prokurorluq-bina.jpg

Baş Prokurorluq, DİN və DTX Gəncə icra başçısı Elmar Vəliyevin güllələnməsi ilə bağlı növbəti açıqlama yayıb.

Mia.az-a daxil olan məlumatda bildirilir ki, 2018-ci il iyul ayının 3-də Gəncə şəhərində anadan olmuş Yunis Səfərov icra başçısı Elmar Vəliyevə və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşı polis serjantı Qasım Aşbazova odlu silahdan atəş açaraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Fakt üzrə başlanılmış cinayət işi üzrə həyata keçirilən istinaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilmişdir ki, Rusiya Federasiyasının vətəndaşı olan Yunis Səfərovun törətdiyi bu cinayət məqsədyönlü şəkildə həyata keçirilən əvvəlcədən planlaşdırılmış terror aktıdır. O, 2016-cı ildə İrana gedərək 8 ay Qum şəhərində yaşamış və bu müddət ərzində Azərbaycan vətəndaşı olan Rasim Əsədovla birgə Suriya Ərəb Respublikasının ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib.

2017-ci ildə isə Azərbaycana qayıdaraq Gəncə şəhərinə gəlmiş, həmin ilin iyun ayında odlu silah əldə etmək üçün «Kapitalbank»ın Gəncə filialında postda duran polis əməkdaşına hücum edib, başına küt alətlə xəsarət yetirərək «Makarov» markalı xidməti tapançasını ələ keçirmişdir. Bundan sonra, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi öldürmək məqsədilə 2018-ci ilin yanvar ayında Elmar Vəliyevi izləmiş, şübhəli davranışı polis əməkdaşının diqqətini cəlb etdiyindən həmin tapançadan atəş açaraq onu yaralyıb hadisə yerindən qaçıb.

Cari il iyul ayının 3-də isə Gəncə şəhər İcra Hakimiyyətinin qarşısına gələrək, qeyd olunduğu kimi, Elmar Vəliyevi və onun yanında olan polis əməkdaşını qətlə yetirməyə cəhd edib.

Araşdırmalar göstərir ki, Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarı ilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olub. O, bu məqsədini həyata keçirmək üçün “Müsəlman birliyi hərəkatı” adından Azərbaycan vətəndaşlarına videomüraciət də hazırlayıb onu xarici ölkədə yaşayan məsləkdaşlarına göndərmiş və iyul ayının 3-də Gəncə şəhərində törətdiyi terror aktı baş tuacağı halda həmin müraciətin respublikada yayılmasını nəzərdə tutmuşdur. Videomüraciətdə Yunis Səfərov “Müsəlman birliyi hərəkatı”nın sədri Taleh Bağırzadənin üç körpəsini başsız qoyan şəxsi öldürmüşəm, bundan nümunə götürün. İslamın düşmənlərini öldürün, Azərbaycanda hakimiyyəti islam birliyi ələ almalıdır” deyərək, ölkə əhalisini respublikanın vəzifəli şəxlərinə qarşı silahlı mübarizəyə qalxmağa çağırış edib.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Yunis Səfərovla birgə cinayətin hazırlanmasında iştirak edən mütəşəkkil cinayətkar dəstənin üzvlərindən daha 3 nəfər tutulmuşdur. Bu cinayətkar dəstənin digər üzvlərinin müəyyən edilib məsuliyyətə cəlb olunması üçün tədbirlər davam etdirilir.

Eyni zamanda bildiririk ki, terror aktlarına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış edənlərə qarşı qanunla müəyyən edilmiş ən ciddi tədbirlər görüləcək.

Müvafiq cinayət işi üzrə istinaqın gedişi haqqında əlavə məlumat veriləcək.

araz.az xəbər portalı.