vahid-ehmedov-yeni.jpg

Bu həftə Azərbaycanın söz sahibi olduğu daha bir beynəlxalq əhəmiyyətli nəhəng layihənin – Trans-Anadolu qaz kəmərinin (TANAP) açılış mərasimi keçiriləcək. “Enerjinin İpək Yolu” adlandırılan layihənin iyunun 12-də Türkiyədə, Əskişəhər Kompressor və Ölçü Stansiyasında keçiriləcək açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan prezidenti Georgi Marqvelaşvili iştirak edəcəklər.

Araz.az xəbər verir ki, iqtisadçı deputat Vahid Əhmədov mühüm layihə ilə bağlı Musavat.com-un suallarını cavablandırıb:

– Vahid bəy, sabah açılış mərasimi keçiriləcək TANAP layihəsinin önəmi barədə nə deyə bilərsiniz?

– Bu, Azərbaycan üçün, həmçinin Avropa dövlətləri üçün də çox önəmli layihədir. Ona görə də bu layihəyə diqqət həddən artıq böyükdür. 1994-cü ilin sentyabrında imzalanan əsrin müqaviləsi 20-ci əsrin müqaviləsi olduğu kimi, bu da 21-ci əsrin müqaviləsidir. Bu layihəyə qoyulan sərmayənin ümumi məbləği 40 milyard dollardır. 2020-ci ildə tam istifadəyə veriləndə bu kəmər vasitəsilə 31 milyard kubmetrə yaxın qaz ixrac olunacaq. Bu kəmərə hətta Türkmənistanın qoşulma ehtimalı var. Bununla bağlı danışıqlar da gedir ki, Xəzər dənizinin dibi vasitəsilə kəmər çəkilsin. Özü də Avropa dövlətləri üçün böyük əhəmiyyət kəsb edən bu layihəni ABŞ dövləti də müdafiə edir. Neft-qaz sərgisinə gələn qonaqlar da bu layihənin əhəmiyyətindən danışdılar. Əvvəllər bəzi dövlətlər, xüsusilə də Rusiya bu layihəni maneə sayırdı. İndi də müəyyən qədər bu mövqelər var. Çünki bu, Avropaya alternativ qaz layihəsi hesab olunmalıdır. Çünki hazırda Avropaya qazı əsasən Rusiya ixrac edir. Onlar istəyirlər ki, biz qazımızı Rusiya vasitəsilə bazara çıxaraq. Amma ölkə başçısı bütün təzyiqlərə, təkidlərə baxmayaraq, Gürcüstan-Türkiyə vasitəsilə Azərbaycan qazının Avropaya çıxarılması ilə bağlı çox ciddi siyasi qərar verdi. Artıq kəmərin müəyyən hissəsi çəkilib, ciddi maliyyə problemləri yoxdur, yardımlar var, layihəni müdafiə edənlər həddən artıq çoxdur.

Bu, həm siyasi, həm iqtisadi cəhətdən Azərbaycan üçün önəmlidir. Birincisi, iqtisadi cəhətdən ölkəmizə əlavə dividentlər gətirəcək, Azərbaycanın iqtisadi mövqeyi daha da möhkəmlənəcək. İkincisi də iri dövlətlər bu layihənin çəkilməsində maraqlıdır. Belə layihələr stabillik olan ölkələrdə həyata keçirilir. Azərbaycanın müstəqilliyinin qorunub-saxlanması daimi olması üçün belə layihələr böyük əhəmiyyət kəsb edir. “Əsrin müqaviləsi”ndən sonra 30-a yaxın layihələr reallaşıb və bu, davam edəcək. İndi qaz layihəsi, TANAP-TAP layihəsi reallaşdırılır. Sonra ola bilər digər layihələr də reallaşsın. Azərbaycan nəinki bölgə, hətta Avropa üçün nəqliyyat mərkəzinə çevrilir. Burada logistika mərkəzi yaradılır. Çox böyük işlər görülür. Ona görə də qısqanclıq çox böyükdür. Azərbaycanda olan inkişafı bir çox dövlətlərin, bəzi qonşuların gözü götürmür. Həmişə istəyiblər ki, Azərbaycan müstəmləkə şəklində olsun. Amma artıq Azərbaycan müstəqil dövlətdir, kifayət qədər gücü, güclü ordusu var, iqtisadi cəhətdən ciddi problemi yoxdur, 45 milyarda yaxın ehtiyatımız var. Bütün bunlar Azərbaycanın müstəqilliyi üçün qarant olan amillərdəndir. Gözü götürməyən dövlətlər həmişə olub, indi də var. Necə ki, SSRİ-ni bərpa etməklə bağlı çağırışlar səslənir, addımlar atılır. Açığı, elə bizim ölkəmizdə də son vaxtlar bəzi çıxışlar olur. O çıxışlar mənim heç xoşuma gəlmir. Rusiya böyük dövlətdir, amma biz bu dövlətlə də strateji müttəfiqik. Biz heç vaxt onların maraqlarına toxunan addımlar atmırıq. Amma müstəqil dövlət kimi öz siyasətimiz var. Bu siyasəti də cənab prezident müəyyən edir, aparır. Kiminsə xoşuna gəlməyə bilər, amma çox uğurlu siyasət yürüdülür. Düzdür, son vaxtlar müəyyən təlatümlər yaratmaq istəyirlər. Son vaxtlar İtaliya dövləti bununla əlaqədar müəyyən addımlar atmaq istəyir. Amma məncə, məsələ yoluna qoyulacaq.

– İtaliyadakı etirazlarda “Rusiya izi”nin olması barədə iddialar səslənir.

– Hiss olunur. Çünki İtaliyada hakimiyyətə gələn yeni qüvvələrlə Rusiya hakimiyyəti arasında müəyyən isti münasibətlər var. Amma bu layihə reallaşacaq. “7-lər”in görüşü olub, hansı qərar verildiyindən xəbərim yoxdur. Lakin məsələnin müsbət sonluqla bitəcəyinə əminəm. Vaxtilə Bakı-Qars dəmir yolu çəkiləndə ortaya problemlər çıxmışdı. Bu layihənin həyata keçirilməsini istəmirdilər. Hətta ABŞ-dakı erməni yönümlü konqresmenlər bu layihəyə qarşı məsələ qaldırmışdılar. Amma layihə reallaşdı, hazırda dəmir yolu fəaliyyətdədir.

– Bu da faktdır ki, Azərbaycanın hərbi uğurlarını daha çox gözləyirik. Azərbaycan ordusunun Naxçıvan istiqamətindən Ermənistanın nəzarətində olan ərazilərimizi geri alması xəbərini siz necə qarşıladınız?

– Çox sevindirici xəbər oldu. Bu, təxminən aprel hadisələrindəki qazandığımız uğurlara bənzər tarixi hadisədir. Fakt budur ki, 11 min kv km ərazi nəzarət altına alınıb, 80 faizi də əkin sahələridir və əhali o torpaqlardan istifadə edəcək. Naxçıvan camaatının o ərazini necə sevinclə ziyarət etməsini müşahidə etdik. Yavaş-yavaş məsələlər öz həllini tapacaq. Beynəlxalq aləm də anlayır ki, Ermənistanın işğalına son qoyulmasa, bölgədə vəziyyət hər an gərginləşə bilər. Əgər Ermənistan dövləti mövcudluğunu davam etdirmək istəyirsə, mütləq torpaqları azad edib, Azərbaycan dövləti ilə normal münasibət qurmalıdır.

– Rusiyanın bu hadisələrə soyuqqanlı yanaşması da maraqlıdır…

– Mən belə başa düşürəm ki, artıq Rusiya da bu hadisələrdən bezib. Rusiyanın özünün bu dəqiqə beynəlxalq aləmdə ciddi problemləri var. O, özünə yaxın dövlətlər axtarır, Azərbaycan kimi dövləti əldən buraxmaq da istəmir. Amma bilir ki, Azərbaycanın özünün xarici siyasət kursu var, o istiqamətdə fəaliyyət göstərir. Ona görə də çalışır ki, münasibətlər yaxşı olsun. Ermənistanda nə var? İqtisadiyyatı pis vəziyyətdə. Hakimiyyətə gələn Paşinyan qərbyönümlüləri ətrafına toplayır. Çünki düşünürlər ki, sabah Rusiya bölgədə təklənə bilər. Rusiya da bunların hamısını yaxşı anlayır. Bu ölkə də başa düşür ki, Azərbaycan gec-tez torpaqlarını geri alacaq. Ona görə də belə hadisələr baş verəndə mövqe bildirməyə tələsmirlər. Amma mən belə hesab edirəm ki, artıq Azərbaycan torpaqlarını geri qaytarmağın vaxtı çatıb. Bunun siyasi yolla həllini heç vaxt görməmişəm, indi də görmürəm. Necə ki, Fələstin torpaqlarının azadlığı ilə bağlı gedən mübarizə nəticə vermədi. Amma gec-tez onsuz da proseslər müharibəyə gətirib çıxaracaq, Azərbaycan öz torpaqlarını azad etməlidir. Getdikcə o gün yaxınlaşır. Ona görə də biz hər dəqiqədən səmərəli istifadə edib ordunu gücləndirməliyik ki, sabah problemimiz olmasın.

– Vahid müəllim, yeni nazirlərin təyinatından müəyyən vaxt keçib. Onların fəaliyyəti barədə nə demək olar?

– Ataların məsəli var, “cücəni payızda sayarlar”. Hələ qoy bir illik fəaliyyətləri tamam olsun, ilə yekun vuraq, baxaq, görək göstəricilər hansı səviyyədədir. O zaman demək olar ki, bu insanlar vəzifəyə layiqdirlər, ya yox? Yaxud Azərbaycanın iqtisadi, siyasi inkişafında hansı müsbət rolları var. Məni narahat edən bir məsələ var, nazirlər kadr dəyişikliyinə çox böyük üstünlük verirlər. Başa düşürəm, hər gələn nazir istəyir ki, ətrafında yaxın adamı olsun, sabah ciddi problemlə üzləşməsin. Allaha şükür ki, bizdə nazir 15-20 il işləyir. Yəni 5 il işləsəydi, əlbəttə, belə hallar baş verməzdi. Amma elə kadrlar var ki, onları qoruyub-saxlamaq lazımdır. Əgər köhnə nazirlərin zamanında səhv edən kadrlar varsa, təbii ki, onları təmizləmək lazımdır. Amma cavan kadrlarla yanaşı, yaşlı kadrların da təcrübəsindən istifadə etmək lazımdır. Çünki onların çox böyük təcrübəsi var. Təyin olunan nazirlərin hamısı ilə mənim münasibətim, əlaqəm var, savadlı kadrlardır. Lakin təcrübə cəhətdən müəyyən qədər problemləri var. Ona görə də təcrübəli kadrlardan istifadə etməlidirlər ki, iqtisadiyyatımızın digər sahələrində ciddi problemlər yaranmasın.

– Baş nazir Novruz Məmmədovla necə, ünsiyyətiniz olub?

– Bir dəfə. Təyin olunanda təbrik etmişəm, ondan sonra olmayıb. Ümumiyyətlə, hiss edirəm ki, nazirlər özləri hələlik ünsiyyətdən qaçırlar. Çünki ciddi kadr dəyişikliyi ilə məşğuldurlar. Həm də cənab prezident onların qarşısında ciddi məsələlər qoyub. Həm işlərində şəffaflığın təmin olunması, həm iqtisadi inkişafla əlaqədar, həm də 2016-cı ildə qəbul edilmiş Strateji Yol Xəritəsi ilə əlaqədar olaraq. Ümumiyyətlə, qarşıda mühüm vəzifələr var. Bu mənada nazirlərin işləri çoxdur. Ona görə də hələlik onlara imkan vermək lazımdır ki, öz vəzifələrini yerinə yetirib, nazirliklərdəki problemlərin həllinə nail olsunlar.

– Bir sıra icra başçıları vəzifələrindən azad edildi. Bu prosesi necə qiymətləndirirsiniz?

– Bu, gözlənilən idi. Məsələn, Qubanın icra başçısı var idi, işlədiyi dövrdə daşı daş üstə qoymadı. Çox ciddi nöqsanları var idi, mən rəhbərliyə bir neçə dəfə dedim ki, problem yarana bilər. Ona görə də rəhbərlik qərar qəbul etdi. İndi Qubaya təzə icra başçısı gəlib, Ziyəddin Əliyev. Çox böyük işlər görür, perspektiv planları da çox böyükdür. Əhali ilə görüşür, camaat da razılıq edir. Qusarın, Xaçmazın icra başçıları da əhali ilə təmasda olan şəxslərdir. Yəni icra başçıları böyük rol oynayır. İcra başçıları çalışmalıdırlar ki, rayonda iş yeri açılsın, investisiyalar qoyulsun. Onlar mərkəzi aparatlarla, nazirliklərlə işləməlidirlər.

– Bəs, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyinatın olmaması, sizcə, nə ilə bağlıdır?

– Yəqin, təyin olunacaq. Ola bilər cənab prezidentin özünün fikri var. Mən çox istərdim ki, Bakıda mer seçkisi keçirilsin və Bakı böyük şəhər bələdiyyəsi olsun. Çünki Bakı artıq elə inkişaf mərhələsinə gəlib çatıb ki, buna böyük ehtiyac var. Bundan başqa, merin seçki yolu ilə seçilməsinə getmək olar. Yəqin ki, bu məsələlərə dövlətimiz tərəfindən baxılır. Cənab prezident elə bir şəxsi təyin etmək istəyir ki, Bakının gözəlliyi, inkişafı davamlı olsun.

– Növbədənkənar parlament seçkisinə gedilməsi real görünürmü?

– Vallah, mən onun reallığına inanmıram. Nə əhəmiyyəti var? Parlament normal fəaliyyət göstərir. Düzdür, 6 yer boşalıb. İstəsələr, o yerlərə əlavə seçkilər keçirilə bilər. Amma parlamentdə elə bir ciddi problem yox, ya qarşıdurma yoxdur. Parlament Azərbaycan dövlətinin siyasətini müdafiə edir, iqtisadiyyatımızın inkişafı üçün əlindən gələni edir, bu istiqamətdə bütün qanunları qəbul edir. Növbədənkənar parlament seçkilərinə o vaxt gedirlər ki, hökumətlə, dövlətlə parlament arasında ciddi qarşıdurmalar yaranır, fikirayrılıqları olur. Bu fikirayrılıqları yoxdur. Ona görə də mən növbədənkənar seçkiyə ehtiyac görmürəm.

– Bank kreditləri, ümumiyyətlə, banklardakı vəziyyətlə bağlı təklifləriniz olmuşdu. Bu məsələ ilə bağlı yenilik varmı?

– Məni və Əli Məsimlini narahat edən əsas məsələ bank sistemindəki məsələdir. 2017-ci ildə biz 0,2 faiz ümumi daxili məhsul əldə edə bildik. Amma bank sistemi normal inkişaf etsəydi, Azərbaycan iqtisadiyyatına yüksək səviyyədə investisiya qoya bilsəydik, bu, 2-3 faiz səviyyəsində ola bilərdi. Təsəvvür edin ki, 2017-ci ildə qoyulan investisiya 25 faiz azaldı. Yəni bank sistemi bu gün Azərbaycan iqtisadiyyatı ilə ayaqlaşa bilmir. Yadınıza gəlirsə, 2016-cı ildə, hökumətin iclasında cənab prezident qeyd etdi ki, Azərbaycan iqtisadiyyatına ən çox ziyan vuran bank sistemi olub. Bu, tamamilə belədir. Bu gün də bank sistemində sağlamlaşdırma siyasəti çox zəif gedir. Bu işi qurtarmaq lazımdır. Bank sistemi ilə çox ciddi məşğul olmağa ehtiyac var. İstər Mərkəzi Bank olsun, istər Maliyyə Bazarlarına Nəzarət Palatası, istər digər cavabdeh qurumlar olsun, bank sistemində vəziyyəti düzəltməlidirlər. Azərbaycanda 42 bankdan 30-u qalıb. Bu bankların kapitallaşmasını həll etmək lazımdır. Bunun yolları da var. Bu yolları biz göstərmişik, demişik, xahiş etmişik ki, bu məsələlərə baxsınlar. Dollarla olan kreditlərlə əlaqədar 14 səhifəlik təkliflərimiz oldu. Çox təəssüflər olsun ki, bunlar vaxtlı-vaxtında həll edilmədiyi üçün məsələlər müsbət həllini tapmır. Amma bu bank sistemi normal işləsə, Azərbaycanda insanlara aşağı faizlə kreditlər verilsə, ölkədə iqtisadiyyat daha ciddi şəkildə inkişaf edə bilər. Yəni bu sistemə diqqəti artırmağı Azərbaycan dövlətindən, hökumətindən bir neçə dəfə xahiş etmişəm, bir daha cənab prezidentdən xahiş edirəm.

araz.az xəbər portalı.