Redaksiyanın təbriki ölkə vətəndaşlarına, dünyanın ayrı-ayrı ölkələrində məskunlaşan həmvətənlərimizə, eləcə də media qrupundakı mətbu vasitələrin və xəbər portalının dəyərli oxucularına ünvanlanıb
Layiqli Vətən Övladları, Əziz Soydaşlar və Yurddaşlar, Sevimli Dostlar və Gözəl İnsanlar, Dəyərli Oxucular!
Başa vurduğumüz 2022-ci ildə, əvvəllər qeyd etdiyimiz digər bayramlarımız kimi, bu iki böyük bayramımızı — Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni təqvim ilini də, təkcə ölkə vətəndaşları olaraq bizlər deyil, bizimlə bərabər, dünyanın hər bir yerindəki bütün soydaşlarımız və yurddaşlarımız belə, səngiməyən bambaşqa bir sevincdən doğan yeni ümid və arzularla qarşılayırıq. Belə sevinc hissləri bizlərə, 44 günlük Vətən Müharibəsində, işğal etdiyi doğma Vətən torpaqlarını 30 il müddətində öz tapdağı altında inlədən mənfur düşmən üzərində Möhtəşəm Qələbəmizlə bəxş edilib.
Elə, bu sevinc hissləriylə də, bütün dünyadakı 50 milyondan çox Azərbaycan xalqının birlik, bərabərlik və bütövlük günü kimi tarixə düşən 31 Dekabr — Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibəti ilə, “Araz” Media Qrupunun və araz.az xəbər portalının yaradıcı kollektivlərinin, Sizlərə, dərin hörmət, böyük ehtiram və ürəkdən gələn səmimi duyğular ifadəsi olan təbriklərini çatdırırıq.
Öncə, onu qeyd etmək istəyirik ki, keşməkeşli tariximiz boyu milyonlarla soydaşımızın dünyanın müxtəlif ölkələrinə səpələnməsinin müxtəlif səbəbləri açıqlanıb və xüsusi olaraq, o vurğulanıb ki, bu ciddi səbəblər ucbatından hazırda mühacirətdə yaşayan doğma Vətən, ata-ana, qardaş-bacı, el-oba, dost-tanış həsrətli milyonlarla azərbaycanlının siyasi, iqtisadi və sosial-mədəni fəaliyyətləri də, yaşadıqları ölkələr, oradakı şərait, mənəvi-əxlaqi, dini dəyərlər kimi müxtəlifdir. Bu və digər çətinliklərə görədir ki, onlar bütün dövrlərdə saysız-hesabsız problemlərlə üzləşib, doğma və yaxınlarına çözülməsi mümkün olmayan dərd-sər gətirib, ata-analarının gözlərini yollarda qoyublar.
Artıq dünyanın 80-dən çox ölkəsində yüksək səviyyədə qeyd olunan bu bayram isə, ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımız arasında hərtərəfli əlaqələr qurmaq, həmrəylik yaratmaq işində mühüm rol oynayır. Bu bayram rəsmən qeyd olunduğu gündən, Azərbaycan dövləti daim xaricdə yaşayan soydaşlarımızın durumunu, problemlərini diqqətdə saxlayıb, onların birliyi, qarşılaşdıqları çətinliklərin həlli üçün lazımi addımlarını atıb, Vətənlə əlaqələrinin dərinləşdirilməsi və ümummilli məsələlərin həllində yaxından iştiraklarının təmin edilməsi istiqamətində irəli sürülən təşəbbüslərə dəstək verib.
Həmvətənlərimizlə siyasi, iqtisadi, mədəni münasibətlərin genişlənməsinə hərtərəfli geniş imkanlar yaradan bu əlamətdar günün qeyd edilməsi, bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilməklə, xalqımızın birlik rəmzi kimi də tarixə düşüb. Elə, buna görədir ki, xaricdə yaşayan soydaşlarımız da, qarşılarında Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilmiş torpaqlarımızın azad olunması kimi mühüm bir məsələ dayandığını biliblər həmişə. Bu problemin tezliklə həll olunacağına, 30 il düşmən əsarətində qalan dədə-baba torpaqlarımızın işğaldan azad ediləcəyinə ürəkdən inanan həmvətənlərimiz, dövlətimizin bu yöndən olan siyasətinin tezliklə həyata keçirilməsinə yaxından dəstək olmaq üçün, beynəlxalq səviyyədə müxtəlif layihələr, tədbirlər, aksiyalar, görüşlər keçirməklə, fəaliyyət aktivliklərini gündən-günə daha da genişləndiriblər.
Planetin bütün qitələrində gedən mürəkkəb geosiyasi proseslərə, müasir dünyanın üzləşdiyi qlobal iqtisadi çətinliklərə, müxtəlif region dövlətlərini cənginə alan qanlı-qadalı müharibə və silahlı qarşıdurmalara, qaçqın və məcburi köçkün problemlərinə baxmayaraq, yalnız paytaxt Bakıda və Azərbaycanın ayrı-ayrı regionlarında deyil, bir çox xarici ölkələrdə hər il yaşını təntənə ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikasının qarşıya qoyduğu böyük məqsədlərə doğru inamla irəliləməsindən fəxarət hissi keçirən soydaşlarımız, ölkəmizin siyasi, iqtisadi, səhiyyə, təhsil, mədəniyyət sahələrində müsbət nəticələr əldə etməsində də fəal rol oynayıb, ən müxtəlif sahələrdə icra etdikləri layihələrlə bu inkişafa böyük töhfələr veriblər. Elə, 2020-ci ildə Böyük Qələbəylə bitirdiyimiz 44 günlük Vətən Müharibəsində olduğu kimi!
Təqvim yenilənmək üzrədir və geridə qoyacağımız 2022-ci ili belə böyük qələbəylə bitirdiyimiz Vətən Müharibəsinin, müharibə qədər təhlükəli koronavirus pandemiyasının uzun zaman unuda bilməyəcəyimiz ağrı-acıları ilə keçirsək də, başımız üstündə ilahi qüvvəyə malik yeganə müqəddəs varlıq olaraq qəbul etdiyimiz Böyük Allahımızın əzəməti və qüdrəti sayəsində, ilk dəfə 2020-ci ildəki tarixi Qarabağ savaşının möhtəşəm zəfərlərlə keçən 44 günündə gördüyümüz və bu böyük qələbədə əsas rol oynayan, dünyadakı bütün soydaşlarımızın həmrəyliyini daha əzəmətli, daha vüqarlı, daha qüdrətli göstərən sarsılmaz Milli Birliyimizlə, yola saldığımız bu ilin ötən hər gününün, hər ayının sevincli anlarına da, təsir baxımından, ağrı-acıları olduqca çox üstələyən xüsusi çalarlı başqa bir rəng qatıldı. Bu, həm də ona bir işarə oldu ki, qarşıdan gələn Yeni 2023-cü ili, gözəl Qarabağımızın tam olacaq azadlığının bizə bəxş etdiyi böyük sevinc hissləri, yüksək əhval-ruhiyyə içərisində qarşılayacağıq.
“Həmrəy olaq, güclü olaq!” istəyi və arzusu ilə, bir daha, hər birinizi ayrı-ayrılıqda Yeni il bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizin xoş istək və niyyətlərinin Ulu Tanrı dərgahında qəbulunu və tezliklə gerçəkləşməsini diləyir, dövlətimizin əmin-amanlığı, tərəqqisi naminə etdiyiniz dualara həmrəy olduğumuzu bildirir, doğma Vətəndə sülhün, əmin-amanlığın, qələbə sevincinin hər birinizin əbədi nailiyyəti, birliyin, səadətin, xoşbəxtliyin, firavan həyatın, xeyir-bərəkət, ruzi dolu bol süfrələrin, sevinc dolu günlərin sizin daimi qazancınız olmasını aruzlayırıq! Ən xoş niyyətlərinizin təntənəsində Tanrı köməyi yardımçınız olsun və sizlərə müharibəsiz və münaqişəsiz gözəl günlər bəxş etsin. Mütərəqqi tarixi ənənələrin, mənəvi-əxlaqi dəyərlərin qorunması istiqamətində böyük ruh yüksəkliyini, qardaş-bacılarımızı bir-birlərinə daha möhkəm bağlamaqda yorulmazlığı, milli köklərimizə sadiqlikdə sarsılmaz mübarizə əzmini, yüksək vətənpərvərliyi, möhkəm cansağlığını, tükənməz həyat enerjisini, yüksək dözümü, səbri, təmkini bu gərgin dönəmlərdə sizin ən böyük silahınıza, mübarizliyi, həmrəyliyi, bütövlüyü, mərhəməti, xeyirxahlığı həyat amalınıza çevirsin!
Bütün bunlar bu Yeni İldə bizim ən ülvi istəyimiz olacaq və elə, bu ülvi istəklə də, bu Böyük Bayramlar münasibəti ilə, bir daha, hər birinizi səmimi qəlbdən təbrik edir, səadətin, xoşbəxtliyin, firavan həyatın, xeyir-bərəkət və ruzi dolu bol süfrələrin, sevinc dolu günlərin daimi qazancınız olmasını arzulayırıq! Qoy, Uca Yaradan Yeni təqvim ilini yüksək könül xoşluğu düzənində rahatlıqla yola salmaqda, ən xoş istək və niyyətlərinizin çin olmasında hər birinizin, Sizinlə bərabər, doğma və yaxınlarınızın da ən yaxın yardımçınız olsun! Ulu Yaradandan sizlərə möhkəm cansağlığı, tükənməz həyat enerjisi, bədəninizə yüksək dözüm istəyi də, bizim ən önəmli arzularımızdandır!
Böyük Bayramlarınız mübarək!
“Araz” Media Qrupunun və araz.az xəbər portalının kollektivləri adından:
Dərin hörmət, böyük ehtiram və səmimi duyğular ifadəsi yüksək sevgi və sayğılarla,
Hüseyn ƏZİZOĞLU,
təsisçi və Baş redaktor.
araz.az xəbər portalı.