Fezail-Agamali.jpg

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı parlamentin bugünkü iclasında son günlər ölkə mediasının və sosial şəbəkələrin əsas mövzusuna çevrilmiş yol tıxacları barəsindəki kəskin çıxışını saytımızda işıqlandırdıq.

Maraqlıdır, görəsən millət vəkilinin bu günki çıxışından sonra yollarda tıxacların aradan qaldırılmasıyla bağlı tədbirlər görülübmü?

Əməkdaşımız bu istəklə yenidən F. Ağamalı ilə əlaqə saxlayıb. Hal-ahazırda da elə tıxacda qaldığını deyən millət vəkili Moderator.az-a açıqlamasında vəziyyətin nəinki dəyişmədiyini, əksinə, daha da qəlizləşdiyini deyib:

“Mən elə bir fərq görmədim. Əksinə, dairəvi yoldan gələrək Sumqayıt istiqamətində çıxmaqda da məhdudiyyətlər qoyulub. Avtomobillər Biləcəri qəsəbəsinə daxil olan yoldan keçir və orda da sözün həqiqi mənasında böyük tıxac var. Həm avtobuslar, həm də şəxsi minik avtomobilləri tıxacda qalıb. Dünənki mənzərə eyni şəkildə özünü göstərməkdədir. Yenilik ondan ibarətdir ki, Biləcəri qəsəbəsindən yeni avtovağzala gedən yolun kəsişməsində Dövlət Yol Polis İdarəsinin əməkdaşları çalışırlar ki, avtomobillərin hərəkətini tənzimləsinlər və dünənki dəhşətli tıxac bir daha təkrar olunmasın. Yolla bağlı problemlər olduğu kimi qalır. Dairəvi yoldan gələn daha bir yol da bağlanıb və o da Biləcəri qəsəbəsinin daxilindən keçərək, burda da əlavə tıxaclar yaradır. Bu tıxaclar şəhərin şimal və şimal-qərb hissəsini tamamilə iflic vəziyyətinə qoymaqdadır”.

F.Ağamalı bildirib ki, bu cür problemlərlə əslində müvafiq qurumlar dövləti gözdən salırlar:

“Çox təəssüf edirəm ki, verilən açıqlamalarda belə bir fikir söylənilib ki, guya ali və orta məktəblərin bağlanmasıyla bağlı bu təmir işləri həyata keçirilib. Sadəcə olaraq sual olunur, 20 yanvarla Masazır qəsəbəsi arasında neçə ali və orta məktəb var?! Bu çürük məntiq sadəcə olaraq Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyi rəsmilərinin söyləmiş olduğu arqumentlərin içərisində inandırıcılıq yaratmır. Çox arzulayardım ki, həmin qurumun rəhbərləri bircə dəfə ictimai nəqliyyatlarla getsinlər və orada insanların tıxacla bağlı onların ünvanına ifadə etmiş olduqları fikirlərə diqqət yetirsinlər. İnsanlar arasında böyük narazılıqlar var və bu, onlara deyil, dövlətin ünvanına yönəldilir. Görəsən, onlar bunu nə zaman dərk edəcəklər?”.

araz.az xəbər portalı.