IMG-20220120-WA0013.jpg

 Azərbaycan Respublikaçılar Partiyası adından partiya sədri Sübut Əsədov, dövlətimizin rəhbərinə, ölkəmizin vətəndaşlarına və dünyanın hər yerindəki soydaşlarımıza, 31 Mart — Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni təqvim ili münasibəti ilə, bayram təbriki ünvanlayıb. Partiyanın Mətbuat Xidmətindən araz.aza da daxil olan həmin təbrikdə deyilir:

         “Bu ildəki ötən bayramlarımız kimi, qarşıdan gələn iki böyük bayramı — Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni təqvim ilini də, 44 günlük Vətən Müharibəsində, 30 ildən çox müddətdə, işğal etdiyi Vətən torpaqlarını öz tapdağı altında inlədən mənfur düşmən üzərində Möhtəşəm Qələbəmizin səngiməyən sevincindən doğan yeni ümid və arzularla qarşılayırıq.  

        Bütün dünyadakı 50 milyondan çox Azərbaycan xalqının birlik, bərabərlik və bütövlük günü kimi tarixə düşən, əhalinin təkidli tələbi, istəyi ilə blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasına rəhbərliyi üzərinə götürəndən sonra, 31 dekabr hadisəsinin tarixi önəmini, xalqın istəyini və dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, 1991-ci il dekabrın 16-da Muxtar Respublika Ali Məclisinin 31 dekabr tarixli iclasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi bəyan etdi. Dünya azərbaycanlılarının birlik və həmrəyliyi istiqamətində Naxçıvanda atılmış bu addım, sonrakı dövrlərdə həmin sahədə həyata keçirilən tədbirlərin kütləvi xarakter almasında, xalqımızın həmrəylik, birlik ideyaları ətrafında birləşməsində çox mühüm rol oynadı.

          Hər bir xalqın milli varlığını şərtləndirən əsas amillərdən biri onun etnik-siyasi mütəşəkkilliyi, milli həmrəyliyidir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bütün Azərbaycan xalqının ideoloji bütövlüyünü, milli birliyini təmin edən əsas amildir. Bu ideya bu gün yeni, müstəqil Azərbaycanımızda dövlət siyasətinin prinsipial istiqamətlərindən biri kimi dünyada yaşayan soydaşlarımızın birliyinin ideoloji-nəzəri əsaslarını təşkil edir. Deyərdik ki, dünya azərbaycanlılarının həmrəyliyi milli mənafelərimiz və dövlət maraqlarımız kontekstində tarixi zərurətdən doğan ehtiyacdır. Dünya azərbaycanlılarını vahid milli ideologiya və həmrəylik ideyaları ətrafında birləşdirən, Azərbaycan xalqının müstəqillik arzularını gerçəkləşdirən, onu əbədi və dönməz edən Ümummilli Liderimiz Heydər Əliyev dünənimiz, bu günümüz və gələcəyimiz üçün böyük siyasi irs qoyub. 1991-ci ildə Azərbaycan xalqının öz istiqlaliyyətini bəyan etməsi, 1920-ci ildə itirilmiş müstəqilliyinin bərpa olunması müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsinə imkan verdi. Əslində, Azərbaycanın müstəqilliyi və qədirbilən xalqımızın milli azadlığı dünya azərbaycanlılarının həmrəyliyinə zəmin yaratdı. 1989-cu il dekabrın 31-də sovet rəhbərliyinə ilin son etirazı və ciddi xəbərdarlığı olaraq, eləcə də tək, gücsüz olmadığımızı düşmən qüvvələrə göstərmək üçün, Arazboyu sərhəd dirəkləri və simləri sökülmüş, Naxçıvandan — Vətəndən dünyaya qardaşlıq qapısı açılmış, dünyadakı soydaşlarımıza və dostlarımıza ilk həmrəylik mesajları göndərilmişdir. Azərbaycan xalqının iradəsi ilə dağıdılmış sərhədlərdən xarici aləmə yayılmış o zamankı haqlı harayımız, buna görə, respublikamıza qarşı törədilmiş hərbi təcavüz və misilsiz qanlı cinayət — 20 Yanvar qətliamı, ilk növbədə, dünyada yaşayan milyonlarla soydaşlarımızı da sarsıtmış, onların qəlbində közərən Vətən məhəbbətini daha da alovlandırmışdır.

       İndi, dünya azərbaycanlılarının harada məskunlaşmalarından asılı olmayaraq, ən mühüm, ən müqəddəs vəzifələrindən biri Azərbaycan xalqının tarixi nailiyyəti, bütün dünya azərbaycanlılarının mənəvi-siyasi iradəsinin nəticəsi olan müstəqil dövlətçiliyi qoruyub saxlamaqdan, milli dövlətimizin dünya birliyində özünəməxsus yer tutmasına çalışmaqdan ibarətdir. Eyni zamanda, milli adət və ənənələrin, mədəni dəyərlərin mühafizəsi, yeni nəsillərə ötürülməsi dünyadakı bütün soydaşlarımızın mənəvi borcudur.

        Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin milli birlik, həmrəylik və azərbaycançılıq ideyaları illərdir olduğu kimi, bu gün də, müstəqil Azərbaycan dövlətinin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Prezidentinin bu sahədə həyata keçirdiyi tədbirlər, soydaşlarımızın vahid ideologiya ətrafında birləşməsi yolunda gördüyü işlər, qəbul etdiyi tarixi qərarlar dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarda milli ruhun yüksəldilməsinə, onların doğma Vətənə bağlılıqlarının artırılmasına, özlərini, doğrudan da, Vətənin bir parçası kimi hiss etmələrinə səbəb olmuşdur.

         İndi bir daha bütün dünyaya sübut edirik ki, biz, böyük, məğrur və yenilməz xalqıq! Döyüş meydanında mənfur düşmənə dəmir yumruq və yer də göstərə bilirik! Bu yumruq da, birliyimizin rəmzidir. Artıq, Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq!

        Vətən Müharibəsində Azərbaycan Ordusunun hər qələbə sevinci, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, bütün həmvətənlərimizin də qəlblərində böyük qürur və iftixar hissi yaratdı. Dünyanın harasında yaşamasından asılı olmayaraq, bu gün hər bir soydaşımız Azərbaycanın ərazi bütövlüyü uğrunda, torpaqlarımızın erməni işğalçılarından azad olunmasında şəhidlik zirvəsinə yüksələn vətən oğullarımızın xatirəsini əziz tutur, onları hər an ehtiramla yad edir. İnamla deyə bilərik ki, dünyanın müxtəlif ölkələrində yaşayan, ürəklərində Azərbaycan amalını daşıyan həmvətənlərimiz də, 44 günlük müharibədə Milli Ordumuza köməyi, düşmənlə informasiya cəbhəsində döyüşü özlərinin əsas borcları kimi qəbul edirlər.

         Bir sözlə, Həmrəylik Bayramı Azərbaycan xalqının və müstəqil dövlətçiliyimizin taleyində önəmli rol oynayır,  dünyanın müxtəlif qitə və ölkələrindəki soydaşlarımızın varlığı bizə böyük inam və güc verir. Qarabağın işğaldan azadlığı da, ölkədaxili və xaricdəki birliyimizin möhkəmlənməsi, eləcə də diaspor və lobbi fəaliyyətimizin getdikcə güclənməsi sayəsində baş tutdu. Tarix də göstərir ki, əsl birlik və həmrəylik nümayiş etdirə bilən xalq, öz müstəqilliyini və dövlətçiliyini qoruyur, problemlərini həll edir, amal və məqsədlərinə çataraq, tarixdə silinməz iz qoyur.  

        31 Dekabr — Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, bu möhtəşəm bayramın qeyd edilməsi baxımından deyil, həm də Ulu Öndərimiz Heydər Əliyevin vaxtilə bu milli bayramın təsisi edilməsi ilə bağlı qəbul etdiyi qərarın, xalqımızın taleyində önəmliliyi baxımından böyük əhəmiyyət daşıyır. Çünki müstəqil Azərbaycan dövləti xalqımızın əldə etdiyi ən böyük nailiyyət, təqvimdəki bu gözəl gün isə, elə, o vaxtdan dünya azərbaycanlılarının həmrəylik və birliyinin, müstəqil respublikamızın işıqlı gələcəyinin qarantıdır və özündən sonra gələn bütün yeni illərə gur işıqlı yollar göstərir. Elə, buna görədir ki, yola saldığımız ildə də, bir çox sahədə olduğu kimi, ictimai-siyasi sahədə belə yaddaqalan yeniliklər müşahidə etdik.

          Xalqımızı, eləcə də onun rəhbərini hər iki böyük bayram münasibətilə səmimi qəlbdən təbrik edir, bu ümid və istəklərlə, qarşıdan gələn növbəti yeni 2023-cü ildə də, hər kəsə bütün problemlərinin həllində uğurlar diləyir, arzu və istəklərinin reallaşması üçün, birlik, həmrəylik, yenilməz güc arzulayırıq! Qoy, yüksək könül xoşluğu düzənində rahatlıqla qarşılaşdığımız bu yeni ildə də, ən xoş niyyətlərin təntənəsi və bütün uğurlar, sizlərə möhkəm cansağlığı, tükənməz həyat enerjisi bəxş etsin, bədəninizə yüksək dözüm gətirsin!

IMG-20220612-WA0000.jpg

Azərbaycan Respublikaçılar Partiyası adından:
Dərin hörmət və səmimi duyğularla,
Sübut ƏSƏDOV,
Azərbaycan Respublikaçılar Partiyasının sədri”.

araz.az xəbər portalı.

araz.az xəbər portalı.