_101070769_gettyimages-3348212.jpg

Əvvəlki hissədə göstərildiyi kimi İranın Xəzər sahilinə çıxan bölgələrində Azərbaycan Respublikasını böyük ticari imkanlar gözləyirdi. İran ixracatının 60-70 faizinin istehsalı ənənəvi olaraq məhz həmin regionun payına düşüb. Azərbaycan və xüsusilə Bakı-Batumi dəhlizi isə Avropa bazarına aparan təbii çıxış idi.

Bəs milli hökümət iqtisadi imkanları gəlirli xarici ticarətə çevirə bildimi? Təəssüf ki, o dövrün reallığında ciddi siyasi və iqtisadi problemlər mövcud idi.

İlk əvvəl, Azərbaycanın müstəqilliyini elan etməsi İranı razı salmamışdı. Yeni respublikanın adı İran üçün gözlənilməz olmuşdu. İranlılar bunun Osmanlı imperiyasının hiyləsi olduğunu düşünürdülər.

Birinci Dünya Müharibəsi dövründə İran bitərəf ölkə olub. Lakin Osmanlı qoşunları onun sərhədini dəfələrlə adlayıb, şimal istiqamətindən isə eyni hərəkəti Rusiya edib.

1918-1991: Bir müstəqilliyin iki bəyanı
ADR-100: Türk Əsgəri üçün Cəbrayıl çörəyi
Müharibə vaxtı Osmanlı ordusu Təbrizi işğal edib və mərkəzi hökümətə qarşı təbliğat aparıb. Araz çayından şimalda Azərbaycan respublikasının elan edilməsini Tehran Türkiyənin işğalı ilə üst-üstə düşən addım kimi qiymətləndirirdi.

Digər siyasi problem də var idi. 1918-ci ildə İranda mərkəzi hökümət Xəzərin sahilinin özünə aid olan bütün hissəsinə nəzarət etmirdi. Belə bir xaotik vəziyyətdə, qarışıq ideoloji baxışları olan İran millətçisi Mirzə Kiçik Xan Gilana rəhbərlik edirdi.

Müharibə dövründə Kiçik Xan Gilanda Cəngəli tayfalarının İranın mərkəzi hökümətinə qarşı qiyamını təşkil etmişdi. 1918-ci ildə Kiçik Xan öz mövqeyini gücləndirdi. Onun döyüşçülərinə bir neçə alman və türkiyəli zabitlər təlim keçirdi.
Müharibənin sonunda, 1918-ci ildə Britaniya qüvvələri dəniz yolu ilə Bakıya yollanmaq üçün Gilana gəldi. Bu dəfə Kiçik Xan onlarla razılıq əldə etdi. Kiçik Xan Gilan düyüsünün şimala və İranın digər bölgələrinə ixrac edilməsinin əleyhinə idi.

Çünki, o, öz nəzarətində saxladığı ərazidə aclığın başlaya biləcəyindən narahat idi. Eləcə də bu yolla, o, düyü və digər ərzaq məhsullarına möhtəkirlər tərəfindən qiymətlərin qaldırılmasının qarşısını almaq istəyirdi.

Belə ehtiyatlılığın səbəbi var idi. 1918-ci ildə aclıq hələ geniş yayılan bir hal sayılırdı. Bununla belə Kiçik xan düyünün şəkərə dəyişdirilməsinə etiraz etmirdi. Bu qida məhsulu İrana keçmiş Rusiya İmperiyasının digər bölgələrindən gətirilirdi və İranda ona böyük tələbat var idi.

Azərbaycan üçün isə daha asan iş kerosin təchizatını təşkil etmək idi. Lakin Gilandakı tacirlər onu almağa hazır deyildi. Ticari əməliyyatdan qazanc əldə etmək üçün onlar bu məhsulu İranın digər regionlarına satmalı idilər, lakin ölkənin daxili yolları, əsasən, bağlı idi və təhlükəsiz deyildi. Odur ki, Ənzəli limanında 1918-ci ildə təxminən 3 aylıq ehtiyat yığılıb qalmışdı.

1919-cu ildə iqtisadi əməkdaşlıq qarşısında duran siyasi əngəllər öz-özünə yox oldu, nəticədə, iqtisadi əməkdaşlığın güclənməsi üçün yol açıldı. Mart ayında İranın kazak qoşunları Britaniyanın havadan göstərdiyi dəstəklə Kiçik Xanın qüvvələrini məğlubiyyətə uğratdı. Mərkəzi hökümət Ənzəli və Gilan üzərində nəzarətini bərpa etdi.

Eyni zamanda İranın müstəqil Azərbaycana müxalifliyi də zəiflədi. Siyasi məsələləri çözmək üçün Aərbaycan və İran arasında 1919-cu ilin yanvar və fevral aylarında bir sıra görüşlər keçirilmişdi.

Paris sülh konfransına Bakıdan keçib gedən İranın xarici işlər naziri Azərbaycanda baş nazir və digər rəsmilərlə danışıqlar keçirdi. Həmin səfər çərçivəsində İran diplomatiyasının başçısı İstanbulda üç dəfə Topçubaşovla görüşüb.

1919-cu ilin baharında İranla Azərbaycan arasında artıq konsensus əldə edilmişdi.
Bakı Tehranı davamlı olaraq əmin edirdi ki, yeni respublikanın adı mövcud sərhədləri dəyişmək məqsədini güdmür.

Respublikanın rəsmi mətbu orqanı olan “Azərbaycan” qəzetində yazılmışdı ki, “İranın müstəqil və məsud yaşaması bizə əlverişlidir. Dövlətimizin “Azərbaycan” adlandırdığı sui-təfəhhümlərə səbəb oldu. Halbuki Təbriz əyalətinin, yəni İran Azərbaycanının İranın olub-olmaması barədə ortalıqda heç bir məsələ yoxdur. İranın haqqına təcavüz etmək fikrində deyilik, olmamışıq və olmayacağıq, bizim tərəqqi və istirahətimizi təmin edən yalnız qonşularımız ilə dostluğumuz olacaqdır.”

İran höküməti nəzərə alırdı ki, Azərbaycan faktoru İranı Rusiya ilə ümumi sərhədi bölüşmək ehtiyacından azad edirdi. İran Azərbaycanı yaranmaqda olan bufer zonası kimi görürdü, Rusiya isə bunun qarşısını almaq üçün zəif idi.

Bu vəziyyət gələcəkdə Rusiya yenidən güclənərdisə şimaldan müdaxilələrin qarşısını önləyə bilərdi. Azərbaycan nümayəndə heyəti may ayında Parisə gələndə hər iki ölkənin təmsilçiləri əməkdaşlıq edirdi. Onlar razılıq imzalayaraq birgə komissiya təşkil etdilər.

İran nümayəndə heyəti Parisdə müstəqil Azərbaycanın himayəçisinə çevrilmişdi. 1919-cu ilin sonlarına yaxın bolşeviklər güclənəndə isə həm İran, həm də Azərbaycan bir mövgedən çıxış edərək Britaniyadan dəstək almağa çalışırdılar.

Siyasi yaxınlaşma ilə parallel olaraq rəsmi kanallar vasitəsilə iqtisadi inkişafa da diqqət yetirilirdi. Hələ Rusiya İmperiyası dövründən İranın baş konsulluğu Bakıda fəaliyyət göstərirdi. 1918-ci ilin dekabrın 7-də parlamentdə təşkil edilmiş rəsmi açılış mərasimində İranın baş konsulu Səəd-ül-vəzir və Maliyyə agenti Vəkil-ül-mülk də iştirak etmişdilər.

1919-cu ilin mart ayında Bakı ikitərəfli danışıqlar aparmaq üçün səlahiyyətli nümayəndəsini Tehrana göndərdi. Yay və payız aylarında iki ölkə arasında danışıqlar davam etdirildi.

Lakin həmin müzakirələr Ticarət və Sənaye naziri Ağa Əminovun sözlərinə görə, “bir takım texniki cəhətlərə görə arzu edilən nəticəni vermədi”. 1919-cu ilin dekabrında Seyyid Ziyaəddin Təbatəbai başda olmaqla Iran nümayəndə heyəti Bakıya səfər etdi.

Həmin nümayəndə heyəti siyasət və hüquq, gömrük xidməti, tranzit daşımalar, qarşılıqlı ticarət, poçt və teleqraf xidməti kimi sahələrdə əməkdaşlıqla bağlı məsələləri müzakirə etmək üçün Bakıya gəlmişdi.

Adil xan Ziyadxanov başda olmaqla Azərbaycanınm ilk diplomatik nümayəndə heyəti isə Tehrana 1920-ci ilin yanvarında göndərildi.

Iran Azərbaycanı rəsmi sürətdə 1920-ci ilin martın 2-də tanıdı. Nəhayət, qarşılıqlı dostluq, gömrük, poçt və teleqraf, ticarət və konsullar barəsində bir sıra sənədlər paketi Novruz bayramının axşamı, martın 20-də imzalandı, aprelin 4-də isə həmin sənədlər qüvvəyə mindi. Bütün bu sazişlər hər iki Xəzəryanı dövlət üçün böyük həcmli ticarət və rifah vəd edirdi.

Siyasi və hüquqi məsələlər həll olunsa da, həmin dövrə xas bəzi iqtisadi maneələr qalmaqda idi. Onlardan birisi ixracatda tətbiq edilən məhdudiyyətlərlə bağlı idi.

O dövr kəskin qıtlıq və yüksək inlfyasiya ilə müşayiət edilirdi, odur ki, ölkələr heç də həmişə ixracı dəstəkləmək həvəsi nümayiş etdirmirdi. Əksinə, bəzən ixrac edilən mallara rüsum qoyulurdu. Bu yolla ölkə daxilində təchizatı artırmaq və qiymətləri aşağı salmaq məqsədi güdülürdü.

Azərbaycan höküməti də çox vaxt bu mövqedən çıxış edirdi. Bəzi qida məhsullarının ixracı qadağan olunmuşdu. Bu cür şərait təbii olaraq, qaçaqmalçılığı gücləndirirdi. Misal üçün, Muğanın taxılı və pambığı qaçaqmalçılıq yolu ilə İrana daşınırdı.

Digər bir iqtisadi əngəl isə güclü valyutaya kəskin ehtiyac və etibarlı bank sisteminin olmaması idi. Bakıdakı hökümət də daxil, bir çox milli hökümətlər bu problemin öhdəsindən gəlmək üçün barterə üstünlük verirdi.

 

Lakin barter ticarətin heç də sərfəli yolu deyildi. Hər iki tərəf mübadilə üçün uyğun mallar tapmalı idi və onlar eləcə də barterə çıxarılan malların qiyməti və valyuta kurslarına dair razılığa gəlməli idi.

1919-cu ilin martın 16-dan sonra Azərbaycan höküməti xarici ticarətin həyata keçirilməsinə dair müvvəqqəti qaydaları tərtib etdi. Həmin müvəqqəti qaydalara əsasən, xarici ticarət barter yolu ilə aparılmalı idi.

Lakin Azərbaycan höküməti bir istisna hal kimi İranla ticarəti qarşılıqlı olmaq şərti ilə bartersiz aparmağa icazə verdi. İran üçün edilmiş bu istisna siyasəti ticarəti inkişaf etdirmək məqsədi daşıyırdı. Lakin Bakıya çatan məlumata görə, İran tərəfi ticarətin barter yolu aparılmasında təkid edirdi. Bakı isə şikayətli idi ki, bu şərt ticarət həcmlərini azaldır və qiymətlərin qalxmasına gətirib çıxarır.

Lakin iyun ayında İrana ixracın həcmi elə yüksək olmuşdu ki, Bakı yenidən barter üsuluna qayıtmaq qərarına gəldi. Nəticədə İrana məhsul ixrac etmək istəyən tacirlər əvvəlcə İranda Azərbaycana gətiriləcək malları tapmalı idilər.

Burada əlavə etmək lazımdır ki, siyasi və iqtisadi məsələlərə baxmayaraq, 1918-1919-cu illərdə iki ölkə arasında ikitərəfli və tranzit ticarət heç zaman kəsilməmişdi. Xüsusilə, düyü, çay, meyvə qurusu və balıq Azərbaycana İrandan gətirilirdi.

İrana isə şəkər, kerosin və sənaye məhsulları daşınırdı.

Ticarət və Sənaye naziri Ağa Əminovun dediyi kimi “hamıya məlumdur ki, bizim paytaxtımızdan, məmləkətimizdən İranın hesabsız malları və dövləti Avropaya götürülür və habelə Avropa malları məmləkətimizdən keçərək İrana gedir. Həmçinin İran məhsullatına bizim ehtiyacımız olduğu kimi bizim də məhsulatımıza İranın ehtiyası vardır. Bunun üçün bu iki qonşu məmləkətin iqtisadi həyatı və mənafeyidir.”

 

araz.az xəbər portalı.