İnsan orqanizmində ən mühüm rol oynayan orqan və toxumalardan biri, bəlkə də birincisi qandır. Bəlli olduğu kimi insan susuz bir neçə gün, yeməksiz isə daha çox yaşaya bildiyi halda ciddi qan itkisi şəraitində dəqiqələr, və ya yaxşı halda bir neçə saat ərzində ölə bilər.
Bu zaman hazırda istifadə edilən qanəvəzedici məhlulların çox vaxt köməyi məhdud olur. Əslində bu məhlullar qan və ya onun komponentlərini əvəz etmir, sadəcə qan damarlarında dövr edən həcmi qorumağa, beləliklə də qanitirmə şokundan insanı müvəqqəti xilas etməyə yardım edə bilir və qanın əsas funksiyası olan oksigeni toxumalara daşımaq missiyasını həyata keçirə bilmirlər. Donor qanı isə saxlanma şəraiti, baha başa gəlməsi, yüksək infektivlik riski və digər çoxsaylı səbəblərdən həmişə əl altında olmur. Birbaşa bu məqsədlə bağlı Cent-Luisdəki Vaşinqton Universitetində bir tədqiqat başladılıb. Hələlik əldə edilən nəticə isə belədir: “Eritromer” adı verilən insan qanının süni yolla yaradılmış analoqu qanın oksigen daşıma xüsusiyyəti də daxil olmaqla həqiqi qanı 24 saat əvəz etməyə imkan verir.
Tədqiqatçılar bildirirlər ki, yeni yaradılmış bu məhlul da insan qanını tam əvəz edə bilmir. O yalnız qanın oksigen daşıma və həcm yaratma kimi iki mühüm xüsusiyyətini müvəqqəti əvəz etməyə yardım edir. Bəs sözügedən preparatın əsas tərkibi nədən ibarətdir? Bu suala isə alimlər belə cavab verib: Eritromerin əsas tərkibi insan hemoglobininin toz şəklinə salınmış formasından ibarətdir. Ehtiyac olduqda bu preparat xüsusi həlledici ilə həll edilərək hazır məhlul halına gətirilir. Preparatın üstünlüklərinə gəldikdə isə ilk növbədə qan və qanəvəzedici preparatlar içərisində bu yeni dərman az allergiya törətməsi ilə fərqlənir. Eyni zamanda qan və qan komponentlərindən fəqli olaraq bu preparat vasitəsilə müxtəlif infeksiyalara yoluxma riski minimumdur, eyni zamanda dərmanın saxlanma şərtləri və müddəti olduqca əlverişlidir.
Hazırladı: H.Rüstəm
araz.az xəbər portalı.