Son iki ildə, Masallı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin adıyla bağlı, baş verən həbslərə və yüksək vəzifələrdən azad edilmələrə aid xəbərlərin, demək olar ki, hamısı sensasion xarakterli olur. Sanki ötən ilin yanvar ayında, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşlarının Masallıda keçirdikləri əməliyyat zamanı, Rayon Mərkəzi Xəstəxanasının rəhbəri Cəlil Nəzərovun və Baş mühasibi Sətulla Məmmədovun sensasiyalı həbsləri, o vaxtdan indiyədək, bu səhiyyə müəssisəsində bu yöndən olanlarla, eləcə də yüksək vəzifələrdən azad edilmələrlə bağlı baş verənlərə aid əksər məlumatlara sensasion xarakterli “don geydirməyin” vacibliyinin, möhkəm təməl üzərində əsasını qoyub. Belə olmasaydı, elə, dünən günorta saatlarından az sonra, Masallıdakı etibarlı mənbə tərəfindən, Rayon Mərkəzi Xəstəxananın Baş həkimi Eşqin Əliyevin saxlanılması ilə bağlı, araz.az xəbər portalının redaksiyasına daxil olan məlumat da, sensasiya dolu təsir bağışlamazdı.
Daha bir-neçə mənbə ilə, təsdiqinə nail olduğumuz etibarlı mənbə məlumatında o da bildirilir ki, adını çəkdiyimiz bu Baş həkim də, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb. Məlumata görə, Eşqin Əliyev, dünən, təxminən 16.00 radələrində, xəstəxanadakı iş otağından, adını çəkdiyimiz idarənin bir qrup əməkdaşı tərəfindən götürülüb. Mənbə, dünən, hətta onu da bildirdi ki, Baş həkim qandallanaraq, nömrəsinin əvvəli “AP” ilə başlayan maşına mindirilib. Eləcə də, bir-neçə belə nömrə nişanlı maşınların müşayiəti ilə, o, Masallıdan çıxarılıb. .
Etibarlı mənbə öz məlumatında onu da xatırladır ki, Eşqin Əliyevin adı, bundan xeyli əvvəl belə, pensiya məsələlərində törədilən kütləvi saxtakarlıqlarda hallanıb. Bir müddət öncə, İlqar Ramizoğlu bu xəstəxanaya Baş direktor təyin olunandan sonra isə, onunla əlbir olaraq, Eşqin Əliyev, belə saxtalaşdırmalar aparmaqda aktivliyini daha da artırıb.
Onu da qeyd edək ki, ölkə mətbuatının bu məsələni dəqiqləşdirməsi üçün, Baş direktor İlqar Ramizoğlu ilə, telefon əlaqəsi yaratmaq mümkün olmayıb. Konkret desək, jurnalistlərin aramsız zənglərinə cavab verilməyib. Respublika Baş Prokurorluğunun Mətbuat Xidmətindən, ölkənin media vasitələrinin bu məsələ ilə bağlı suallarına cavab isə belə olub ki, qeyd olunan faktla bağlı, mətbuata və ictimaiyyətə əlavə məlumatlar veriləcək.
Bu ciddi məsələni araz.az da diqqətdə saxlayacaq. Məsələ ilə bağlı dəqiqləşdirmələrimiz davam edir və bu barədə yazılarımız, tezliklə, dəyərli oxucularımızın diqqətinə çatdırılacaq.
Malik MİRZƏ,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.