20211219_004312.jpg

          Azərbaycanlı milli-mədəni fəal, Bütöv Azərbaycan Ocaqları (BAO) təşkilatı başqanının Güney Azərbaycan üzrə müavini Babək Türkoğlu, “Hüseyniyyun” terror təşkilatının Azərbaycanda apardığı provokasiyalara sərt cavab verib. Bu barədə, BAO-nun Mətbuat Xidmətindən araz.az-a daxil olan məlumatda belə deyilir:

         “Artıq bir-neçə gündür ki, “Hüseyniyyun” terror təşkilatının üzvləri müxtəlif adlarla, Azərbaycan dövlətçiliyinə və Bütöv Azərbaycana qarşı, öz aləmlərinə və düşüncə tərzlərinə uyğun qızışdırıcı provokasiyalar aparırlar. Ən dəhşətlisi odur ki, sosial yaşamları baxımından, Azərbaycan vətəndaşlarını  İran vətəndaşları ilə müqayisə edirlər. O, cümlədən, guya, çörəyin və qida məhsullarının, eləcə də benzinin qiymətlərini müqayisə edərək, özlərini haqlı göstərmək istəyirlər.

         Öncə, xüsusi olaraq onu demək istəyirik ki, hazırda Azərbaycanın 1 manatı İranın 25 min tüməni deməkdir. Dünyanın ən dəyərsiz pulunun üstündəki Xomeyni ağalarının şəkli, birbaşa, İrandakı bədbəxtliyə baxır. Müqayisələri də, özləri kimi, riyakarlıq və saxtakarlıqdan irəli gəlir; Ancaq saxtakarın biri, Azərbaycanın dəyərli qəpiyini, İranın batmış tüməni ilə müqayisə edə bilər, elə deyilmi?! Bu, həm də o deməkdir ki, İranın, yalnız və yalnız, Azərbaycan iqtisadiyyatı qarşısında gücü heçə bərabərdir”.

        Mətbuat Xidmətinin bu məlumatında xüsusi olaraq o da vurğulanır ki, İrandakı məlum iğtişaşların ən başlıca səbəbi də, insanların çox ağır yaşam tərzində olmalarıdır:  “Bunu sübut edəcək misal kimi, İran əhalisinin bu tərzdə həyat sürən böyük əksəriyyətinin, məcburiyyətdən, öz böyrəklərini satışa qoymalarını göstərmək kifayətdir. Ən acınacaqlısı isə odur ki, Azərbaycana narkotik keçirən saxtakar İran, öz ölkəsi daxilində, demək olar ki, artıq məhv olmuş bir gənclik yetişdirib. Çox təəssüflər ki, İranda gənclərin böyük əksəriyyəti, narkoman olaraq, bu zəhərin qurbanı olublar. Ümumiyyətlə, gənclərin işsizliyindən və acınacaqlı durumlarından danışanda, hədsiz təəssüf doğuran o qədər yazılası, sübuta ehtiyacı olmayan fakt və reallıqlar ortaya çıxır ki!..

      Bunlar, yazılacaq başqa bədbəxtliklərin mövzusudur, odur ki, bir daha qayıdırıq gündəmdəki mövzuya: Siz elə bilirsiniz ki, İranda başlayan xalq qiyamı, ancaq başörtüsü və ya bir qızın ölümünə görədir?! Yox, bu qiyam, birbaşa, 43 illik zülmün partlayış nöqtəsinə çatmasının bir reallıq göstəricisidir.

        Ümumiyyətlə, şovinist fars rejimi, bu ölkənin qonşuluğunda olan heç bir müsəlman ölkəsi ilə dost, müttəfiq deyildir. Əksinə, demək olar ki, müsəlmanlara qənim kəsilib. Şovinist fars rejiminin müttəfiqləri, ancaq və ancaq ateist Çin, xristian ruslar, ermənilər və onlara babalıq edən Fransadır. Axı, “kor-kor, gör-gördür!”, İranı bizə İslam ölkəsi kimi tanıtdırmaq istəyənlər, nəyə əsaslanaraq, ona müsəlman ölkəsi deyə bilirlər?! Bütün müsəlman ölkələri içində terror qruplaşmaları yaradıb, hər yerdə terrorla məşğul olan, öz ölkəsi daxilində isə, açıq-aşkar öz vətəndaşlarına cəllad kəsilən, qadına əl qaldırıb, vəhşicəsinə döyərək öldürən hansı aşağı zehniyyət sahibləri bizə qeyrətdən və ya şərəfdən dərs keçə bilərlər?!

FB_IMG_1668119337767.jpg

        Unutmayın ki, Azərbaycan Şərq Dünyasında qadına ilk seçim haqqı tanıyan və qızlar üçün, ilk məktəb açan ölkə olub. Bizim xalqın milli xüsusiyyətlərində, ümumən götürdükdə, milli dövlət prinsiplərimizdə qeyrətin nə olduğu yaxşı görünür və bunu hamı yaxşı bilir! Dədə-babalarımız demişkən: “Qeyrətsizlər qeyrətdən çox danışar, sizsə, özünüzdə olmayanın — qeyrətin davasını aparırsınız! Biz isə, əsrlər boyu parçalanmış Böyük Vətənimizi, xalqımızı zülmdən və əsarətdən xilas etmək üçün, gecə-gündüz vuruşmağa məhkumuq!”.

        Onu da qeyd etməyi vacib bilirik ki, Peyğəmbərimiz də, hədislərinin birində deyib: “Hubbul Vətən min-əl iman!”. Yəni, Vətəni sevmək imandandır! Əlbəttə, bunu, şüubiyyə nökərləri başa düşəcək bir düşüncəyə malik deyillər”.

Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbiri. 

araz.az xəbər portalı.