Əbil HƏSƏN
Artıq yaz gəlmışdi. Günəş öz istisi ilə torpağı qızışdırdıqca, onun da bədəni isinirdi. Gözlərini açıb, yuvasından çıxdı. Ətrafına baxdı. Günəşin şüaları gözlərini qamaşdırdı. O, yenə yaşayırdı. Belə yaşamaqdan bezmişdi. Qocalmışdı. Gözlərinin işığı azalmışdı. Nə dişi qalmışdı, nə də zəhəri. Ölmək istəyirdi, amma günəşin istisi onu yenə həyata qaytarırdı. Aclıq onu taqətdən salmışdı. Dikəlib ətrafına baxdı. Yaxınlıqda qoyun sürüsü gördü. O sürünə-sürünə sürüyə tərəf gəldi. Çobana yaxınlaşdı. Onu görüb tanıdı. Çobanı da sancmışdı. Fısıldayaraq, dilini çıxarıb, çobana yalvarmağa başladı:
-Bir daha sizi incitməyəcəyəm. Sənə yalvarıram ya mənə bir tikə çörək ver, ya da öldür. Canımı bu əzabdan qurtar – dedi.
Çoban isə: “Mənim sənə verəsi çörəyim yoxdu. Sən ilansan, ilan!.. Qabığını dəyişirsən, xasiyyətini yox. O boyda kəndi xarabaya döndərdin, indi məndən yemək istəyirsən? Get, qanını mənim üstümə tökmə!” – deyərək, onun quyruğundan tutub, kəndə tərəf tulladı. O, gözlərini açanda özünü xaraba bir evin qarşısında gördü. Evin sahibini sancaraq, necə öldürdüyünü gözləri önünə gətirdi:
– Məni öldürüb balalarımı yetim qoyma.
– Kəs səsini! Sən nə bilirsən ki, mənim balalarım sənin balalarını sağ qoyacaq, – deyərək, dilindən sancıb, onu öldürmüşdü.
…Kənddə heç kim qalmamışdı. O, balaları ilə, kəndin sakinlərini kənddən didərgin salıb, kəndi xarabaya çevirmişdi. Açlıq və susuzluq onu haldan salmışdı. Nə yeməyə bir şey, nə də içməyə su tapdı:
– Gedim, durum yolun üstündə, bəlkə kimsə məni görüb öldürə, -deyərək, yola tərəf süründü. Bu yol ilə nə gedən vardı, nə gələn – xaraba kəndə kim gələcəkdi ki?!.
araz.az xəbər portalı.