sahilsikayət

Allahdan qorxmayanlar, anadangəlmə iflic olan qızın da əlillik təqaüdünə təcavüz etməkdən çəkinməyiblər

2-ci qrupu 3-cü qrupla əvəzləyənlərin vicdan və qanun çərçivələrinə sığmayan əməlləri

Sahil Babayev ölkənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin başına gələndən, bu önəmli dövlət qurumunun adıyla, ictimaiyyətin haqlı narazılığına səbəb istədiyi min cür oyun oynayıb. Elə, buna görədir ki, ötüb keçən bütün illərdə camaat tərəfindən ən çox tənqid atəşinə tuş gələn də, bu nazirlik, onun başında duranlar, onların ətraflarına topladıqları oyunbazlardır. Harda məclis var, harda kütlə var, elə orda da, nazirliyin, nazirin və onun ətrafının ünvanlarına ağlagəlməz ittihamlar səsləndirilir. Sanki qarşılarındakı Qarabağ cəbhəsindəki mənfur düşməndir, top atəşinə tuturlar. Ətraflarına topladıqları dəhşət doğuran əməl sahibləriylə — məsul vəzifələr tutan yaxınlarıyla birlikdə, nələr etməyiblər bu xoşagəlməz vəzifə sahibləri?!

Camaat isə, hədsiz narahatlığa səbəb bu suala cavab axtarır xeyli müddətdir: “Bura nazirlikdir, yoxsa “qohum-əqrəba” kontoru?!”. Çünki onların mövcud qanunlarımız çərçivəsinə sığmayan bəd əməlləri barədə, birbaşa ölkə rəhbərliyi adına, eləcə də aidiyyatı dövlət qurumlarına ünvanladıqları saysız-hesabsız şikayət xarakterli müraciət və ərizələrinə cavab olaraq, onların ötüb keçən müddət ərzində, heç olmasa, adicə xətirlərinə belə dəyən kimsə tapılmayıb. Məhz bunun xoşagəlməz nəticəsidir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin saxta pensiya və əlilliyə qarşı mübarizəsini əksəriyyət oyun və yenidən rüşvət yığma taktikası kimi qələmə verərək, “aləmə car çəkirlər”.

008820da880187d51fcf557aee75b533203ce1b9-dfb0-47a3-b370-8ccbfb54f18d-jpg (1).jpg

Konkret desək, bu biabırçı mühitdə haqlının haqsız və çarəsiz duruma düşməsi danılmazdır. Bütün bunlar isə, ölkə əhalisi arasında, nazir Sahil Babayevin rüşvətdən güc alan “təqaüd islahatlarının təntənəsi” kimi öz qiymətini alır. Bu “islahatlar” ucbatından, haqlı əlil olan şəxslərin əlillikləri ləğv edilir, 1-ci qrup əlillərə 2-ci qrup əlillik dərəcəsi, 2-ci qrupa 3-cü, 3-cü qrupa isə, heç bir dərəcə verilmir. Hətta Sahil Babayevin “islahatları” Qarabağ uğrunda gedən savaşlarda, öz sağlamlıqlarını itirən döyüşçülərimizin belə əlillik haqqına girə bilir. Üstəlik, nazirin düşünüb, ortaya çıxardığı bu “islahatların” kökündə rüşvət başlıca yer tutur. Beləcə, bu nazirlik strukturlarında vəzifə kreslolarında oturanlar, bu “islahatlardan” güc alanlar, qorxub-çəkinmədən, saxta yolla, hiylə dolu üsul və vasitələrlə, yuzlərlə özləri kimi saxtakarlara, indiyədək, saxta əlillik verib və verməkdə davam edirlər.

f73a41a6be76199b82d566771eccdfc2b9d177e4-5fc9-4b52-babb-c4795a501bb2-jpg.jpg

Yeri gəlmişkən, onu qeyd edək ki, bu sarıdan, rayonlarda vətəndaşların vəziyyəti, həmişə, daha açınacaqlı olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Səhiyyə Nazirliyinin xoşagəlməz birgə əməkdaşlıqlarının nəticəsi olaraq, əvvəlki dövrlərdə, təyinetmə prosesində çox ciddi rüşvət və korrupsiya halları yayılıb. Konkret desək, rüşvət verərək, saxta yollarla əlilik alanlar çoxluq təşkil edib. Elə, cəmiyyətdə olan narazılıqlar fonundan da açıq-aydın görünüb ki, bunun cəzasını “saxtakar həkimlər” çəkməli olduğu halda, daha çox, sadə vətəndaşlar çəkib, onların pensiyaları qanunsuz olaraq ləğv edilib, yenidən komisiyadan keçmələri tələb olunub.

Dəhşət ondadır ki, rayonlarda bu məsələni, yəni, qanuni əlilliyi təsdiq etmirlər; Tələb edilir ki, mütləq, Bakı şəhərinə gedib, orada komissiyadan keçməlisən. Əlilliyi olan bu insanlar Bakı şəhərinə necə getsinlər, hansı vəsaitlə getsinlər?! Axı, onlar əlildirlər, özlərini idarə edə bilmirlər. Vətəndaşın əlilliyinin müəyyən edilməsi üçün, xəstəxanalar isə, “Forma — 88” adlı blankı, electron formada, Həkim — Ekspert Komisiyasına göndərir. Bu sənədlərdə nə yazıldığını isə, heç kəs bilmir. Sonradan biləndə isə, artıq, gec olur. Məhz buna görədir ki, imtinaların böyük əksəriyyətində, “Forma — 88” blanklarının düzgün doldurulmadığı qeyd olunur.

Bu yerdə, bir ara ölkə gündəmini zəbt etmiş bir sualla, hər iki nazirliyin başında duranlara, mən də, haqqı çatan bir ölkə vətəndaşı olaraq, müraciət etmək istəyirəm: “Bu proses 3 ilə yaxındır ki, davam edir. Bu 2 nazirlikdə, bir dənə də olsa, savadlı məmur tapılmadı ki, “Forma — 88″ blankının necə doldurulmasını təsdiq edən bir nüsxəni hazırlayıb, surətini Azərbaycanda olan xəstəxanalara göndərsin və həmin xəstəxanalarda, həmin nüsxədən istifadə edərək, vətəndaşların bu haqlı narazılıqlarını aradan qaldırsınlar?!”.

Qabaqcadan görünür ki, bu sualın cavabı onlara xeyir gətirməyəcək deyə, susmağa üstünlük verəcəklər, çünki onlar hər şeyin qanunlarımızın tələbələri çərçivəsində yoluna qoyulmasını heç vaxt istəməyiblər.

69e141506ea45fccfabecad91d6e6d6d99619080-0bee-4807-8bf7-83fb42cfc13b-jpg.jpg

Elə, buradan belə açıq-aydın göründüyü kimi, əlillik dərəcəsinin təyin və müəyyən edilməsi zamanı, əlil vətəndaşların üzləşdikləri problemlər üzücü və cansıxıcıdır. Son vaxtlar, saxta əlillik adı altında, qanuni əlilliyi olan vətəndaşların da pensiyasını dayandırırlar. Gözü tutulan xərçəng xəstəsinin, anadangəlmə şikəst və yataq xəstəsi olan, hətta əli-ayağı olmayan vətəndaşların belə təqaüdlərini kəsirlər. Əlillik təqaüdü kəsilənlər: “Aylardır yoxlayırlar. Nə yeyək? Nə ilə müalicə olunaq?” — deyəndə, adamın onlara yazığı gəlir. Üstəlik, əhalinin aztəminatlı qrupuna sosial yardımlar da verilmir. Ucdantutma hamıya imtina verilir. Müxtəlf bəhanələrlə, bu barədə müraciət edənləri, “ağına-bozuna baxmadan” süründürürlər.

Biz də, öz növbəmizdə, redaksiyamıza edilən çoxsaylı şikayətlər əsasında, həmin ailələrdə araşdırma və video-çəkilişlər apararaq, ictimailəşdiririk. Onlardan birinin nəticəsi isə, indi göz qabağında olacaq. Bu “islahatlar təntənəsinin” nə qədər kədərli və üzücü olduğunu bilmək üçünsə, araz.az-ın dəyərli oxucularına, bu yazıda təqdim etdiyimiz foto-şəkillərə və video-görüntüyə baxmaq belə kifayətdir.

Foto-şəkillərini təqdim etdiyimiz və təqaüd almağa haqqı çatan bu qız da, indi haqsız və çarəsiz durumda olan bir Azərbaycan vətəndaşıdır. Yəni, Sahil Babayevin rüşvətlə ölçülən “təqaüd islahatlarının” mövcud qanunlarımızın tələbələrinə qarşı olmağa gücü çatan daha bir “təntənəsi” göz qabağındadır. Anadangəlmə iflic olan bu qızın pensiyası kəsilib: 2-ci qrup, 3-cü qrupla əvəzlənib. Lakin bunu edənlər də yaxşı bilirlər ki, iflic xəstəliyindən olmazın əziyyət çəkən və 17 yaşına yenicə girən Yasəmən Qabil qızı Vəliyevanın köməyə böyük ehtiyacı var. Elə, bu cümlələrdən də, 2006-cı ilin iyun ayının 6-da Bərdə rayonunda anadan olan, doğuş zamanı qüsur aldığı üçün, anadangəlmə iflic xəstəliyindən əziyyət çəkən, bədəninin bir tərəfi tamamilə işləməyən, bu xəstəliyi ilə bağlı, Uşaq Nevroloji Xəstəxanasında müalicədən kecən, 2022-ci ilin oktyabr ayına kimi 2-ci qrup əlillik pensiyası alan, lakin oktyabr ayından pensiyası kəsilən, 2023-cü ilin yanvar ayından etibarən, 2-ci qrup əlillik dərəcəsi 3-cü qrupla əvəzlənən bu qızın başına oyun açanların necə vicdansızlıq etdikləri hər kəsə aydın olur.

Uşaq atası Qabil Vəliyev də, ölkə başçısından tutmuş, müxtəlif instansiyalara ünvanladığı çoxsaylı müraciətlərində qeyd edir ki, 3-cü qrup əlilliyə görə, qızına verilən pensiya, onun müalicəsinə belə yetmir. Bu ciddi məsələyə, yenidən nazirlik tərəfindən ciddi baxılmasına və daha ciddi yanaşılmasına ciddi göstəriş verməsini ölkə rəhbərindən dönə-dönə xahiş edir.

Yeri gəlmişkən, onu da qeyd edək ki, bu əlil xəstə qızı böyüdən ailə, Ağdam rayonunun Güllücə kəndindən məcburi köçkündür. Ailə adından, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanan müraciətlərə də, hər dəfə, qəribə tərzdə cavablar verilir. Problemi nazirliyin deyil, rəyi yazan həkimlərin yaratdığı göstərilir. Ailənin digər müraciətlərinə isə, heç bir instansiyada baxan tapılmır. Beləcə, bu ailənin, əlil qızın heç olmasa dərəcəsinin 2-ci qrupa qaytarılması istəyi belə yerinə yetirilmir. Doğma-yaxınlarının dedikləri kimi, Yasəmən Vəliyevanın başına gətirdiklərindən, əlilliyi aydın görünən bu insana qəsd etməkdən, onu incitməkdən, elə bil ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Səhiyyə Nazirliyinin məmurları həzz alırlar. Belə olmasaydı, heç olmasa, bu barədə, KİV-lərdə gedən saysız-hesabsız tənqidi məqalələrdən birinə, bu nazirliklər tərəfindən, bircə dəfə də olsa, reaksiya görünərdi. Bütün bunlara baxmayaraq, heç bir tədbir görülmür və görmək istəmirlər. Belə durumda olan vətəndaşı mənən məhv etməkdən də, onu hədsiz narazı salmaqdan da çəkinmirlər. Çalışırlar ki, ortada, onlara çatası nəsə olsun. Məhz buna görədir ki, onlar süründürməçiliyə köklədikləri bəd əməllərindən əl çəkmək istəmirlər.

Bir daha, konkret deyirik ki, burada da, onların məqsədləri bambaşqadır: Onlar tərəfindən, yenə bu xoşagəlməz proseslər təkrarən gedir və saysız-hesabsız ölkə vətəndaşlarına əzab-əziyyət verilir, qəsdən vaxt uzadılır. Bəzi ölkə vətəndaşları isə, bu süründürməçilik qarşında aciz olduqlarını ortaya qoyaraq, bezib, təkrar müraciət üçün, əlaqədar dövlət qurumlarına tərəf üz tutmaq istəmirlər. Halbuki onlara təqaüd hava və su kimi vacibdir. Lakin çoxdandır ki, ağrı-acı dolu bu xəbər, şahidi olduğumuz həqiqət və reallıqlar belə təqaüd alanların sayının günbəgün azaldığını sübut edir! Bu da, Sahil Babayevin ətrafı ilə bərabər, həyata keçirdikləri ağlasığmaz daha bir “təqaüd islahatının”, daha bir üzücü “təntənəsi”!..

[bt_youtube url=”‘https://www.youtube.com/embed/ZyF_GnrBmSo’ ” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

Vaqif ƏHMƏDOV,
“Araz” qəzetinin və araz.az xəbər portalının xüsusi müxbiri.

REDAKTORDAN SÖZARDI:

Yalan! Yalan! Yenə də, Y A L A N!
Özü də, bu dəfə LAP YEKƏSİ!
Yekə də olsa, yalansa, gerçək olsun!
Həmişə xalqı yalanlarla, yalançı vədlərlə inandırmağa çalışan Sahil Babayev, yenə də, yalanlarla danışır, yalan vədlər verir. “Kor-kor, gör-gör!”dürsə, onda, Sahil Babayevin gözünü kim və ya nə bağlayıb?! Heç olmasa, eşitmirmi?! Onda, o, həm kordur — görmür, həm də kardır — qətiyyən eşitmir!
Yoxsa, belə danışmazdı yüksək tribunalardan! Özü də, bölgələrdə işsizlik baş alıb getdiyi, acından batanlar isə, xalqın əksər övladları olduğu bir vaxtda! Həm də, ölkə sahibkarlarının “monopoliya qurbanlarına” çevrildikləri dəhşət dolu bir dönəmdə!..

araz.az xəbər portalı.