İlham Əliyev seçdiyi hədəfin üzərinə doğru qətiyyətlə irəliləyir: tələsmədən və gecikməyərək…
Mən 26 iyunda nümayiş olunan Məhmətcik – Əsgər birliyini daha çox Azərbaycan – Qərb – NATO əməkdaşlığının miniatür obrazı hesab edərdim
İyunun 26-da Türk Silahlı Qüvvələrini təmsil edən əsgər və zabit heyəti Azərbaycanın paytaxtında açıq alınla və fəxarətlə addımlayırdı.
Məhmətcik Milli Ordumuzun Əsgəri ilə çiyin-çiyinə dayanmışdı.
Qürurverici bir səhnə!
Sanki yüz il əvvəl türk əsgərinin Bakıya qədəm qoyduğu şərəfli tarixi gün “Azadlıq” meydanında yenidən canlanıb təkrarlanır…
Və həm də möhtəşəm və yeni bir tarixi mərhələnin başlandığını elan edirdi.
Azərbaycan dövləti tarixinin hərbi-siyasi dirçəliş dövrünü yaşayır.
Ermənilər yanılmayıbmış:
Bir məqaləni xatırlayıram:
2001 – ci ildə “Nezavisimaya qazeta” da Ermənistan parlamentinin bir üzvü əməlli-başlı həşir qoparıb həyəcan təbili çalırdı:
“Hərbi müvəffəqiyyətlər, taktiki uğurlar bizi aldatmamalıdır.
Strateji üstünlük Azərbaycanın tərəfindədir. Çox çəkməyəcək, bu üstünlük bizə öz şərtlərini birbəbir diqtə edəcək”.
Ermənilərin qorxduqları başlarına gəlir…
Rəsmi Bakının strateji çəkisinə hərbi-siyasi ağırlıq əlavə olunur.
Bölgədə balans yerindən oynayır…
Tədbirdə nümayiş etdirilən silahlar, maddi təchizat, texniki imkanlar, yüksək pilotaj göstərisi, iki xalqın ruhani vəhdəti və s. öz yerində…
Nəzərə alaq ki, Türkiyə NATO dövlətidir.
Hərbi siyasi öhdəlik daşıyır.
Qardaş ölkəylə münasibətlərimizə dair mükəddər və üzücü bir xatirə var:
1992 ci il: Kəlbəcər rayonu mühasirədədir.
Azərbaycan prezidenti Əbülfəz Elçibəy Türkiyəli həmkarından dinc sakinləri xilas etmək üçün iki ədəd helikopter istəyir.
Türkiyə prezidentinin cavabı konkret olur:
“Biz NATO-nun üzüyük. Bu mümkün deyil”.
İttiham etməyə dəyməz.
Süleyman Dəmirəl haqlı idi…
Dövrün məntiqi ( mövcud siyasi konyuktur, bölgədəki vəziyyət, Azərbaycan hakimiyyətinin pərakəndəliyi ) Türkiyə prezidentinin imtinasına siyasi-hüquqi bəraət qazandıra bilir .
İndi fərqli bir mənzərə ilə üz-üzəyik.
NATO ölkəsi Azərbaycanın hərbi yubiley tədbirinə parad dəstəsi ilə qatılır.
Türk şahinləri Azərbaycan səmasının ənginliklərini fəth edir.
Dəyişən nədir?
Mən hazır şablonları yenidən sadalamaq istəməzdim.
Müxtəlif səbəblər göstərmək mümkündür.
Əsas odur ki, Azərbaycanın “qarşılıqlı-faydalı asılılıq” prinsipinə söykənən əməkdaşlıq siyasəti bəhrəsini verməkdədir.
Bu gün Türkiyə ilə Azərbaycan arasındakı mənəvi-tarixi və siyasi ortaqlığı iqtisadi ortaqlıq zənginləşdirir və tamamlayır.
Və iqtisadi ortaqlıq hərbi əməkdaşlığı aktuallaşdırır.
Bu, başlıca və həlledici amildir…
Mən 26 iyunda nümayiş olunan Məhmətcik – Əsgər birliyini daha çox Azərbaycan – Qərb-NATO əməkdaşlığının miniatür obrazı hesab edərdim.
Bəllidir ki, miniatür rəsmlər yaratmaq üçün böyük həssaslıq və iti fəhm tələb edilir…
İnanaq ki, türk əsgərinin ayağı düşərli olacaq: 1918-ci ildəki gəlişi ilə Bakı ermənilərdən təmizlənmişdi.
Qoy, onun bu dəfəki gəlişi də yeni qələbələrin müjdəsinə çevrilsin.
“Məhmətcik-Əsgər” əsəri elə incəliklə çəkilib ki, müəllifinə irad bildirməyə kimsənin dili çönməz.
Azərbaycan prezidentinin usta gedişləri davam edir.
Ajiotaj, həyəcan və qıcıq doğurmadan.
Alqış Həsənoğlu, Musayev
Xüsusi olaraq musavat.com üçün
araz.az xəbər portalı.