araz.az xəbər portalı, DogruXeber.az-a istinadən xəbər verir ki, 26.12.2022-ci il tarixində, Dövlət Satınalma portalında (e-tender.gov.az), Qusar Rayon İcra Hakimiyyəti ilə, “Miray MH” MMC arasında, 71931.5 AZN (yetmiş bir min doqquz yüz otuz bir manat, əlli qəpik) məbləğində olan və “Qusar şəhərində fərdi yaşayış evlərinin dam örtüklərinin dəyişdirilməsi, işlərin satınalınması”na dair Müqavilə bağlanması barədə məlumat dərc edilib. Lakin sözügedən Müqavilə barədə, “Ətraflı məlumat” bölməsində heç bir məlumat verilməyib.
Qeyd edək ki, sayt, ilk öncə, Qusar Rayon İcra Hakimiyyətinin haradasa (hansı portalda elan edildiyinə dair məlumat qeyd edilməyib) elan etdiyi bu tenderin qalibi “Miray MH” MMC barəsində, onun VÖEN seriyası ilə araşdırma aparıb. Araşdırma zamanı məlum olub ki, 71931.5 AZN – lik işi qazanan “Miray MH” MMC-nin, vur-tut, cəmi 10 (on) AZN kapital qoyuluşu var. Yeri gəlmişkən, xəbər portalı onu da bildirib ki, bu Müqavilənin müddəti, 22.12.2022 tarixindən, 31.12.2022 tarixinə qədərdir.
Sözügedən faktla bağlı, xəbər portalı, öncə — 26.12.2022-ci il tarixində Qusar Rayon İcra Hakimiyyətinin elektron ünvanına rəsmi sorğu göndərdiyini bildirir. Qeyd edir ki, 29.12.2022-ci il tarixində, İcra Hakimiyyətindən sorğuya rəsmi cavab göndərilib.
Nöqtəsinə-vergülünə toxunulmadan saytda dərc olunan həmin cavabda deyilir:
“Sizin rayon İcra Hakimiyyətinin elektron poçt ünvanına göndərdiyiniz sorğunuza cavab olaraq bildiririk ki, “Miray MH” MMC ilə Qusar rayon İcra Hakimiyyəti arasında “Qusar şəhərində fərdi yaşayış evlərinin dam örtüyünün dəyişdirilməsi” işlərinin satınalınmasına dair bağlanmış müqavilə açıq tender proseduru aparılmaqla qanunauyğun şəkildə bağlanılmışdır. Belə ki, 21 oktyabr 2022-ci ildə Qusar rayon İcra Hakimiyyəti tərəfindən e-tender.gov.az elektron portalına “Qusar şəhərində fərdi yaşayış evlərinin dam örtüyünün dəyişdirilməsi işlərinin satınalınmasına dair elan verilmiş, hemin elana əsasən 46690 nömrəli müsabiqədə iştirak etmiş 6 teşkilatdan “Miray MH” MMC birinci yer tutmuşdur. Nəzərinizə çatdırırıq ki, “Miray MH” MMC-nin anoloji işlərdə təcrübəsi, potensialı, texniki və digər lazımi imkanları, son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş hesabat və maliyyə vəziyyəti haqqında müvafiq bank arayışı, müvafiq xidmətlər üzre uyğunluq lisenziyası ve diger melumatlar ətraflı şəkildə e- tender.gov.az elektron portalında müsabiqədə yerləşdirilmişdir.
Məlumat üçün onu da nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar ve İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 23 dekabr 2022-ci il tarixli AIBNDX-11/01-5/10478p nömrəli məktubunda sözügedən təşkilata dair bütün sedlarin düzgünlüyünün yoxlanıldıqdan sonra “Miray MH” MMC “Qusar şəhərinde fərdi yaşayış evlərinin dam örtüyünün dəyişdirilməsi işlerinin satınalınması üzrə müsabiqədə qalib təşkilat kimi qeydə alındığı bildirilmişdir. Xahiş edirik nəzərə alasınız”.
Bəli, göndərilən cavab məktubu, hərfi yazılışına qədər, olduğu kimi, təqdim olunub. Qeyd edilib ki, Qusar Rayon İcra Hakimiyyəti öz cavab məktubunda, cümlə quruluşundakı uyğunsuzluqlarla və sözlərin yazılışında yol verdiyi çoxsaylı hərf səhvləri ilə, sorğudakı mövzuya nə dərəcədə ciddi yanaşdığını bir daha açıq-aydın göstərib.
Bu yerdə, diqqəti bir daha ona yönəltmək lazımdır ki, “Ətraflı məlumat” bölməsində heç bir məlumat qeyd edilməyib. Bu barədə, bölmənin təqdim edilən foto-əksində də, bölmə yerində yalnız qara nida işarəsinin olduğunu, yəqin ki, hər kəs aydın görür. Halbuki tender elanının harada, hansı portalda yayımlandığı “Ətraflı məlumat” bölməsində mütləq göstərilməli idi. Diqqət etdinizsə, hətta Qusar Rayon İcra Hakimiyyəti öz cavabında belə, tenderin harada elan edildiyini bildirməyib.
Sonda, hər kəsin söz haqqını tanıdığını bildirən redaksiya, məsələnin ətraflı araşdırılması üçün, aidiyyatı dövlət qurumlarına sorğu xarakterli rəsmi müraciətlər hazırladığını xüsusi olaraq qeyd edir.
Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.