tam-7.jpg

“Sahə inspektoru” və yaxud da sovet dövründən dilimizdə qalan “uçastkovıy”sözünü eşidəndə ən birinci ağlıma gələn “Kukaraça” adlı məşhur sovet filmi olur.

Sovet dövrünün uşaqları kimi o zaman ən çox baxdığımız kinolardan biri də “Kukaraça” filmi idi.

Tanınmış gürcü yazıçısı Nodar Dumbadzenin “Kukaraça” povesti əsasında çəkilmiş eyni adlı filmdə Kukaraça ləqəbli namuslu milis ona həvalə olunan ərazidə öz xidməti vəzifəsini apararkən öldürülür. Və onun ölüm xəbərini eşidən və onu tanıyan insanlar çox kədərlənir. Çünki, Kukaraça vicdanlı “uçastkovıy”idi .

Görəsən 21 -əsrin, müstəqil Azərbaycanın “Kukaraçaları” bu gün onlara həvalə olunmuş ərazilərdə öz xidmətlərini vicdanla yerinə yetirirlər?

365info saytının redaksiyasına Nərimanov rayonu, A.Alı küçəsi 7/19, mənzil 57- də yaşayan Kazımova Zemfira müraciət edib. Z.Kazımova öz müraciətində ərazinin polis sahə inspektoru Süleymanov Müşfiqdən şikayət edir:

“Hörmətli redaksiya! Yazıb sizə bildirirəm ki, yaşadığımız binanın birinci mərtəbəsində “padyez”lərimizin zibil şaxtaları 18 -ci polis bölməsinin sahə inspektoru Müşfiq Süleymanov tərəfindən zəbt olunub. Müşfiq Süleymanov həmin zibil şaxtalarında özünə kişi və qadın bərbərxanası tikdirir”.

Birinci bərbərxananın tikintisini sahə inspektroru başa çatdıra bilsə də, ikinci tikintini aparmağa Z.Kazımova ona imkan verməyib. Bu səbəbdən M.Süleymanov Z.Kazımovaya təzyiq göstərərək onu həbslə hədələyir.

365info saytının əməkdaşı 7/19 binanın məhəlləsində apardığı sorğuya görə sahə inspektoruna məhəllədə “padyez”lərin zibil şaxtalarının zəbt olunmasına Nərimanov icra hakimiyyəti başçısının 1 -müavini Şahmar İbadov icazə verib.

Sakinlərin dediyinə görə M.Süleymanov Ş.İbadova külli miqdarda rüşvət verdiyi üçün İbadov onun tikinti aparmasına icazə verib. Bina sakinləri həmçinin bildirirlər ki, “əgər bizim dediyimiz doğru deyilsə, onda niyə ərazidə kimsə daşın üstünə daş qoyanda Nərimanov polis idarəsindən polis tökülür gəlir, tikintini saxlayır,amma sahə inspektoru M.Süleymanovun tikintilərinə nəinki Nərimanov polis idarəsi, “qüdrətli” Şahmar İbadov da göz yumur.”

Ölkə mətbuatının yazdığına görə Nərimanov rayon ərazisində torpaq və obyekt üçün yer almağın icazəsi Şahmar İbadov tərəfindən verilir.

Görünür sahə inspektoru Müşfiq Süleymanov ərazidə asayişin qorunmasından savayı sahibkarlıq fəaliyyəti ilə də məşğul olmaq üçün Şahmar İbadovla kommersiya sazişi “imzalayıb”.
Vüqar Akifoğlu

365info.org

araz.az xəbər portalı.