1585565709586663ramizmehdiyev450x250.jpg

Azərbaycanda yüksək ranqlı oliqarxlara yaltaqlıq etmək, onlarla qohumluq əlaqələri yaratmaq, yaxud ən pis halda “nəhəng”lərin kurasiyasına daxil olmaq nisbətən orta səviyyəli məmurlar üçün adi hal sayılır. Başqa cür “kreslo”larını qorumağın mümkün olmadığını düşünən bu məmurlar əslində özləri də bilmədən gələcəklərini təhlükə altına atırlar.

Azərbaycanda bunun bir sıra nümunələri də mövcuddur. Məsələn vaxtilə qılıncının arxası da kəsən AMEA prezidenti Ramiz Mehdiyevə yaltaqlanan, onun məclislərində iştirak etmək üçün dəridən-qabıqdan çıxan, bahalı hədiyyələrlə qapı dalında gözləyən məmurlar, “boz kardinal”ın vəzifəsindən kənarlaşdırılmasından sonra tamamilə əks mövqe sərgiləməyə başladılar. Hətta vaxtilə Ramiz Mehdiyevə yaxınlığı ilə seçilən bir çox kadrlar “kreslo”larını itirdilər.

Hazırda eyni ssenarinin Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ətrafında cərəyan etdiyini söyləmək mümkündür. Ancaq mövzumuz bu deyil. Bu gün Azərbaycanda iri oliqarx-məmurların vəzifədən kənarlaşdırılması ilə başlayan kadr islahatları uğurla davam edir. Yeni və xaricdə təhsil alan daha peşəkar kadrlar dövlət idarələrinə təyin olunur. Onlara büdcə vəsaitlərinə öz dədə malı kimi baxmaması, insanların problemləri ilə maraqlanması üçün xüsusi təlimatlar verilir. Təbii ki, həyata keçirilən islahatların lazımı bəhrəsini də görürük. Ancaq təəssüflər olsun ki, hələ də Mehdiyevlərin, Talıbovların kadrları yüksək vəzifələrdə təmsil olunaraq öz “ağa”larının sifarişlərini yerinə yetirirlər. Konkret.az apardığı araşdırmalar nəticəsində bu məmurların kimliyi haqqında ictimaiyyətə məlumatlar verir və adlar açıqlayır. Bu dəfə isə Ramiz Mehdiyevə yaxın olan, ona və ailə üzvlərinə “məddah”lıq edən bəzi icra başçıları haqda olduqca maraqlı məlumatlar əldə etmişik. Əminliklə deyə bilərik ki, hələ Ramiz Mehdiyev “boz kardinal” olduğu vaxtlarda onun və ailə üzvlərinin xarici ölkələrdə istirahətini təmin edən, Mehdiyevlərə bahalı daş-qaş və zinət əşyaları bağışlayan, bir sözlə sabiq AMEA prezidentinin “qulluğunda” ən yüksək səviyyədə dayanan icra başçılarının adlarını eşidəndə əməlli-başlı şok yaşayacaqsınız.

Xüsusən bu icra başçılarından biri haqqında çox maraqlı faktlar əldə etmişik. Belə ki, Mehdiyevin ifşa olunmasına, onun haqqında çox ciddi korrupsiya faktlarının açıqlanmasına, vəzifə səlahiyyətlərini aşmasına dair məlumatların yayılmasına rəğmən həmin icra başçısı “boz kardinal”a yaltaqlanmaqdan və yuxarıda sadaladığımız əməllərdən geri çəkilməyib. Yəni, onların Mehdiyev və ailəsini bahalı istirahət və hədiyyələrlə hələ də təmin etməsi, bu icra başçılarının nə qədər harınlamasının göstəricisidir. Bu şəxslərin kimliyini müəyyən etmişik və gələn yazılarımızda mütləq ad çəkəcəyik.

Qeyd edək ki, artıq yeni ildən bir çox icra başçılarının öz vəzifələrini itirəcəklərinə dair məlumatlar yayılır. İnanırıq ki, Mehdiyevlərə, Talıbovlara və digər yüksək ranqlı məmurlara “məddah”lıq edən həmin icra başçılarının adları da vəzifəsini itirənlərin siyahısında yer alacaq. Ardı var…

araz.az xəbər portalı.

araz.az xəbər portalı.