Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşovun APA-ya müsahibəsi:
– Son zamanlar internet medianın problemləri müzakirə olunmaqdadır. Bu baxımdan yeni yaradılmış Media Klubu aktivlik göstərir. Bu barədə Siz nə düşünürsünüz?
– İstənilən prosesin müsbət nəticələr verməsi bu prosesdə iştirak edənlərin niyyətindən, məramından asılıdır. Təəssüf ki, bir çox hallarda niyyət və məram fərqli olur. Gəlişigözəl fikirlər məqsədi bir növ, məchul saxlayır. Buna görə də indidən nəyin, hansı fikrin və xəttin müsbət sonluq gətirəcəyini söyləmək çətindir. Amma bir məqam qətidir – internet media ilə bağlı məsələlər qaydasına düşməlidir. Bunu dəfələrlə parlament tribunasından da bildirmişəm. Konkret təkliflər vermişəm, əsaslandırmışam.
Bəli, internet medianın hüquqi statusu müəyyənləşdirilməlidir. Yəni o, kütləvi informasiya vasitəsi statusuna malik olmalıdır. Bu, bütövlükdə cəmiyyətin mənafeyi baxımından vacibdir. Hüquqi status internet media orqanının KİV üçün olan imtiyazlardan bəhrələnməsi deməkdir. Bu mexanizmin tətbiqi nəticəsində cəmiyyət də onun fəaliyyətini mübahisələndirmək imkanı əldə edəcək.
Təsəvvür edin, indiki halda məhkəmələr internet media vasitələri barədə qərar çıxarmaqda çətinlik çəkirlər. Eləcə də Mətbuat Şurası olaraq biz. Bəzən, barəsində şikayət olunan hansısa saytın ünvanını tapmaq, ümumiyyətlə, mümkün deyil. Bilmək olmur ki, orada yazan, idarə edən kimdir. Nəticədə məsuliyyətsizlik mühiti formalaşır. Bu isə öz növbəsində gərginlik yaradır.
Ümumən bir çox cəhətlərə toxunmaq mümkündür və Mətbuat Şurası olaraq toxunmuşuq da. Məsələ Media Klubu və qeyri-təşkilatın müzakirə açmasında deyil. Əlbəttə, konstruktiv müzakirə, xoş niyyət varsa, müsbət sonluqlar olacaq. Əsas olan yanaşmadır. Belə görürəm ki, klubun yanaşmasında ciddi problemlər var.
– Media Klubunun toplantısında Mətbuat Şurasının ünvanına da ittihamlar səslənib. Bununla bağlı nə deyə bilərsiniz?
– İttiham etmək çox asandır, ancaq hətta ittiham etmək əzmi belə səmimi olmalıdır, hansısa maraqlardan irəli gəlməməlidir. Əks halda, qərəz təsiri bağışlayacaq. Hər halda bizim də bildiyimiz bir çox şeylər var.
Bildirilir ki, dövlətin kütləvi informasiya vasitələrinə, o cümlədən internet mediaya münasibətdə siyasəti dəyişməlidir. O da bildirilir ki, KİV-lərin bu problemə uzun müddət konstruktiv yanaşma təcrübəsi uğursuz olub. Məncə, hansı mesajların verildiyi çox aydındır və bu mesajları verənlər vaxtilə bu gün ittiham etdikləri Mətbuat Şurasında təmsil olunublar. Onlar vaxtilə mövcud olmuş Bakı Mətbuat Klubu ideyasının tarixə çevrilməsində hakimiyyətin Mətbuat Şurası planını əsas kimi göstərirlərsə, nəzərə alınmalıdır ki, özləri də həmin planın içərisində olublar. İndi özlərini elə aparırlar ki, sanki Mətbuat Şurasından ayrılma səbəbləri hansısa ideoloji baxış fərqləridir. Birlikdə nə təklif etmişdiksə, həyata keçib. İstər mediaya dövlət dəstəyi Konsepsiyası olsun, istərsə də ona uyğun olaraq yaradılmış KİV-ə Dövlət Dəstəyi Fondu.
Ona görə həyata keçib ki, proseslər dövlətin də maraqlarına cavab verirdi. Yəni dövlət ümumən mediaya diqqət və qayğını prioritet seçirdi. Bu cəhət dəfələrlə Prezident İlham Əliyevin çıxışlarında vurğulanıb. Dövlət başçısı medianın durumuna kifayət qədər səmimi və həssas münasibət göstərib. Nəticədə dövlət üçün prioritet olan sahələr Konsepsiyada əksini tapıb. Əlbəttə, Konsepsiya fundamental dövlət sənədidir və ona uyğun olaraq daha geniş miqyaslı işlərin görülməsi mümkündür. Əminəm ki görüləcək də. Bu, günümüzün tələbidir. Eləcə də internet mediaya dövlət dəstəyinin göstərilməsi.
Bir məsələni də yadda saxlamaq lazımdır ki, Konsepsiya heç də KİV-ə dövlət dəstəyinin əbədiliyini nəzərdə tutmur. Sənəd onların müstəqilliklərinin dəstəklənməsi üçündür. Müəyyən vaxtdan sonra dövlət dəstəyindən, ümumiyyətlə, imtina oluna bilər. Dəyişəcək siyasət bu olacaq. Hədəf də budur. Ancaq hələlik başqa yol yoxdur. Əslində dövlətin media siyasətinin dəyişilməli olduğunu bildirənlərin də heç bir baxışları yoxdur. Baxışları qrup mənafelərinə xidmət platformasındakı demokratizm, mütərəqqilik imitasiyasından o yana keçmir. Yenə də deyirəm, ittiham etmək çox asandır.
– Yeri gəlmişkən, ayrı-ayrı saytların domenlərinin bloklanması da ciddi müzakirə mövzusudur…
– Hansı KİV-lərdir bloklananlar – əvvəlcə buna diqqət yetirilməlidir. Və bloklanmanı internet medianın problemi kimi qabartmaq nə dərəcədə düzgündür? Məncə, düzgün deyil. Bəli, saytların bloklanması üçün hüquqi zəmin olmalıdır və var. Bu, demokratik dövlət quruculuğunun tələbidir. Məsuliyyətsizlik, peşə dəyərlərinə hörmətsizlik varsa, buna adekvat münasibət olmalıdır. Məsələnin söz və ifadə azadlığına etinasızlıq kimi göstərilməsi sui-istifadədir.
İddia olunur ki, məhkəmə qərarı olmadan bloklanan saytlar var. Ancaq nəzərə alınmır ki, o saytlar hüquqi baxımdan KİV olmadıqları üçün onların fəaliyyətinin bu və ya digər formada dayandırılması üçün məhkəmə qərarına ehtiyac yoxdur. Əlbəttə, bir daha deyirəm, xəbər daşıyıcılarının KİV olaraq hüquqi statusa yiyələnmələri önəmlidir. Bu mexanizm tətbiq edilməlidir.
Ümumən bloklanmanın faciə kimi qiymətləndirilməsinin əleyhinəyəm. Bütün dünyada bu mexanizm tətbiq edilir. Hesab edirəm ki, qanuna düzəliş edilməli və bloklanma üçün bəlli müddət qoyulmalıdır. Bu barədə parlamentdəki çıxışımda da bildirmişəm. Nöqsan varsa, islah üçün şans tanınmalıdır. Məqsəd heç də cəzalandırmaq təsiri bağışlamamalıdır. Dünyada bu parktikadan geniş istifadə edilir. KİV-lərin fəaliyyətinin dayandırılması məsələsinə onların yol verdikləri xətanın dərəcəsindən asılı olaraq yanaşılır. Üç, beş, yeddi, on ay, bir il – konkret müddətlər seçilir. Düşünürəm ki, bizdə də oxşar mexanizmlər tətbiq edilməlidir və böyük ehtimalla ediləcək də.
Bildirilir ki, 2007-ci ildən bu günədək “KİV haqqında” Qanuna 13 dəfə məhdudlaşdırıcı xarakterli dəyişikliklər olub. Onu deyim ki, “KİV haqqında” Qanun bəlkə də ən az dəyişikliyə məruz qalan qanundur. Cəmiyyət dəyişir, reallıqlar dəyişir. Qanunlar da buna uyğunlaşdırılır. Burada faciəyə döndəriləsi heç nə yoxdur, əksinə təkmilləşdirmələr aparılır. Kimlərinsə məsələni söz və ifadə azadlığı müstəvisinə daşıması yalnız spekulyasiya mahiyyəti daşıyır. Onlar nəzərə alsınlar ki, mövcud sahədəki məsuliyyətsizlikdən, düzənsizlikdən bütövlükdə cəmiyyət əziyyət çəkir.
– Amma Media Klubunun iclasında media ilə bağlı bir çox məsələlərdən söz açıldı. Sizcə, orada səslənən fikirlərin faydalı tərəfləri üzərində dayanmaq lazım deyil?
– Əlbəttə, media ilə bağlı bütün təşəbbüslərdə fayda var. Biz hətta ən faydasız adamların belə fikirlərini dinləmişik. Bəzən dəlidən doğru xəbər eşitdiyimiz anlar olub (gülür). Media Klubuna gəldikdə, orada kifayət qədər jurnalistlik təcrübəsi olan adamlar var. Ancaq sıralarında sahəyə aid olmayanları da görürük. “Reket jurnalist” təfəkkürlü bu adamlarla bir səngərdə olmaq bilmirəm, nə dərəcədə düzgündür və belə yanaşma nə dərəcədə səmimidir. Bəlkə klubun tərkibini geniş göstərmək istəyirlər, bilmirəm…
Media Klubunun son iclasındakı məruzəyə nəzər saldım. Bəli, qəti şəkildə razılaşmadığım məqamlar var və onlardan söz açdım. Digər tərəfdən, məsələ heç də məruzədə nələrin səslənməsində deyil. Vəziyyət hər kəsə məlumdur. Məlum olmayan məsələ kimlərinsə bəlli ideya və platforma olmadan nəyisə ələ keçirmək niyyəti ilə meydana atılmasındadır.
Ayrıca sənəd müxtəlif vaxtlarda bizim səsləndirdiyimiz fikirlərin məcmusudur. Təbii, bu məcmunun yenidən gündəmə gətirilməsinin özü də cəmiyyət üçün xeyirlidir. Ancaq gərək, əməldə də səmimi və sadiq olasan ki, inam qazanasan, etimadı yerə vurmayasan. Başlıca dəyər budur və hər zaman dəyişməz qalacaq.
Bir məsələni də qeyd edim. Meydan açıqdır. Medianın gələcəyi naminə kimliyindən asılı olmayaq hər kəs mövqeyini bildirə bilər. Ancaq tənqid etməyin, irad bildirməyin də bir həddi var. Bolşeviksayağı yanaşmaq doğru deyil. “Kimlərsə mütləq getməlidir, biz gəlməliyik” prinsipi heç vaxt xeyir gətirməyib.
araz.az xəbər portalı.