“Qərbi Azərbaycandan olan soydaşlarımızın Qərbi Azərbaycan İcmasına müraciətlərinin sayı günbəgün artır. Orta hesabla hər gün 250-300 soydaşımız İcmaya gəlir, rəsmi şəkildə müraciət yazır”.
araz.az qeyd edir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri, Millət vəkili Əziz Ələkbərli bildirib.
O əlavə edib ki, müraciət edən insanlar qeydiyyata düşmək və öz tarixi torpaqlarına dönə bilmək, orda qoyub gəldikləri əcdadlarının qəbirlərini ziyarət etmək üçün kütləvi şəkildə icmamıza müraciət edirlər:
“Bu da onu göstərir ki, biz həyatımızın mühüm bir mərhələsinə qədəm qoyuruq. Ötən hər gün Qərbi Azərbaycanlıların yurd həsrətinin sonucuna doğru aparır”.
Əziz Ələkbərli onu da qeyd edib ki, sonuncu deportasiyadan bizi 34 il ayırsa da bizim üçün hələ hər şey bitməyib:
“Bu illərdə hər bir Qərbi Azərbaycanlı doğma dədə-baba ocağına qayıtmaq ümidi ilə yaşayıb. 2022-ci ilin 24 dekabr tarixində Azərbaycan Prezidenti İlham Əliyevin Qərbi Azərbaycan İcmasının ofisinə gəlişi və burda icma nümayəndələri ilə görüşü zamanı etdiyi proqram xarakterli çıxışından sonra təkcə bizim icmanın fəaliyyətində deyil, həm də Qərbi Azərbaycanlıların həyatında bir canlanma yaranıb, yeni bir dönəm başlayıb. Soydaşlarımızın tarixi torpaqlara qayıtmaq ümidi daha da güclənib.
Hazırda bir milyondan çox azərbaycanlı ata-baba torpaqlarına dönmək istəyir. Onların arasında təkcə 1988-ci illərdə deportasiya olunanlar deyil, 1915-18, 1948-ci illərdə də köçün həyatına məhkum edilənlər, onların nəvə-nəticələri var. Təkcə 1988-ci ildə deportasiya olunan 250 mindən yuxarı soydaşlarımızın sayı burada artaraq yarım milyona çatıb. Artıq insanlarımızda ümid yox, qəti bir inam var ki, yaxın zamanlarda öz dədə-baba torpaqlarımıza qayıdacağıq”.
Millət vəkili bir məsələni də bildirdi ki, Cənəb Prezident icma ilə görüşündə bu məsələnin bütün aspektlərinə toxundu:
“O cümlədən də, bizim icma üçün də yeni fəaliyyət istiqamətləri müəyyən etdi. Və biz də Qərbi Azərbaycan İcması olaraq bu istiqamətdə sistemli şəkildə fəaliyyətimizi davam etdiririk. Çünki, Qərbi Azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaq istəyi tam olaraq Beynəlxalq hüquqa əsaslanır. Və bu hüququ heç bir qüvvə bizim əlimizdən ala bilməz”.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.