vasif5 (2).jpg

Son günlər ölkə gündəmi zəbt edən Naxçıvanla bağlı xəbərlərə bu gün rəsmi aydınlıq gətirildi. Vasif Talıbov 27 il tutduğu postdan istefa verdi.

araz.az  lent.az-a istinadən bildirir ki, V.Talıbov istefa verməsinə səbəb kimi isə səhhətindəki problemləri göstərib.

Hətta Ali Məclisin sessiyasında o özü iştirak etməyib. Atasının istefa ərizəsinə baxılarkən oğlu Seymur Talıbov isə zalda olub.

Vasif Talıbov bir həftə harada olub?

Tns.az saytı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov 8 günlük Bakı səfərindən sonra dünən Naxçıvana qayıtması barədə xəbər yaydı.

Məlumata görə, Vasif Talıbov ilk dəfə hava limanının Prezident çıxışından istifadə etməyib. Bu dəfə Vasif Talıbovu xidməti maşını təyyarənin trapının yanında qarşılamayıb. O, digər deputatlar kimi, Naxçıvan Beynəlxalq Hava Limanının VİP salonundan keçib. Vasif Talıbovu oğlu Seymur Talıbov qarşılayıb və öz şəxsi avtomibili ilə Naxçıvan şəhərinə aparıb. İddialara görə, onun xidməti maşından istifadəsi qadağan edilib.

İndiyədək Vasif Talıbov Bakı şəhərinə gəlib-qayıdarkən hava limanının Prezident salonundan istifadə edirdi. Həmin ərazi digər sərnişinlər üçün qapalıdır, yəni Vasif Talıbovu hava limanının ərazisində heç kim görmürdü. Dünən isə Talıbov adi sərnişin kimi Naxçıvana qayıdıb, onun hansı əhvalla muxtar respublikaya qayıtdığını bir çox insan müşahidə edib.

Bundan başqa, Vasif Talıbov yenə ilk dəfə polis avtomobilinin müşayiəti olmadan hərəkət edib. Qeyd edək ki, müşayiətçi polis dəstəsinin qayıdışdan bir gün əvvəl ləğv edildiyi bildirilirdi.

Məlumatlara görə, Vasif Talıbov bir həftədən artıq paytaxtda qalsa da, ölkə başçısının qəbuluna düşə bilməyib.

Talıbovlar ailəsinin qızıl biznesi bağlandı

Bundan 10 gün əvvəl “Musavat.com” Naxçıvan Muxtar Respublikasında Vasif Talıbovun ailə üzvlərinə məxsus qızıl mağazalarının bağlanması ilə bağlı məlumat yaydı.

Məlumata görə, Ali Məclisin sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus qızıl-zinət əşyaları satılan 2 mağaza bir neçə gündür bağlanıb. Artıq mağazaların reklam lövhələri də yığışdırılıb.

Həmin məlumatlar yayılmazdan bir neçə gün əvvəl isə Vasif Talıbovun kiçik oğlu Seymur Talıbovun Naxçıvan Dövlət Universitetinin prorektoru vəzifəsindən kənarlaşdırılması barədə xəbər verildi. Hətta onun ad-soyadı universitetin saytından da çıxarıldı. Hazırda isə Seymur Talıbovun mandatının ləğvi barədə məlumatlar yayılır. Lakin bu məlumatlar rəsmi təsdiqini tapmayıb.

Bütün bunlar Vasif Talıbovun sonunun yaxınlaşdığını göstərirdi və nəticə belə də oldu…

Bəs Naxçıvanda nə baş verdi?

Milyonlarla qaçaqmalçılıq və büdcə yeyintisi…

Bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Naxçıvan Muxtar Respublikası Gömrük Komitəsində əməliyyat keçirməsi barədə xəbər vermişdik.

Əməliyyat zamanı Naxçıvan gömrüyündə qaçaqmalçılıq və milyonlarla vəsaitin mənimsənildiyi ortaya çıxdı və komitənin müxtəlif rəhbər vəzifəli şəxsləri məsuliyyətə cəlb edilərək həbs edildilər.

Bunun ardınca Naxçıvanın maliyyə naziri postunu tutan Rəfael Əliyevin həbs xəbəri yayıldı. Bildirildi ki, onun həbsinin hazırda tutduğu postla əlaqəsi olmayıb. Rəfael Əliyev Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində fəaliyyət göstərdiyi dövrdə etdiyi qanunsuzluqlara görə saxlanılıb. Belə ki, R. Əliyev əvvəllər Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində çalışıb. Nöqsanlara da elə həmin dövrdə yol verib. Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

“Gündəlik Naxçıvan” adlı facebook səhifəsinin yazdığına görə, Naxçıvanda yoxlamalar aparan DTX, Ali Məclis sədri Vasif Talıbovun oğlu və köməkçisi Seymur Talıbovu da dindirib. Yoxlamalar zamanı Naxçıvanda onun nəzarətində olan “Gəmiqaya” və “Cahan” holdinqlərin də qaçaqmalçılıqla məşğul olduğunun üzə çıxdığı bildirilir.

Naxçıvan DTX-nın ləğvi…

Bir müddət əvvəl Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) ləğv edildi. Məlumatda qeyd edilirdi ki, bu strukturun yerində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Baş İdarəsi yaradılıb. İdarəyə Möhsün Aşurov rəis təyin edildi.

Naxçıvan DGK-nın ləğvi…

Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilib.

Bu barədə Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Fərmana əsasən, Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb. Hələlik Naxçıvan DGK-nın sədri olmuş Səhət Həbibbəylinin taleyi barədə məlumat yoxdur. DGK yeni baş idarənin  rəisinin adını da açıqlamayıb.

Naxçıvanın büdcəsinə yenidən baxılacaq?

“Ləğv olunmuş Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin saxlanması üçün dövlət büdcəsindən ayrılmış 11,1 milyon manat dotasiya çıxıldıqdan sonra gələn il Muxtar Respublikanın büdcə xərcləri 653,3 milyon manat təşkil edəcək”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə nazirinin müavini Azər Bayramov bildirib. Azər Bayramov deyib ki, Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirlərinin 449,8 milyon manatı dövlət büdcəsindən ayrılan dotasiya, 185 milyon manatı Muxtar Respublikanın öz gəlirləri hesabına formalaşacaq.

Qeyd edək ki, layihənin ilkin variantında dövlət büdcəsindən 480 881 000 manat vəsaitin Naxçıvan Muxtar Respublikasının büdcəsinə dotasiya üçün ayrılacağı proqnozlaşdırılırdı. Layihənin ikinci oxunuş üçün təqdim edilən variantına əsasən, 2023-cü ilin dövlət büdcəsinin layihəsində Naxçıvan Muxtar Respublikasının büdcəsi üçün nəzərdə tutulmuş dotasiya 31,1 mln manat azaldılır.

Hazırda isə Naxçıvan Dövlət Gömrük Koitəsi də ləğv edildi. Bu isə həmin komitənin saxlanma xərclərinin azaldılması deməkdir.

Naxçıvanda daha nələr gözlənilir?

Hazırda DTX-da Naxçıvanla bağlı istintaq davam edir. Eyni zamanda maliyyə və vergi əməkdaşlarının Naxçıvanın hökumət və özəl qurumlarında apardıqları yoxlamalar da davam edir. Bəzi məlumatlara görə, yoxlama üçün gəlmiş heyət Naxçıvan DGK-da ciddi müqavimətlə üzləşib.

Tns.az saytı yazıb ki, Naxçıvan MR Dövlət Gömrük Komitəsi xüsusilə Türkiyə və İrandan daxil olan malların dəyərindən ən azı on qat aşağı rəsmiləşdirməsi ilə məşğul olub:

“İş o yerə çatıb ki, Naxçıvan Gömrük Komitəsi artıq Bakı və Azərbaycanın digər rayon və şəhərlərində fəaliyyət göstərən sahibkarlara da dəllallar vasitəsilə xidmətini təklif edib. Belə ki, gömrük rəsmiləşməsi üçün qanunun tələbindən iki dəfə ucuz rəsmiləşmə təklif edilib. Beləliklə, malın dəyərinin yalnız 10 faizi büdcəyə keçirilib, 40-50 faizini isə gömrük işçiləri mənimsəyiblər. Bir çox sahibkar isə bu “əlverişli” rəsmiləşmədən imtina etməyib və mallarını Naxçıvan vasitəsilə ölkəyə idxal edib”. Komitədə bu məlumatlar əsasında yoxlama aparılması üçün təşəbbüs edildikdə isə Naxçıvan MR-in Ali Məclisinin sədri tərəfindən bu təşəbbüslərin qarşısı alınıb.

Əldə olunan məlumata görə, yeyintilərin üzə çıxdığı digər bir qurum isə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyidir. Səhiyyə Nazirliyində və Muxtar Respublikadakı xəstəxanalarda aparılmış yoxlamalar nəticəsində milyonlarla yeyinti faktları üzə çıxıb.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.