WhatsApp Image 2018-07-01 at 03.14.03.jpg

“Qərbi Azərbaycana Qayıdış” İctimai Birliyinin ikinci qurultayında vacib qərarlar qəbul edilib

Adı yuxarıda çəkilən və vacibliyi ilə diqqəti cəlb edən bu tədbir dünən Beynəlxalq Mətbuat Mərkəzində keçirilib. Qurultay öz işinə Azərbaycanın dövlət himninin oxunuşu ilə başlayıb və ölkə prezidenti möhtərəm İlham Əliyev cənablarının “İndiki Ermənistan tarixi Azərbaycan torpaqları üzərində qurulub.

İrəvan, Göyçə, Zəngəzur… tarixi Azərbaycan torpaqlarıdır və biz, hökmən, öz tarixi torpaqlarımıza qayıdacağıq!” fikirləri yer alan, eyni zamanda, Qərbi Azərbaycan mahalları haqqında məlumatlar əksini tapan video-rolikin nümayişi ilə davam etdirib. Bundan sonra, gündəliyə uyğun olaraq, təşkilatın rəhbər postuna seçki keçirilib. Qurultayda Rizvan Talıbovun növbəti dəfə QAQB sədrliyinə namizədliyi irəli sürülüb və açıq səsvermə yolu ilə, o, yekdilliklə yenidən qurumun sədri seçilib. Qurultayda, həm də, QAQB nizamnaməsinə uyğun olaraq, qurumun Ali Məclisinin 75 nəfərdən ibarət üzvləri açıq səsvermə yolu ilə təsdiq olunub, eyni zamanda, 7 nəfər daimi üzvündən, 7 nəfər üzvlüyə namizədlərdən ibarət olmaqla, Mərkəzi Nəzarət-Təftiş Komitəsini seçib. Seçkili orqanların formalaşdırılmasından sonra, qurultay nümayəndələri və qonaqlar öz maraqlı çıxışlarında, əsasən, erməni-daşnak təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşmüş insanların qəlblərini riqqətə gətirən çağırışlar ediblər; Bu çıxışların ümumi mahiyyəti ondan ibarət olub ki, yurd-yuvalarından didərgin düşənlər, mütləq o yerlərə qayıtmalıdırlar. Saatlarca davam edən belə çıxış və müzakirələrdən sonra isə, qurultay bir sıra vacib məsələləri özündə əks etdirən yekun qərar qəbul edib.

WhatsApp Image 2018-07-01 at 03.18.51.jpgQərarda Qərbi Azərbaycandan – indiki Ermənistan Respublikasından qovulan qaçqınların qaçqınlıq statuslarına yenidən baxılması üçün, müvafiq dövlət orqanları qarşısında məsələ qaldırılmasının və onların qaçqınlıq statuslarının yenidən təmin olunması, bu statusun qaçqın övladlarına da şamil edilməsinin vacibliyi xüsusi qeyd edilib. Nəzərə alınıb kı, bu barədə Qanunun qəbuluna nail olmaq üçün, Birlik tərəfindən müvafiq işlər görülsün. Qərarda, tarixən indiki Ermənistan ərazisində yaşamış azərbaycanlı əhalinin zaman-zaman soyqırıma məruz qalması faktlarının soyqırım aktı kimi tanınması və bu acılığı özündə əks etdirən soyqırım abidəsinin qoyulmasına nail olunması üçün, zəruri işlər görmək də, yaxın zamanda Birlik qarşısında ən vacib vəzifə kimi qoyulub.

QAQB onu da qərara alıb ki, azərbaycanlı əhalinin Ermənistandan sonuncu deportasiyasının 30 illiyi ilə əlaqədar, aidiyyatı dövlət orqanları ilə birgə, silsilə tədbirlərin keçirilməsinin təmin olunmasında fəal iştirak etsin. Qurultayın qərarı, həmçinin, Azərbaycanın Ermənistanla sərhəd rayonlarında – Gədəbəyin, Tovuzun, Qazaxın, Şəmkirin… dağlıq ərazilərində, Ermənistan qaçqınları üçün, kompakt yaşayış məskənlərinin salınmasını, beləliklə, kənd təsərrüfatı məhsullarının becərilməsi və istehsalı sahəsində böyük təcrübələri olan bu qaçqınların potensiallarından səmərəli istifadə olunmasını təmin etmək üçün vacib işlər görməyi, eləcə də, bunun naminə aidiyyatı dövlət orqanlarına yardımçı olmağı QAQB qarşısına əsas məqsədlərdən biri kimi qoyub. Adıçəkilən sənəd, Qarabağ Azadlıq Təşkilatı və Azərbaycanın haqq səsini Dünyaya çatdırmaq uğurunda mübarizə aparan digər təşkilatlarla QAQB-nin əməkdaşlıq etməsini tezliklə təmin etmək, rəhbərlik qarşısında vacib iş kimi qoyub. Sənəddə, Azərbaycan, Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlarda,500.000 (beş yüz min) nəfər Ermənistan qaçqınının dördüncü münaqişə tərəfi kimi tanınmasına nail olmağı da bu qurum qarşısında daha bir əsas vəzifə kimi qoyub. Qərarda o da qeyd edilib ki, əgər tarixi zərurət yaranarsa, QAQB Ali Məclisinə Qərbi Azərbaycan Muxtar Respublikasının, yaxud Göyçə – Zəngəzur, Loru-Pəmbək Muxtar Respublikasının yaradıldığını elan etməsi üçün, xüsusi səlahiyyətlər verilsin, eləcə də, qurum bu muxtariyyatların tanınması istiqamətində, Azərbaycan XİN ilə birgə, zəruri işlərin aparılmasını təmin etsin… Beləcə, ruhlandırıci qərar qəbulu, eləcə də, “Tezliklə tarixi dədə-baba torpaqlarımızda görüşəcəyik!” və digər bu kimi ümidverici çağırışlarla, qurultay öz işini yekunlaşdırdı….

[bt_youtube url=”https://youtu.be/7c1HwCfkWOY” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

Malik MİRZƏ,
araz.az-ın xüsusi müxbiri.

araz.az xəbər portalı.