Proseslər göstərir ki, qarşıdakı 2-3 il bütün ölkələr üçün, eləcə də Azərbaycan üçün həlledici mərhələ olacaq. Həll edilməli xeyli sayda problemlərimiz və strateji hədəflərimiz var. Azərbaycandakı dəyişiklər forma və məmunca vəhdət təşkil etməlidir. 2019-cu ildən etibarən hakimiyyət köhnə komandanın bir neçə istisna olmaqla, ən ağır daşları ilə vidalaşıb – forma dəyişikliklərinə nail olmuşuq, amma məzmunca eyni həcmdə dəyişikliklərin baş verdiyini söyləmək mümkün deyil. İri ranqlı məmurların vətəndaşa, dövlətə və büdcəyə münasibəti dəyişməz olaraq qalır. Azərbaycan – dövlətdir, təəssüf ki, dövlətə “MMC” kimi yanaşanlar hələ də yüksək və mötəbər kürsülərdə əyləşiblər. Daxili və xarici risklərin xronologiyası üzərində işləməyin zamanı çoxdan çatıb.
Təsadüfi deyil ki, yanvarın 10-da Prezident İlham Əliyev yerli telekanallara verdiyi müsahibədə Azərbaycanın gələcək inkişafının, tarixi probemlərinin həllinin əsas və korpus konturlarını açıqlamışdı:
1. Ordunun gücləndirilməsi
2. Daxili sabitlik
3. İqtisadiyyatın gücləndirilməsi
4. Beynəlxalq müstəvidə Azərbaycanın mövqeyinin gücləndirilməsi
BİRİNCİ İSTİQAMƏT ÜZRƏ – İkinci Qarabağ savaşından sonra Azərbaycan ordusu qalib ordu kimi pozitiv ideoloji relslər üzərindən formalaşmağa başladı. Yeni komando briqadaların yaradılması, Türkiyə modelinə keçid, hərbi arsenalın ən müasir silahlarla təchiz edilməsi prosesi qətiyyətlə həyata keçirildi. Düşünürəm ki, Türkiyənin Azərbaycan ordusuna dəstəyi davam etməli, bu dəstək komando tipli birləşmələrin yaradılması ilə yekunlaşmamalıdır. Türkiyə əldə etdiyi hərbi-taktiki nailiyyətlərini, bu sahədəki elmi-texnoloji biliklərini Azərbaycana da transfer etməlidir.
Amma 2017-ci ildə həyata keçirilən və xalq-ordu, dövlət-ordu arasındakı münasibətlərinin qayçılanmasına yönələn “Tərtər cinayətləri” bu istiqamətdə yeganə neqativ kimi hələ də gündəmdədir. Bu cinayəti həyata keçirən şəxslər və sifarişçilər həqiqi cəzalarını alandan sonra Ordunun gücləndirilməsi prosesi və xalqın Orduya olan inamı tam şəkildə təmin edilmiş olacaq. 2021-ci ilin dekabrında Prezident İ.Əliyevin tapşırığı ilə istintaq komissiyasının yaradılması bu istiqamətdə obyektiv nəticənin əldə olunacağına böyük ümidlər yaradıb və artıq müsbət nəticələr də əldə olunub, bu işdə bəraət alanlar və hüquqları təmin edilən yüzlərlə zərərçəkmiş var. Ordunun yüzlərlə hərbçisinin işgəncələrə məruz qalmasında və onların haqsız cəzalandırılmasındakı “xidmətləri”nə görə mükafatlandırılaraq daha yüksək vəzifələrə təyin edilən şəxslərin siyahısı da dəqiq şəkildə hazırlanmalıdır. Orduda hələ də Rusiyaya bağlı şəbəkənin mövcudluğu heç bir şübhə doğurmur. Ordunun bu şəbəkədən təmizlənməsi təmin edilməli və Rusiyanın güc strukturlarımıza nüfuz etməsi sıfırlanmalıdır.
İKİNCİ İSTİQAMƏT ÜZRƏ – Daxili sabitliyə təhlükə törədə bilən radikal dini qruplaşmalarla bağlı görülən işlər təqdirəlayiqdir, amma bundan sonrakı mərhələdə bu istiqamətdə görülən işlər ideoloji mərhələyə daxil olmalıdır. Bu amilə təkcə İran kontekstində yox, həm də Səudiyyə Ərəbistanı faktoru üzərindən baxmaq lazımdır. Son 30 il ərzində cəmiyyət iki mərhələli dini-ideoloji müstəvidə çaşqınlıq içərisində qalıb: Birinci mərhələdə – 2015-2019-cı ilə qədər cəmiyyət Səudiyyə Ərəbistanın dəstəklədiyi təriqətə (vəhhabilərə) aqressiya nümayiş etdirirdi, İkinci mərhələdə – 2020-ci ildən sonra isə İranın dəstəklədiyi təriqətə (şiələrə) aqressiya nümayiş etdirir.
Biz təriqətlər arasında seçim etmirik, amma görünən budur ki, biri zəifləyən kimi digəri boşluğu doldura bilir. Milli model yaratmasaq, dini-ideoloji boşluqlar daxili sabitliyə təhlükə yaradan əsas faktor kimi qarşıdakı illərdə də aktual olacaq.
Həmçinin, xarici ölkələrdən, xüsusilə Qərbdən qrantlar yolu ilə ölkəmizə daxil olan “demokratik” ənənələr ciddi ictimai rezonans yarada bilir. Daha çox və kosmetik olaraq siyasi çalarları özündə əks etdirən bu faktor bloklana bilməz, amma daxili sabitliyə təhlükə yarada biləcək həddə çatmasının qarşısı alınmalıdır.
Ən əsası, ölkədə sosial ədalət və hüquq-məhkəmə sistemində ədalət prinsipi təmin edilməlidir. Sosial problemlər və hüquq sistemindəki boşluqlar ictimai aqressiyanı hər gün artırır və bu, daxili sabitliyə təhlükə yarada bilən bazanın özəyini təşkil edir. Elə xarici ölkələr də əsasən bu boşluqlardan istifadə edərək Azərbaycana soxula bilirlər. Gürcüstanda azərbaycanlıların yaşadığı bölgələrdə İran bütün təşəbbüsü ələ alıb, cənub qonşumuz bu təşəbbüsü oradakı işsizlikdən faydalanaraq ələ ala bilib. Yaxud da bir müddət əvvəl ölkəmizi tərk edən Seyid Əliəkbər Ocaqnejadın Bakıdakı ofisinin qarşısına hər gün onlarla insan gəlib maddi yardım istəyirdilər. Heç şübhəsiz, bu amildən istifadə edərək azərbaycanlıların İrana qarşı etimad və inam şəbəkəsi yaranırdı.
Digər tərəfdən, ictimai münasibətlər sistemində (insanların bir-birinə etimadı, döpvlət-vətəndaş münasibətləri və s.) pozitiv nailiyyətlər əldə olunsa da, amma bu istiqamətdə ciddi qeyri-müəyyənlik var. Hamı hər şeydən xəbərdardır, amma heç kəs nə baş verəcəyini bilmir, hər kəs ümidsizdir. Daxili sabitliyin ideoloji təminatını şərtləndirən əsas amillərdən biri qeyri-müəyyənliyin aradan qaldırılmasıdır.
Eləcə də, regionçuluq amili aradan qalxmalı, heç bir bölgənin iqtisadi-siyasi və hüquqi hüquqlarının qorunması digər bölgənin hüquqlarının qorunmasının önünə keçməməlidir.
Daxili sabitlik sağlam cəmiyyət üzərində bərqərar olur. Cəmiyyətimiz isə narkomaniyanın təsiri altında öz sağlamlığını itirməkdədir. Narkotik maddələrin dövriyyəsinə və narkomaniyaya qarşı mübarizədə müxtəlif ölkələrin təcrübəsi öyrənilməli, heç bir ölkənin təcrübəsi olduğu kimi tətbiq edilməməli, bu təcrübədən doğan ortaq model yaradılmalı və mübarizə qarşıdakı illərdə daha şiddətli şəkildə (cəzaların sərtləşdirilməsi effekt vermir, bu amil istisna) davam etməlidir.
ÜÇÜNÜCÜ İSTİQAMƏT ÜZRƏ – Bu faktor olmadan güclü ordudan da söhbət gedə bilməz. İqtisadiyyat yoxdursa, güclü ordu da yoxdur, siyasət də. Bu istiqamətdə ciddi işlər həyata keçirilib, xüsusilə vergi və gömrük sahəsində şəffaflığın təmin edilməsi cəmiyyətin bu sahələrə olan aqressiyasını da səmərəli şəkildə azaldıb, büdcəyə daxil olmalaar əhəmiyyətli dərəcədə artıb. Amma xırda istehsal müəssisələri sürətlə müflis olur, təmərküzləşmə prosesi çox aqressiv şəkildə davam edir. Nefti tədricən büdcənin və inkişafın əsas təminat faktoru kimi A kateqoriyasından B kateqoriyasına keçirmək, rurbanziya (şəhərlərin kəndə axını) prosesini başlatmaq, Bakının infrastrukturu ilə bağlı sərt qanunlar tətbiq etmək, Sumqayıt və Gəncə kimi Mərkəzi Aran rayonlarından birini ciddi sənaye müəssisələrinə və infratruktura malik şəhərə çevirmək lazımdır. Məmurların oliqarxa, monopolistə çevrilməsi bloklanmalıdır. Əlində ciddi kapital olan məmur dövlət üçün təhlükə mənbəyidir. Ölkənin bu başında Bakı, o biri başında isə Gəncədir, ortada inkişaf edən şəhər yoxdur. Önə çıxmalıdır – turizm sektoru, silah sənayesi və texnologiya…
DÖRDÜNCÜ İSTİQAMƏT ÜZRƏ – İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın heç bir hərbi ittifaqa qoşulmaması Qarabağın işğaldan azad edilməsi istiqamətində atılan addımların ən vaciblərindən biri idi. Qoşulmama Hərəkatına rəhbərlik ölkəmizin müstəqil və tərəfsiz siyasətinin qlobal müstəvidə təsdiqi idi. Bundan sonra da Azərbaycan müttəfiqləri ilə münasibətlərini gücləndirməli, müxtəlif istiqamətlərdə mütəffiqlik arealını genişləndirməlidir. Zəngəzur dəhlizinin açılması Azərbaycanın beynəxalq mövqeyinin güclənməsinə ciddi xidmət edəcək. Türkiyə və Rusiya əsas müttəfiq kimi qalmalı, İranla münasibətlər taktiki-situativ mərhələdə davam etməli (ən azı, İran strateji birliyə məcbur olana qədər), türk ölkələri ilə əlaqələr möhkəmləndirilməli, Böyük Britaniya, İtaliya və İsraillə qurulan tarixi əlaqələr ciddi şəkildə qorunmalı, ABŞ-ın ölkəmizdə şaxələndirilmiş iqtisadiyatın təşviqinə nail olmaq lazımdır.
Bütün bu amillər həyata keçirilərsə, daha güclü bir dövlətə sahib olacağıq, şübhəsiz ki, bu imkanlar Ermənistanın da daim zəif durumda qalmasını da təmin etmiş olacaq.
Samir FEYRUZOV.
araz.az xəbər portalı.