Əmlak eksperti: “Çek sahibinin o zaman 40 yaşı var idisə, artıq 65 yaşı var, bu insanların hüquqları təmin olunmalıdır”
İqtisadçı: “Heydər Əliyev ilində belə bir qərarın verilməsi vətəndaşlar arasında böyük coşğu ilə qarşılanar”
Keçmiş Sovet İttifaqının digər ölkələri kimi, Azərbaycan da mərkəzləşdirilmiş plan sistemdən imtina prosesində çek özəlləşdirməsindən keçib. Rəsmi olaraq “kiçik özəlləşdirmə”yə bizdə 1996-cı ilin mart ayının sonunda, özəlləşdirmə paylarının paylanmasına isə 1997-ci ilin martından başlanıb. Özəlləşdirmə çekləri 2011-ci ilin yanvar ayında dövriyyədən çıxarılıb. Bununla da yüzminlərlə Azərbaycan vətəndaşına məxsus olan özəlləşdirmə payları onların əlində dəyərsiz kağız parçasına çevrilib.
Milli Məclisin deputatları, tanınmış ziyalılar, ictimai-siyasi xadimlər, iqtisadçılar, hüquqşünaslar, əmlak ekspertləri, habelə özələşdirmə payları əlində qalan vətəndaşlar ölkə rəhbərliyinə müraciət etsələr də, onların çağırışları hələ də cavabsız qalır. Hansı ki, özəlləşdirmə paylarının qiymətli dövlət kağızı olması, “Qiymətli kağızlar haqqında” qanunda qiymətli kağızlar üçün tədavül müddətinin nəzərdə tutulmaması, hər bir özələşdirmə çeki üçün inflyasiyadan qorunmaqla 2000 ABŞ dolları həddində məbləğin müəyyən edilməsi, digər yandan özəlləşdirməyə çıxarılacaq dövlət obyektlərinin 65 faizinin vətəndaşlara məxsus olması ilə bağlı hüquqi məqamlar bu mövzunu yenidən aktuallaşdırıb.
Ekspertlər hesab edirlər ki, ya hər bir vauçer üçün 2000 ABŞ dolları olmaqla vətəndaşlara kompensasiya ödənilməli, ya da növbəti özəlləşdirmə prosesində onların qanuna müvafiq olaraq 65 faiz pay sahibi olmaqla iştirakına şərait yaradılmalıdır.
O da xüsusi qeyd olunmalıdır ki, özəlləşdirmə çeklərinin dəyərləndirilməsi ilə bağlı iki yanaşma mövcuddur. Belə ki, Dövlət Əmlak Komitəsinin 1996-cı il tarixli 222 saylı əmrinə əsasən, bir özəlləşdirmə payının dəyəri 2000 ABŞ dolları əmlak ekvivalenti olaraq qəbul edilib. Üzərindən 26 il ötdüyünü və bu müddətdə təxminən 10 dəfə inflyasiya baş verdiyini nəzərə alsaq, bu rəqəm 20 min ABŞ dolları edir. İkinci hesablama qaydası isə real əmlak dəyərinə müvafiq olaraq özəlləşdirməyə çıxarılacaq dövlət əmlakının 65 faizinin bu çeklər vasitəsilə həyata keçirilməsidir. Hansı ki, özələşdirmə ilə bağlı qəbul edilən dövlət proqramlarında bu, aydın şəkildə təsbit olunub.
Milli Məclisin üzvü Müşviq Cəfərov AYNA-ya açıqlamasında deyib ki, əhaliyə əvəzsiz özəlləşdirmə paylarının verilməsi mühüm qərar idi: “Ulu öndər Heydər Əliyevin bununla bağlı fərmanı vətəndaşlar arasında böyük coşğu ilə qarşılandı. Özəlləşdimə çekləri qiymətli kağız olaraq ölkə vətəndaşlarının qarşısında geniş imkanlar açırdı. Bu mənada prosesin gedişatından böyük gözləntilər var idi”.
“Çox təəssüf ki, bu gözləntilər özünü doğrultmadı. İddialar mövcuddur ki, özəlləşdirmə çeklərinin 80 faizi istifadə olunub. Qalan 20 faiz isə əllərdədir. Düzdür, həmin 80 faiz də bu imkandan layiqincə yararlana bilmədi. Onların əksəriyyəti “qara bazar”da öz paylarını satışa çıxardı. Bunun da əsas səbəbi maariflənmə səviyyəsinin aşağı olması, bəzi işbazların bu prosesdən öz mənafeyi naminə istifadə etməsi idi”, – deyə deputat bildirib.
Cəfərov bu halın təkcə Azərbaycanda deyil, digər ittifaq ölkələrində də yaşandığını qeyd edib: “Postsovet məkanı bu prosesə hazırlıqlı olmadı. Nəticə etibarilə bu gün yüzminlərlə vətəndaşının özəlləşdirmə payları əlində qalıb. Həmin vətəndaşlarla bağlı qərarın qəbul edilməsinə ciddi ehtiyac var və inanıram ki, bu, baş verəcək”.
“REC-İNVEST” şirkətinin direktoru, əmlak eksperti Elnur Əsədov da AYNA-ya şərhində söyləyib ki, 2023-cü ildə özəlləşdirmə payları ilə bağlı mövzuya məntiqi yekun vurulmalıdır: “Yüzminlərlə vətəndaş özəlləşdirmə çekləri əlində tarixi ədalətin bərpa olunacağı günü gözləyir. Misal üçün, o zaman bu vauçeri alan şəxsin 40 yaşı var idisə, artıq onun 65 yaşı var. Bu adamlar dövlətin sovetlər dövründən miras olan əvəzsiz payını istifadə etməyiblər. Ortaya haqlı sual çıxır: bəs onlar dünyasını dəyişsələr, nə baş verəcək? Düzdür, vauçerlər adsız kağızdır, tədavül müddəti bərpa olunsa, varisləri istifadə edəcək”.
“Artıq bu məsələyə yekun vurmağın zamanıdır. Deputatlar, ziyalılar bununla bağlı təşəbbüs qaldırır. Özəlləşdirmə payları əlində qalan vətəndaşlar sosial şəbəkələrdə fəalllıq nümaiyş etdirir, müvafiq qurumlara müraciət edirlər”, – deyə həmsöhbətimiz bildirib.
Əsədovun sözlərinə görə, bu vauçerlər üçün minimum 2000 ABŞ dolları məbləğ müəyyən edilib: “Özəlləşdirməyə çıxarılacaq dövlət əmlakının 65 faizinin vətəndaşlara məxsus olması qanunvericilikdə öz əksini tapıb. Qarşıda növbəti özəlləşdirmə prosesi olacaq. Hesab edirəm ki, ya hər bir vauçer üçün qanuna müvafiq olaraq 2000 ABŞ dolları kompensasiya ödənilməli, yaxud da növbəti özəlləşdirmə prosesində onların 65 faiz payla iştirakı təmin edilməlidir”.
Öz növbəsində “Fm Consulting” şirkətinin direktoru, iqtisadçı Nahid Həsənov da hesab edir ki, bu il həyata keçiriləcək sosial-iqtisadi islahatlardan biri məhz bununla bağlı olmalıdır. “Cənab Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Müstəqil Azərbaycan dövlətinin memarı, ulu öndər Heydər Əliyev 1996-cı ildə tarixi fərman imzaladı. Bu fərmanla ölkə vətəndaşlarına əvəzsiz özəlləşdirmə çekləri paylanıldı. Lakin sonradan prosesin icrası zamanı qüsurlara yol verildi”, – deyə o AYNA-ya bildirib.
Ekspert cari ilin “Heydər Əliyev İli” olduğunu xatırladaraq diqqətə çatdırıb ki, bu ildə belə bir qərarın verilməsi vətəndaşlar arasında böyük coşğu ilə qarşılanar: “Ümidvaram ki, nəhayət, bu il belə bir qərar qəbul ediləcək. Özəlləşdirmə çekləri qiymətli dövlət kağızıdır və onlar üçün tədavül müddəti nəzərdə tutulmamalıdır”.
“Bu mənada məsələyə aydınlıq gətirilməsi, dəymiş zərərin ya qəbul edilmiş normativlərə uyğun olaraq ödənilməsi, ya da növbəti özəlləşdirmələr zamanı payları əlində qalan vətəndaşların iştirakına şərait yaradılması labüddür. Müvafiq qurumlar bununla bağlı hərəkətə keçməli və tarixi qərarı elan etməlidirlər”, – deyə Həsənov fikrini yekunlaşdırıb.
QEYD
Məlumat üçün bildirək ki, özəlləşdirmə çekləri 1997-ci ildə dövlət qeydiyyatında olan bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Qanuna əsasən, özəlləşdiriləcək bütün iri və orta dövlət əmlakının ən azı 65 faizi özəlləşdirmə çekləri ilə əvəzlənməli, özəlləşdirmə prosesi bu şəkildə həyata keçirilməlidir.
Hər bir çekin dəyəri 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.
Çeklər çap olunan zaman dövlət buna böyük miqdarda vəsait ayırıb və qiymətli kağız olaraq bu vauçerlər dollardan və digər valyutalardan qiymətli tutulur. İnflyasiya qorunmaqla bir payçı üçün özəlləşdirmə çekinin dəyəri minimum 2000 ABŞ dolları ekvivalentində qəbul edilib. Qanunda vauçerlər üçün müddət nəzərdə tutulmasa da, tədavül müddətinin dayandırılması bəzi məmurların mövzunu qapatmaq cəhdi kimi qiymətləndirirlər.
Əhalinin maarifçilik səviyyəsinin aşağı olması, bəzi işbazların və məmur-oliqarxiyasının prosesin önünə keçməsi nəticə etibarilə bu vəziyyəti şərtləndirdi. Bəziləri vauçerlərini “qara bazar”da satışa çıxarsalar da, ədalətin zəfər çalacağı günü gözləyib bu günə qədər çeklərini qoruyanlar da var.
Xüsusi qeyd
Hamı bilməlidir ki, ulu öndər Heydər Əliyev tərəfindən verilən Miras Özəlləşdirmə Payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən Dövlət Qiymətli Kağızı olan Özəlləşdirmə Çekləri – QANUNLA verilib!
Heyər Əliyevin ÖZƏLLƏŞDİRMƏ QANUNUNUN icrası ücün verdiyi və imzaladığı 450-li Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vədəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək ücün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.
Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə, Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!
Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.
Aydın GƏRAY.
araz.az xəbər portalı.