Vüqar DADAŞOV,
hüquqşünas, MCP SŞ-nin üzvü, Qarabağ qazisi.
İran İslam Respublikası ilə, Azərbaycan Respublikası arasında bütün müstəvilərdəki münasibətlərin getdikcə gərginləşməsi göz qabağındadır. Sözsüz ki, mövcud gərginliyin durmadan davam etməsi, öz mənbəyini, şovinist xislətli farsların azərbaycanlılara, ümumən götürdükdə, türk etnosuna qarşı tarixi və genetik düşmənçiliyindən götürüb. Açıq-aşkar müşahidə olunan bu gərginlik, əslində, şovinist fars rejiminin, son iki əsrdən çox bir müddətdə, davamlı olaraq, Azərbaycan dövlətçiliyinə və azərbaycanlılara qarşı törətdiyi bütün mümkün təzyiq və təhdidlərə, güclənmiş Azərbaycan dövlətinin adekvat cavabının nəticəsidir. Fars millətçiliyinin Azərbaycan və Türk Dünyası qorxusu, təbii ki, birbaşa, onun saxta tarixinin, daha doğrusu, oğurlayaraq mənimsədiyi şanlı türk tarixinin bir çox əsaslarına söykənir.
Danılması mümkünsüz bir həqiqət və reallıqdır ki, tarix boyu farsların dövlətçilik anlayışında türk hakimliyi başda durub. Konkret desək, fars tarixində və onun indi dünyaya təqdim etdiyi dövlətçilyinin özəyində, həmişə, türk hökmranlığı başlıca rol oynayıb. Bütün dövrlərdə saray və dövlət dilinin Türk Dili, hökmdar və hakim sülalələrinnin türk mənşəli olması da, elə, farsların genetik türk düşmənçiliyinin əsasını təşkil edib həmişə. Hətta Tehran dövlətinin molla rejiminin indiki rəhbəri də, Azərbaycan türküdür. Məhz bu səbəblərə görədir ki, farslar həmişə türkləri düşməndən betər qorxunc tərəf kimi qəbul ediblər. Geci-tezi, müasir dünyanın və regionun ən qüdrətli dövlətlərindən birinə çevriləcəyi göz qabağında olan Böyük Azərbaycan dövləti ilə, Tehran dövlətinin ayaqlaşması, sözsüz ki, mümkünsüz olacaq — bunu, fars rejiminin rəhbərliyi çoxdan anlayıb!
Ötən əsrin 90-cı illərində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsində və bu işğalın az qala 30 il müddətində qüvvədə saxlanılmasında xüsusi rolu olan Tehran dövləti, hətta 44 günlük Vətən Müharibəsindən sonra da, Azərbaycana qarşı düşmənçiliyindən əl çəkmədi. Daha önə gedərək, işğalçı Ermənistanı özünün qırmızı xətti kimi bəyan edib, nəhayət, Qərbi Zəngəzurda — Qafanda, daşnak qardaşları əhatəsində öz konsulluğunu da açdı. Beləcə, Azərbaycana qarşı qatı düşmənçilik mübarizəsində açıq müstəviyə keçdi. Son 30 ildə Azərbaycana münasibətinin əsl mahiyyətini və qorxu dolu düşmənçiliyini riyakarcasına maskalamağa çalışan Tehran dövlətinin, nəhayət, öz murdar sifətinin maskasını cırması və dövlətimizə qarşı açıq-aydın siyasi-diplomatik, hərbi,.. sahələrdə qatı düşmənçilik nümayiş etdirməsi, sözsüz ki, Şimali Azərbaycan Respublikasının əl-qolunu daha geniş açmasının başlıca səbəbinə çevrildi. Adi bir misal: Tehran dövlətinin köhnə hərbi texnikalarla və çəlimsiz sepahçılarla Araz çayı boyunca keçirdiyi təlimlərə cavab olaraq, dünyanın 1 nömrəli hesab olunan Azərbaycan Xüsusi Təyinatlıları möhtəşəm təlimlər keçirməyə başladı. Bununla və Azərbaycanın digər önəmli cavabları ilə, öz payını dəfələrlə alan İran, beləcə, özünün Azərbaycanda arxalandığı xain və satqın şəbəkəsinin ifşasını da gördü. Üstəlik, illərlə cavabsız qalan anti — Azərbaycan informasiya təbliğatına qarşı, Azərbaycanın güclü informasiya maşınının işə düşməsi, onun “əl-qolunun hərtərəfli bağlanması” sarıdan başlıca rol oynadı.
Ən əsası odur ki, Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev cənablarının da, Türk Dövlətləri Təşkilatının (TDT-nin) sədrini qəbul edərkən, Cənubi Azərbaycanda yaşayan 40 milyon nəfərdən çox soydaşımıza Azərbaycan dövlətinin arxa duracağını qəti şəkildə deməsi, eləcə də, Özbəkistanda keçirilən TDT-nin Sammitində, Tehran dövlətinin riyakar rəhbərliyinə, azərbaycanlıların hüquqlarının müdafiəsinin vaxtının çatdığı barədə açıqlamalar yönəltməsi, İranın molla rejiminin rəhbərliyini əsaslı şəkildə təşvişə saldı. İki aya yaxındır İranda səngiməyən və güya, “polis özbaşınalığından vüsət alan” məlum iğtişaşlar da, artıq, birbaşa, siyasi müstəviyə keçib və orada olan yerli xalqların istiqlal tələbləri, milli azadlıq hərəkatı çağırışları qarşısıalınmaz həddi ötüb. Cənubi Azərbaycan əhalisinin və xüsusən də, inqilablar beşiyi Təbrizin bu proseslərdə daha öncül sıra alması, İran dövləti üçün, çox böyük sınaq vəd edir. Bir də, aksioma şəklində artıq o bəllidir ki, bu riyakar dövlətin dağılması, daha çox yerli azərbaycanlılardan asılı olan vacib şərtlərdən ibarətdir. Ümumiyyətlə, bu şərtlər əsas faktor olaraq, Tehran dövlətinin gələcək taleyini müəyyən edir və bu səbəbdən, fars molla rejimi bütün problemlərini kənara qoyaraq, Azərbaycan Respublikası ilə, faktiki olaraq, ölüm-qalım müharibəsi aparır. Hərçənd ki, Tehran dövlətinin özü, daha doğrusu, onun son 30 illik səngiməyən Azərbaycan düşmənçiliyi, mövcud fars hakimiyyətinin ölüm-qalım vəziyyətini yaradıb. Baxmayaraq ki, Tehran dövlətinin özü bunu çoxdan anlayıb və təklikdə belə, Şimali Azərbaycan Respublikasına qarşı hərbi baxımından heç bir şansa malik olmadığını yaxşı bilir. Buna baxmayaraq, aqressiv ritorikalarından və təhdidlərindən, hələ də əl çəkmək istəmir.
Bu, danılmaz bir həqiqətdir: Molla rejimi elə bir iyrənc durum yaradıb ki, İran, ABŞ-ın da, onun özünə qarşı Azərbaycanı dəstəkləyəcəyini rəsmi şəkildə hər yerdə bəyan edir. Ancaq əsl həqiqəti demək istəmir. Axı, molla rejimi çoxdan anlayıb ki, Azərbaycanın, təbii ki, sədaqətli və etibarlı müttəfiqləri Türkiyə, Pakistan və İsrail dövlətləri başda olmaqla, bütün dünyanın Tehran dövlətinə qarşı olduğu halda, onun qurduğu belə bir riyakar dövlətin mövcudluğunun davamı mümkünsüzdür. Bir də, rəsmi Tehran əgər xilas olmaq istəyirsə, ilk öncə, Azərbaycan və Türk Dünyasına qarşı qatı düşmənçilikdən əl çəkməli, səhvlərinə görə, “əl-ayağa düşüb”, yalvarmalıdır. Onsuz da, “əl və ayağa düşmək”, tarixən, fars molla rejiminin xislətinə uyğun vərdişi kimi xatırlanır.
Ümumiyyətlə, İran, heç şübhəsiz, Zəngəzur dəhlizinin açılmasına, Ermənistanla sərhədlərin Azərbaycanın istədiyi kimi delimitasiyasına və demarkasiyasına, “Sülh Müqaviləsi”nə mane olmaq iqtidarında deyil. Ən əsası, bu dövlət bilməlidir ki, Cənubi Azərbaycanın istiqlalı tarixi zərurətdir, Bütöv Azərbaycan Dövlətinin isə, yaxın gələcəkdə mütləq qurulacağı bir reallıq və inkarolunmaz həqiqətdir. Bu, həm də mütləq və mütləq, yaşayacağımız yeni tariximiz olacaq! Axı, bütün dünyaya o da bəllidir ki, farsların indiki davranışı, onların gələcəkdə mövcud olacaq bir dövlətlərinin taleyini, onun sərhədlərinin delimitasiya və demarkasiyasını, çoxdan, Böyük Azərbaycan Xalqının ən ümdə arzu və istəyindən asılı vəziyyətə salıb.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.