Nazir müharibə veteranlarının müalicəsinə əhəmiyyət vermir
Azərbaycanda social müdafiəyə ciddi ehtiyacı olan iki milyona yaxın insanın taleyi ilə oynamaq ƏƏSM nazirlərinin adətinə çevrilib. Bu adətin yaradılmasında sabiq Əmək və Əhalinin Sosial Müdafiə nazirləri işləmiş Füzuli Məmmədovun və Səlim Müslümovun “xidmətləri” danılmazdır. Nazir postuna iki ay bundan əvvəl əyləşmiş Sahil Babayevin tərpənişindən də aydın hiss olunur ki, bu da özündən əvvəlki nazirlərdən yaxşı heç nə ilə fərqlənmir. Necə deyərlər, “köhnə hamam, köhnə tas, harda gəldi gopa bas” məntiqi ilə yerində saymaqla məşğuldur.
Hər kəs yaxşı bilir ki, Səlim Müslümov Azərbaycanda təqaüd alan insanları Bakı şəhərində və rayonlarda yaşayanlar qrupuna bölərək, heç bir əsas olmadan, birinci qrup təqaüdçülərin pulunu hər ayın 5-10-nu, ikinci qrup insanların təqaüdlərini isə hər ayın 25-30 arasında ödəyirdi. Bu qaydanı guya büdcədə yaranmış pul qıtlığı ilə bağlamaq cəhdləri də oldu və camaat da bununla razılaşmayıb, etiraz etdi. Lakin nədənsə, xalqın bu etirazına əhəmiyyət verən olmadı və bu gün də bu cür ədalətsizlik davam edir. Sahil Babayev nazir təyin olunduğu zaman ilk açıqlamalarından biri bu oldu ki, ölkədə bütün təqaüdçülərin pulu eyni vaxtda ödəniləcək. Lakin həmin açıqlamadan xeyli zaman keçməsinə baxmayaraq, iki aydır ölkə vətəndaşlarının təqaüdlərinin adənilməsi arasında mövcud olan ayrıseçkilik davam edir.
Başqa bir müşahidə olunan mənfi hal odur ki, vətəndaşın cənab nazirin qəbuluna düşmək istəyi xeyli çətinləşdirilib. Ölkə Prezidenti cənab İlham Əliyev bütün çıxışlarında hər bir məmurdan xalqa xidmət göstərməyi ciddi şəkildə tələb etdiyi halda, cənab Sahil Babayev xalqın müraciətlərinə laqeyd yanaşır və onların şəxsən qəbul olunub şikayətlərinə baxılmasına hörmətsizlik göstərdiyi müşahidə olunur. Xüsusən, Qarabağ müharibə veteranlarının müalicəsinin təşkil olunmasına, dövlətin bu məqsəd üçün ayırdığı vəsaitin öz təyinatı üzrə xərclənməsinə normal yanaşmır.
Məlum olduğu kimi, redaksiyamızda çalışan müharibə veteranı, ikinci qrup əliliyi olan jurnalist dəfələrlə nazirliyə müraciət etməsinə baxmayaraq, nazir tərəfindən qəbul olunmayıb və onun ciddi müalicəyə ehtiyacı olması nazirliyin digər məsul şəxslərinə çatdırılsa da, bu barədə bu günə kimi heç bir müvafiq tədbirlər görülməyib. Bu hadisə sabiq nazir Səlim Müslümovun da zamanında eyni ilə bu cür təkrar olunurdu və çox təəssüf ki, bu gün də belədir. Deməli, Əmək və Əhalinin Sosial Müdafiə naziri dəyişdirilsə də, nazirlikdə kök atıb yuva salmış vətəndaşların müraciətlərinə qarşı məsuliyyətsizlik və laqeydlik hələ də hökm sürür.
araz.az xəbər portalı.