bashkend gedebeySabir Tarverdiyev bu təkliflə prezidentə müraciət etdi
İrəvan Mühacir Hökumətinin rəhbəri, Milli Dövlətçilik Partiyasının sədri Sabir Tarverdiyev prezident İlham Əliyevə müraciət edib. S.Tarverdiyevin müraciətinin məqsədi Gədəbəy rayon Başkənd kəndinin İrəvan Mühacir Hökumətinin paytaxtı edilməsinə kömək istəməkdir.

Müraciətdə deyilir: “Möhtərəm prezident!
Bütün dünyaya məlumdur ki, dərin dövlətçilik tarixinə malik olmayan və bir neçə millətin hibridindən əmələ gələn erməni seperatçıları bizim tarixi dədə-baba torpaqlarımızda özlərinə saxta Ermənistan dövləti yaradıblar.
Erməni tamahgarlığı o həddə çatıb ki, onlar işğal yolu ilə əldə etdikləri ilə kifayətlənməyərək, bizim elm və mədəniyyət incilərimizi də mənimsəməyə cəhd göstəriblər. “Böyük Ermənistan” xülyası ilə havalanan daşnaklar bu gün də dinc dayanmır, hər gün və hər addımda torpaqlarımızda vandallıqlar həyata keçirirlər.
Tarixi dədə-baba torpaqlarından deportasiya olunmuş qərbi azərbaycanlıların bu baxımdan dərd-sərləri daha çoxdur. Onlar bu gün hər şeylərini itiriblər. Onların bu gün dədə-baba yurdlarının geri qaytarılmasından söhbət belə açılmır. İtirilənləri qaytarmaq isə, hər birimizin ən ümdə vəzifəsinə çevrilməlidir. Rəhbəri olduğum İrəvan Mühacir Höküməti də bu istəklə yaradılıb. Xeyli müddətdir ki, bu məqsədlə mübarizə aparır, deportasiya olunmuş soydaşlarımızın hüquqlarının müdafiəsi ilə məşğul olur, itirdiklərimizin geri qaytarılması üçün yollar axtarır, keçmişimizi və adət ənənələrimizi yaşatmaq  üçün müxtəlif tədbirlər keçiririk.
Fəaliyyətimizin və keçirdiyimiz tədbirlərin effektivliyinin artırılması üçün İrəvan Mühacir Hökümətinin struktur quruluşlu ərazi vahidinə ehtiyacı vardır. Hesab edirik ki, mühacir həyatı yaşayan İrəvan Mühacir Höküməti rəmzi deyil, tam struktur qurluşu ilə fəaliyyət göstərməlidir. İrəvan Mühacir Höküməti mərkəzi qərargahının Bakı şəhərində deyil, işğal olunmuş Qərbi Azərbaycan torpaqlarına yaxın ərazidə yerləşdirilməsi daha məqsədəuyğun olardı. Bunun üçün biz Gədəbəy  rayonu ərazisundə yerləşən Başkənd kəndini münasib yer hesab edirik. İrəvan Mühacir Höküməti bu ərazidə daha effektli fəaliyyət göstərər, beynəlxalq təşkilatların diqqətini bura daha çox cəlb edə bilər. Bu həm də siyasi baxımdan müvafiq hesab olunur.
Möhtərəm prezident!
Təşkilatımızın çoxsaylı üzvləri adından Sizdən xahiş edirik ki, Başkəndi İrəvan Mühacir Hökumətinin müvəqqəti paytaxtı elan etməyimizə köməkliyinizi göstərəsiniz, fəaliyyətimizin daha da genişlənməsi üçün məsləhətlərinizi verəsiniz. Bu, həm də Qərbi Azərbaycandan deportasiya olunmuş və dədə-baba torpaqlarını heç olmasa bir dəfə görmək arzusu ilə yaşayan yüz minlərlə soydaşımızın arzu və istəyidir. Kömək üçün Sizə qabaqcadan minnətdarıq!”

araz.az xəbər portalı.