Ramiz-Zeynalov.jpg

Prezident seçkilərindən sonra ölkəmizdəki kadr dəyişiklikləri fonunda daha çox narazılıq olan qurumlarla bağlı sərt qərarlar verilib. Prezidentin şəxsən narazı qaldığı və yeni komandada həmin qurum rəhbərlərinə yer verilməməsi hakimiyyətin artıq fərqli taktika seçdiyini göstərir.

Yəni, belə demək mümkündürsə, ciddi siyasi dəyişikliklər olmasa da, insanların gündəlik həyatında narazılığa səbəb olan qurumlarla bağlı ölçü götürülür. Heç kimə sirr deyil ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Miqrasiya Xidmətində baş verən rəhbər dəyişiklikləri də məhz bununla bağlı idi. Ölkə başçısının bu istiqamətdəki prinsipiallığının davam etdiyi bildirilir. Belə ki, cəmiyyətdə narazılıq yaradan qurumlarda yeni dəyişikliklərin ediləcəyi iddia olunur.

Məlumat üçün bildirək ki, son illər sosial şəbəkələrdə və mediada yol polisləri ilə bağlı narazılıqların artması, bu qurum haqqında biabırçı video-çarxların yayılması, ictimai rəydə qurumun heç bir nüfuzunun qalmaması DYP rəhbərliyi ilə bağlı da sərt qərarın veriləcəyini qaçılmaz edib. Bəzi ekspertlər isə sözügedən qurumun ləğvinin zərurətə çevildiyini bildirirlər. Yeni qurumun yaradılması isə, 5 ildir təqaüd yaşı çatsa da, mövqeyini qorumağı bacaran general Ramiz Zeynalovun çevik bir kadrla əvəz edilməsinə səbəb ola bilər. Böhran dönəmində dövlət büdcəsini talayanların büdcəni dolduracaq məmurlarla əvəzlənməsi isə ən doğru yol sayılır.

Onu da nəzərə çatdıraq ki, artıq DYP-dən narazılıq siyasi, hətta Milli Məclis müstəvisinə də qalxıb. Son dövrlər deputatlar bu qurumun fəaliyyətindən narazılıqlarını ifadə edirlər. Təbii ki, narazılığın hamısı general Ramiz Zeynalova yönəlmir. Amma nəzərdən qaçırmayaq ki, bu qurumun idarəçiliyi ona bağlıdır. Əgər o, illərdir mövcud olan dərəbəyliyi aradan qaldırmayıbsa, ya bunu bacarmır, ya da bu işdə şəxsi marağı var. Hər iki halda, R. Zeynalovun səriştəsizliyi ortadadır. Doğrudur, media illərdir general Ramiz Zeynalovun Baş Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsindən azad ediləcəyini yazsa da, hələ ki bu proqnozların heç biri özünü doğrultmur. Onun rəhbərlik etdiyi idarənin adı əksər hallarda xoşagəlməz hadisələrdə hallanır. Xüsusilə sürücülük vəziqəsinin verilməsində və yol patrul xidmətinin işindəki qüsurlar önə çəkilir. Ancaq 24 ildir ki, bu vəzifədə qərar tutan R. Zeynalovla bağlı artıq son qərarın verildiyi iddia olunur.
“Reytinq”ə daxil olan məlumata görə, tezliklə R. Zeynalovun vəzifədən uzaqlaşdırılması ilə bağlı qərar verilə bilər. Məlumata görə, artıq Prezident İlham Əliyevin də bununla bağlı qəti mövqeyi var. Mənbəmiz bildirib ki, ölkə başçısı yol polisinin fəaliyyətindən narazılığını açıq şəkildə ifadə edib:

“Prezident hər kəsin bu günə kimi göstərdiyi xidməti dəyərləndirdiyini desə də, heç kimin məsuliyyətsizliyinə göz yumulmayacağını bildirib. Belə demək mümkünsə, Ramiz Zeynalovun “qələmi qırılıb”. Onun yaxın ətrafının da vəzifədən çıxarılması buna sübutdur. Hələlik son müzakirələr gedir. Yəqin ki, bu mühüm posta kimin gətirilməsi dəqiqləşəndən sonra Ramiz Zeynalov vəzifədən azad ediləcək”.
Təsadüfi deyil ki, son dövrlər elektron mediada generalın biznesi ilə bağlı da ilginc məqamların əks olunduğu yazılar yer almaqdadır. Əgər bir müddət əvvələ qədər R. Zeynalov bu kimi yazılara həssas yanaşırdısa və onların silinməsinə cəhd edirdisə, artıq buna ehtiyac görmür. Həmin yazılarda isə qeyd olunur ki, Ramiz Zeynalovun ölkənin şimal və cənub rayonlarında çoxsaylı asfalt və beton zavodları, daş karxanaları fəaliyyət göstərir. Məsələn, Qubadakı Vəlvələ çayı yaxınlığında meşə massivinin 5 hektarlıq hissəsi məhv edilərək, yerində 4 ay ərzində daş karxanası və beton zavodu inşa edilib. Hətta həmin zavodun avadanlıqlarının Almaniyadan gətirildiyi qeyd olunur. Mediada yer alan məlumatlar üzərində apardığımız araşdırmalar zamanı məlum olub ki, hər bir biznes sahəsi üzrə ayrı-ayrı şəxslər təhkim olunub və onların öz vəzifələri var. Məsələn, Ramiz Zeynalovun beton zavodları və daş karxanalarının idarəçiliyi DYP-nin alay komandiri, polkovnik Balakişi Əhmədovun nəzarətinə verilib. Hətta B. Əhmədov bu yaxınlarda cənub bölgəsində generalın yeni inşa edilmiş zavodunun açılışına da gedib.

Deyilənə görə, BDYPİ rəisinin biznesi təkcə beton zavodları, daş karxanaları ilə məhdudlaşmır. Onun əsas «biznesi» elə rəhbəri olduğu qurumdadır. Yerli “MERO”-ların fəaliyyətinə diqqət yetirdikdə avtomobil nömrələrinin alverindən tutmuş, sürücülük vəsiqələrinə qədər – hər şeyin alınıb-satıldığı idarədə bu işlərə nəzarət heç də uzaq bir şəxsə verilməyib. Yəni, əsas postlar generala yaxın şəxslərə həvalə olunub.

Onu da unutmayaq ki, Azərbaycanda hər hansı ciddi fuqur “vurulmazdan” öncə onun “qol-budağı” kəsilir. R. Zeynalovun da karyerasına son qoymazdan öncə onun yaxın ətrafı “vurulur”.

Xəbər verdiyimiz kimi, iki həftə öncə daha bir rayonun icra başçısının işdən azad edilməsinə dair sərəncam verilib. Belə ki, Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov vəzifədən azad olunub. Prezidentin digər sərəncamı ilə Məmməd Cahangir oğlu Məmmədov Tovuzun icra başçısı təyin edilib.

Xatırladaq ki, Tofiq Zeynalov Ramiz Zeynalovun qardaşıdır və uzun illərdir Tovuz rayonuna başçılıq edirdi. Tofiq Zeynalov işdən çıxarılması haqda xəbəri şərh edərkən deyib ki, vəzifədən azad edildiyini nahar fasiləsindən qayıtdıqdan sonra eşidib. “Allah cənab Prezidentdən razı olsun. Şübhəsiz ki, islahatlar davam etdirilməlidir. Yeni kadrlar gəlməlidir. Bizə tapşırılan bu vəzifəni yerinə yetirdik, bizdən sonra gələnlər də, inanıram, yüksək səviyyədə işlərinin öhdəsindən gələcəklər”,-deyib.

Lakin “Reytinq”ə daxil olan məlumata görə, T. Zeynalovun işdən çıxarılmasını sakit qarşılaması (hər halda o, açıqlamasında belə davranmağa çalışıb) üçün səbəb yoxdur. Çünki yeni icra başçısı işə əvvəlki rəhbərliyin faəliyyətini təftiş etdirməklə başlayıb. İddia olunur ki, “Zəhər Məmməd” kimi tanınan M. Məmmədovun RİH-də ciddi korrupsiya faktlarının olmasından, eləcə də bir çox sahələrin inkişafına, rayonda abadlıq və quruculuq işlərinin aparılmasına ayrılan dövlət vəsaitlərinin təyinatı üzrə xərclənmədiyindən şübhələnir.
Əslində yeni icra başçısı iyunun 9-da açıqlamasında da daxil olan məlumatda həqiqət payının yüksək olmasına dair ip ucu verib. “Cənab Prezident bizim qarşımızda böyük tələblər qoyub. Bu tələblərdən biri xalqın maddi rifah halının yaxşılaşdırılmasıdır. Rayonda yollar çəkilib, təsərrüfatlar qurulub. Amma görülən işlər bizi qane etmir. Mənə daha çox əhalinin xidmətkarı olmaq tapşırığı verilib”,- deyən M. Məmmədovun sözlərindən iki nəticə çıxır:

Birincisi, ölkə rəhbərliyi DYP rəisinin qardaşının Tovuzdakı işindən narazı qalıb.
İkincisi, yeni icra başçısı “Mənə daha çox əhalinin xidmətkarı olmaq tapşırığı verilib”,- deməklə əvvəlki rəhbərliyin şəxsi maraqları üçün çalışdığına işarə edib.

Qeyd edək ki, Tovuzun sabiq icra başçısı Azərbaycanın ən imkanlı rayon rəhbərlərindən biri sayılır. Onun geniş binzes şəbəkəsi mövcuddur. Həm Tovuzun özündə, həm də Gəncə və Bakıda çoxsaylı obytektləri olan T. Zeynalovun hətta ölkədən kənarda da biznesinin olmasına dair iddialar səslənir. Bundan başqa, sabiq icra başçısının çoxsaylı mülklərinin olması da sirr deyil. Onun geniş binzesə və şəxsi sərvətə malik olmasında isə ötən illər ərzində Tovuz rayonunun sosial-iqtisadi inkişafı və abadlaşdırılması üçün dövlət büdcəsindən ayrılan milyonlarla manat vəsaitin təyinatı üzrə xərclənməməsi ciddi rol oynayıb. Yəni, ehtimal olunur ki, həmin vəsaitlərin önəmli hissəsi nəzərdə tutulan işlərə yox, T. Zeynalovun şəxsi maraqlarına yönəldilib. Məsələn, rayonda təmir və tikinti məqsədilə keçirilən tenderlərin daha çox formal xarakter daşıdığı, həmin tenderləri bir qayda olaraq, sabiq icra başçısına yaxın şirkətlərin qazandığına dair faktlar var. Həmin faktlardan bəziləri artıq mediaya sızmağa başlayıb. Bu da təsadüfi sayılmır. Belə görünür ki, qarşıdakı günlərdə T. Zeynalovun fəaliyyətindəki qaranlıq məqamlarla bağlı oxşar faktlarla tanış olmağa davam edəcəyik, bunun isə keçmiş icra başçısına ciddi başağrısı yaşada biləcəyi istisna olunmur.

Qeyd edək ki, Tovuz Rayon İcra Hakimiyyətində ciddi nöqsanların olması Hesablama Palatasının auditləri nəticəsində zaman-zaman öz təsdiqini tapıb. Misal üçün, Palatanın 2015-ci ildə fəaliyyəti haqqında sənədindən məlum olurdu ki, RİH-də 1 məsul işçi tutduğu vəzifədən azad edilib, 7 işçiyə töhmət verilib, 1 qurumun rəhbərliyinə ciddi irad bildirilib. Bunun səbəbi isə şübhəsiz ki, Tovuz Rayon İcra Hakimiyyətində korrupsiya xarakterli əməllərə yol verilməsi idi.

Yeni icra başçısının aparacağı təftişin isə ortaya daha ciddi nöqsanlar qoyacağı şəksizdir. Belə olan təqdirdə T. Zeynalovu qarşıda çətin günlərin gözləyəcəyinə şübhə yeri qalmır.

Hər halda, Zeynalovların vəzifədən getməklə canlarını qurtarması onlar üçün böyük uduşdur. Ramiz Zeynalovu ciddi təhlükə gözləməsə də, yaxın ətrafının “dalana dirənməsi” qaçılmaz olacaq. Yəqin ki, bu, yaxın zamanlara təsadüf edəcəkdir. (http://bakunews.az)

araz.az xəbər portalı.