təşkil etdiyi siyasi partiyalar, sosial bazası çox hesab olunan siyasi qurumlar kimi özlərini tanıda bilirlər. Elə, ölkənin ictimai-siyasi həyatında da, indiyədək, üzvlərinin sayı çox olanlar yox, ideologiyasının təsiri qabarıq şəkildə özünü göstərən partiyalar böyük siyasi qüvvə kimi özünü göstərə biliblər.
Sonda, bir daha qeyd edirəm ki, ümumiyyətlə, zamanın tələbi olan “Siyasi partiyalar haqqında” yeni Qanunun daha konseptual olması üçün, bir siyasi partiya kimi, elə ilk gündən müzakirələrdə daha aktiv olmağı əsas vəzifəmiz bildik. Və Azərbaycan Respublikaçılar Partiyası olaraq, sonda belə qənaətə gəldik ki, bu qanun layihəsinin hazırlanması prosesi demokratik və şəffaf şəkildə təşkil edilib. Bunu, eyni zamanda, sözügedən qanunun hazırlanmasına hakimiyyət tərəfindən göstərilən diqqətin və həssaslığın göstəricisi kimi bəyan etdik. İclasda, yeni hazırlanan qanun layihəsinə münasibətimizi bildirəndə, vacib bildiyimiz təkliflərimizi açıqladım və qeydiyyatlı partiyaların təkrar qeydiyyata alınması məsələsinə etirazımızı daha ciddi şəkildə çatdırdım. Bunu, çox böyük səhv addım kimi qiymətləndirdim.
Belə hesab edirəm ki, ümumiyyətlə, qanun layihəsinin daha mütərəqqi səviyyədə olmasında, Milli Məclisin iclasına dəvətli siyasi partiya rəhbərlərinin, qızğın müzakirələr zamanı təqdim etdikləri vacib təkliflərin rolu böyük, faydası yüksək səviyyədə olacaq!” — “Siyasi partiyalar haqqında” qanun layihəsinin ictimai müzakirəsini nəzərdə tutan və siyasi partiya liderlərinin iştirakı ilə keçirilən Milli Məclisin genişləndirilmiş iclasındakı çıxışı ətrafında söhbətimizi Sübut Əsədov belə yekunlaşdırdı.
Rəşad CƏFƏRLİ,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.