fazil77 1

Türkiyədə zəlzələdən öncə böyük bir faciənin baş verəcəyi barədə həyəcanlı çağırışları sosial şəbəkədən diqqətimizə çatdırırdılar. Bilavasitə Qəhrəmanmaraşda bu risqin böyük olduğu barədə təfsilatı ilə danışan şəxsin açıqlamasına diqqətlə qulaq asdım. Adam haqlı, zəlzələni durdurmaq mümkün deyil, ancaq insanları maarifləndirmək ki, öz əlimizdə. Bakıda da bu risqin ciddi olduğunu mütəxəssislər dilə gətirirlər. Bizdə istər yaşayış binalarının, istər də gecəqonduların inşası metodologiyası ilə tanışlığı olanlar öz təsəvvürlərində hansı fəlakətə şahid ola biləcəyimizi canlandırmaqda çətinlik yaşamazlar. Maraqlıdır ki, çox sayda tikinti anlayışı olmayan insanlar əllərinə bir az artıq vəsait düşən kimi pul qazanmanın ən rahat yolu kimi yaşayış binasının tikintisinə üstünlük verdilər. Tikintidən anlayışı olmayan vicdanlı iş adamlarının belə güvənini doğrutmayan inşaat mühəndisləri və briqadaları barədə də bilgilər vardı. Üstəlik də son dörd-beş ildə bu sahədə qanunvericilik sərtləşdirilənədək tikintiyə icazə alınmasında rüşvət mexanizminin necə işlədiyindən hamımızın bilgisi yetərincədir. İaşə obyektləri, körpülər, məktəblər, xəstəxanalar və idman komplekslərinin də tikintisində korrupsiya elementləri səbəbindən sementdən, armaturdan və başqa standartlardan nə qədər uzaqlaşdığından şübhələnməyə xeyli əsas verir. İnhisarçılığın keyfiyyətsiz və alternativsiz armatur seçimi məsələsində nə qədər təhlükəli durum yaratdığını da məhkəmə predmeti olduğunda aydın görmüş olduq. İndi qınadığımız iş adamlarını məhz bu armaturlardan binanı tikməyə məcbur olduğunu da indi heç bir halda gözardı etmək olmaz. Buraya seysmoloji instansiyalardan rəy alınmaması faktını da əlavə edərsək, Bakının hansı hissəsinində binaların çoxmərtəbəliliyinin necə müəyyənləşməsinin də bir xaos vəziyyətində olduğunu görərərik. Bu mövzular ona görə indidən açıq müzakirə olunmalıdır ki, hadisə baş verəndən sonra yığışıb ölülərimizə mərsiyə deməklə işimizi birmiş hesab etməyək. Digər tərəfdən Türkiyədə baş verən zəlzələdən sonra ikinci dalğanın qayıtmasına əhəmiyyət vermədən insanların öz mənzillərinə, iş yerlərinə qayıdışının ortaya qoyduğu faciəyə də diqqət yetirilməlidir. Bunu yalnız insanların bilgisizliyi kimi qiymətləndirmək yanlış olardı. Burada idarəetmənin ən ciddi boşluğu ortaya çıxır. İnsanlar qarlı-yağışlı havada harada barınacaqlarını bilmədiklərinə görə yenidən evlərinə qayıtmışlar. Nəticədə isə təkrar zəlzələ daha çox can almışdır. Demək ki, zəlzələdən sonra vaxtında və təhlükə risqi az olan yerlərdə toplanma kampları təşkil olsunsaydı insan qoşub oraya gedəcəkdi. Bütün bunlar bizə Bakıda (Azərbaycan əhalisinin haradasa yarısının cəmləşdiyi bu şəhərdə bu risq başqa bölgələrimizdən daha böyükdür) baş verəcək zəlzələ risqi barədə açıq danışmalı və indidən tədbirlər görməliyik. Mənim düşündüyüm tədbirlərin bir qismini burada xatırlatmaq istərdim.

İlk növbədə məsuiliyyət yükünü mücərrəd dövlət məqamının üzərindən konkret yerli özünüidarənin üzərinə köçürtməliyik.  Yerlərdə bütün təsərrüfat-kommunal xarakterli bütün məsəllələr bələdiyyələrə verilməli, onlara qarşı mənasız müdaxilələr dayandırılmalı, bölgədəki fəaliyyətlərindən, yerli vergilərdən vəsait ehtiyatlarının yaranmasına imkan tanınmalıdır. Çünki yerlərdə konkret məsuliyyətli özünüidarə sistemi olmadan bu cür qabaqlayıcı tədbirlərinin alınması xeyli çətindir. Yəni bu işi məmurların öhdəsinə buraxmaq pandemiya dövründə müavinət almalı olan insanların dəqiq sayının təsbit edilməməsinə bənzər durumu yenidən üzə çıxara bilər. Bu bələdiyyələr öz bölgələrində binaların real durumunu ixtisaslaşmış qurumlarla daha dəqiq və güzəştsiz təsbit edə bilərlər. Ardınca hamının bilgiləndirildiyi etibarlı toplanma kampları məhəllələr və ya bələdiyyə əraziləri üzrə yaradılmalı və lazımi avadanlıqlara təchiz edilməlidir. Bütün müəssisələrdə, məktəblərdə, xəstəxanalarda zəlzələ ilə bağlı funksional iş bölgüsü aparılmalı, əhalinin bilgiləndirilməsi üçün media məkanından ən ciddi və anlaşılan formada ilkin davranışlar barədə maarifləndirici çağırışlar vəproqramlar verilməlidir. Xilasetmə, seysmologiya, seysmoloji-inşaatçı ixtisasları üzrə xarici mütəxəssisləri dövlət hesabına ölkəyə dəvət edərək səviyyəli ixtisas kurslarının təşkil olunmalı və bu sahədə real sertifikatlaşdırılmanın gerçəkləşdirilməlidir. Ən başlıcası isə seysmik vəziyyətin tam nəzarətdə saxlanılması üçün bu sahədə savadlı və vicdanlı kadrların önə çəkilməsi, bu qurumun aryıca icra strukturu kimi fəaliyyət göstərməsi və bu sahənin mütəxəssislərinin yüksək maaşla təmin olunması barədə düşünməliyik. İndi binaların təkrar yoxlanılması barədə qərar verilsə də, Azərbaycan şərtlərində bunun sahibkarlar üçün hansı ağlr bədəli olacağını və obyektivliyin nə dərəcədə gözlənəcəyini söyləməkdə çətinlik çəkirəm. Yəni bundan sonra nəyisə yıxmaq, nəyisə yeniləmək yolunu seçməyin hansı sosial çətinlikləri də özü ilə gətirəcəyini təsəvvür etmək mümkündür. Məncə ağırlığı bu təhlükə qarşısında insanın özünü necə qoruması, habelə  dövlətin və bələdiyyənin dərhal hansı tədbirləri görəcəyi barədə barədə təlimatların və real tədbirlər planının hazırlanması işinə yönəltməliyik.

Hər şey; “Bu andan etibarən məsuliyyətsizliyə yol verməyək, əks halda öz yaxınlarımızı da məhvinə qərar vermiş oluruq!” tələbi üzərindən gec də olsa, güc də olsa başlamalıdır. Başqa təkliflər də ola bilər. Hər halda bu işi mütəxəssislər daha yaxşı bilirlər, onları müvafiq dövlət qurumu dinləməli, onların rəyinə hər tikilən bina ilə, onun yeri ilə bağlı diqqət yetirilməlidir.

Türkiyə ilə bağlı yardım kampaniyasında gördüyümüz mənzərə möhtəşəmdir! Azərbaycan insanın bu duyarlılığı həm də bizim cəmiyyət olaraq həmrəylik inancımızı yenidən canlandırdı. Bircə qalır məsuliyyətdə həmrəy olmamız, onu da bacarsaq, mümkün fəlakətlər zamanı faciələrimizin miqyasını çox-çox azaltmış olaraq. Məsuliyyətdə həmrəylik özlüyündən Həmrəylik məsuliyyətini də yaradacaqdır! İnandığım budur: Türkün də, hər bir insanın da məsuliyyətdən, bilgidən, ağıldan başqa dostu yoxdur!

Fazil MUSTAFA,
millət vəkili.

araz.az xəbər portalı.