5006e-images.jpg

Nə cür istəməyimizdən və olanları necə qəbul etməyimizdən asılı olmayaraq dünyada elə bir ölkə təsəvvür etmək çətindir ki, orada, heç olmazsa, uğurlu bir erməni iş adamı tapmaq olmasın. Hələ venetsiyalı məşhur Marko Polo XIII əsrdə uzaq Çinə səyahəti zamanı şəraba su qatdığına görə cəzalandırılan erməni tacir barədə yazırdı. Az qala əfsanəvi Spartak da bizim eradan 71-ci ildə özünü və yanındakı insanları təhlükəsiz sahillərə aparacaq gəmilər üçün erməni sövdəgərə külli miqdarda qızıl pul vermişdi.

Elə də uzaq olmayan tarixdə- Osmanlı Türkiyəsinin həyatında erməni sərraflarının və maliyyəçilərin hətta sultan saraylarına qədər gedib çıxa bilmələri sirr deyil. Etiraf edək ki, zamanımızda da ermənilər tarixən dünyanın müxtəlif nöqtələrində maliyyə, iqtisadiyyat və ticarətin müxtəlif sahələrində mövqelər qazana bilib, hətta dövlət qurumlarında da möhkəmlənməyi bacarıblar. Onlar həmin dövlət qurumlarına və uğur qazandıqları ölkələrin sakinlərinə nə dərəcədə minnətdar olublar, bu, başqa bir məsələdir, lakin etiraf etməliyik ki, onların harada yaşamalarından asılı olmayaraq özlərini erməni toplumunun yanında hiss etmələri reallıqdır. Yazımızda barələrində söhbət açacağımız insanlar erməni milyarderlərinin tam yarımçıq siyahısıdır və bu siyahıdakı faktlar “Qolos Armenii” qəzetinin əlavəsi olan “MosT” nəşrindən götürülüb. Təsnifat bizim üçün ona görə maraqlıdır ki, burada haqqında danışacağımız insanlar dünyanın harasında yaşamalarından asılı olmayaraq onları Ermənistanla bağlayan telləri görmək olur.
Hesab edirik ki, həmin erməni milyarderlərinin ermənilər və Ermənistanla bağlı konkret əməlləri ilə tanış olan oxucularımız hökmən azərbaycanlı və Azərbaycandan olan milyarderləri göz önünə gətirəcək və onlar paralellər aparmağa çalışacaqlar.
Aparılan paralellərin qənaəti sizləri bədbinləşdirməsin…
Beləliklə, təqdim edirik:

Kirk Kerkoryan (ABŞ) – ABŞ-da ən böyük korporasiyalardan birinin- Tracinda Corporation Şirkətinin təsisçisi və prezidenti olub.
1978-ci ildə Time jurnalı ölkənin ən uğurlu sahibkarlarından biri olaraq Kirk Kerkoryanı təqdim edib. Kerkoryan Chrysler və Ford Motor Company avtomobil şirkətlərinin səhmlərinə sahib olub. Bu gün Kerkoriana aid şirkət Nevada və Kaliforniya ştatlarındakı ən iri kazinoları idarə edir: MGM Grand, Flamengo, International Hotel. 2005-ci ildə Washigton Post ABŞ-ın bütün tarixi ərzində ən uğurlu iş adamlarının siyahısında oyun biznesi sahəsində Bencamin Siqelbaumdan sonra, ikinci pilləni Kerkoryana vermişdi. Kerkoryan Lincy Foundation United Armenian Found-un yaradıcısıdır.
Armenian Bar Co-nun məlumatına görə, 1988-2011-ci illər ərzində Kerkoryan Ermənistan və DQR-də xeyriyyəçilik fəaliyyəti üçün 5 milyard ABŞ dollarından artıq vəsait ayırıb. Kerkoryanın ölümündən əvvəl təsdiq etdiyi və bu gün də qüvvədə olan vəsiyyətinə görə milyarderin üç yerə bölünən varidatının üçdə biri xeyriyyə işləri üçün ayrılıb ki, həmin xeyriyyə xərclərində Ermənistanın xüsusi yeri var.
Ona Ermənistanın Milli Qəhrəmanı adı verilib.

Stiven Kandaryan (ABŞ) – MetLife beynəlxalq sığorta şirkətinin prezidenti. Kandaryanın rəsmi olaraq vəsaiti 25 milyard ABŞ dolları həcmində qiymətləndirilir. Fortune-nin təqdim etdiyi siyahıdakı 500 şirkətin ilk yüzlüyündə olan kampaniyaların təxminən 90%-i MetLife-nin, yəni Kandaryanın korporativ müştəriləri sırasındadır. Metlife həmin siyahıda dünyanın 500 böyük şirkəti arasında 31-ci yeri tutur. Stiv Kandaryan ən böyük erməni xeyriyyəçilərindən biri hesab olunur, lakin o bu fəaliyyəti ilə bağlı açıqlamalrdan yayınır. Kandaryanın hər il erməni xeyriyyə fondlarının hesablarına milyonlarla dollar köçürdüyü bildirilir. Bu amerikalı milyarderin Ermənistanda onlarla ümumtəhsil məktəbinin hamisi olduğunu isə Ermənistanda bilməyən yoxdur. Onun şirkəti ABŞ-ın ən aparıcı lobbi qruplarına təsir imkanına malikdir və Kandaryanın o imkanlardan Ermənistanın xeyrinə necə istifadə etdiyini çoxları bilir.

Eduardo Ernekyan (Argentina) – Argentinadakı American International Airports и Aeropuertos kampaniyasının prezidenti. Ernekyan Argentinada 32 aeroportu idarə etməklə bərabər, Uruqvay, Ekvador və Ermənistanın əsas aeroportlarını idarə edir. Yerevanın “Zvartnots” aeroportunun terminalındakı yenidənqurma üçün Ernekyan 200 milyon ABŞ dollarından artıq sərmayə qoyub. 2007-ci ilin fevralında Ernekyan “Konvers- bank” QSC-nin səhmlərini alıb. Ernekyan bu gün Argentinanın ən varlı adamıdır, Cənubi Amerikanın ən varlıları arasında isə o, 5-ci yerdə dayanır. Ernekyan Latın Amerikasındakı erməni təşkilatlarının əsas maliyyə donoru sayılır, ancaq son beş ildə o, Ermənistan və Dağlıq Qarabağa 100 milyon ABŞ dolları həcmində konkret layihələr üzrə yardım göstərib. 2011-ci ildə dünya ermənilərinin katalikosu II Qaregin Argentinaya səfəri zamanı Eduardo Ernekyanı Eçmiədzinin Müqəddəs Rıtsarı elan edib.

Gevorq Ovnanyan (ABŞ). 1959-cu ildə Gevorq və qardaşları- Hrayr, Jirayr, Vahaq Nyu- Cersidə ən böyük tikinti şirkətini- Hovnanian Enterprises Inc-i yaratdılar. Artıq 1989-cu ildə şirkət 30000 ev və mənzil tikmişdi, 1989-2009-cu illər ərzində isə onların şirkəti 200000 apartament sata bilmişdi. Bu gün Ovnanyanların kampaniyası ABŞ-da ən nüfuzlu və böyüklərdən birincilər sırasında yer alıb. Kərkükdə anadan olmuş Gevorq Ovnanyan 1959-cu ildə Nyu- Cersidə tikiləcək ən böyük erməni kilsəsinin inşaat işlərinə pul ayırıb. 1988-ci ildə Ovnanyan qardaşları Ermənistandakı zəlzələnin nəticələrinin aradan qaldırılması üçün böyük miqdarda vəsait ayırıblar. Gevorq Ovnanyan 1991-ci ildə Nyu- Yorkda böyük bir bina alaraq Ermənistanın BMT-dəki Nümayəndəliyinə hədiyyə edib. Ancaq 2006-cı ildə Ovnanyan Ermənistana Yardım Fonduna 20 milyon dollar köçürüb. Ovnanyan Müqəddəs Maarifçi Qriqori, Müqəddəs Mesrop Maştots medalları, həmçinin Dünya Ermənilərin Katalikosu I Vazgenin xatirəsinə təsis olunmuş medallarla təltif olunub.

Cerard Qafesçyan (ABŞ)- dünyaca məşhur West Publishing nəşriyyatının icraçı vitse- prezidenti, Direktorlar Şurasının üzvü. Qafesçyan ABŞ-da erməni diasporunun ən fəal üzvlərindən biri sayılır. 2003-cü ildə ancaq Vaşinqtonda Erməni Genosidi muzeyi üçün binanın alınması və onun təmirinə görə Qafesçyan öz şəxsi hesabından 20 milyon ABŞ dolları ödəyib. Qafesçyan Ümumerməni Xeyriyyə Fondunun əsas maliyyə donorlarından biri hesab olunur. O, Yerevandakı “Kaskad” arxitektura komleksinin yenidən qurulmasının təşəbbüskarı olmaqla bərabər, bu layihə üçün 25 milyon ABŞ dolları verib. Bu günə qədər Qafesçyanın adına olan Fond Ermənistanda hidroelektrik mənbələrinin işlənməsi və tətbiqi, Günəş enerjisi batareyalarının işə salınması üçün on milyonlarla vəsait sərf edib.
Vaçe Manukyan (İngiltərə)- Farmasept və biotexnologiya ilə məşğul olan MARS holdinq-nin yaradıcısı və prezidentidir. Bu həmin Manukyandır ki, uzun müddət Bruney şahzadəsinin şəxsi nümayəndəsi olub, İngiltərəyə gələndən sonra HSBC bankı baş direktorunun müşaviri kimi çalışıb. 2002-ci ildə Vaçe Manukyan Londondakı məşhur Biq Ben-n yaxınlığındakı “Adelfi” hotelinin sahibi olub, az sonra “Manukyan və Ermənistan” xeyriyyə fondunu yaradıb. Fond Londondakı Müqəddəs Eqişe kilsəsinin əsaslı yenidən qurulmasını təmin edib. Manukyan ermənilərin Böyük Britaniyadakı mədəniyyət, təhsil layihələrinin əsas sponsorlarından biri olmaqla bərabər, ermənilərlə bağlı müxtəlif sərgilərin bu ölkədə qurulmasına da maddi yardımlar ayırır, erməni tarixi ilə bağlı kitabların tərcümə edilərək nəşr olunmasına himayə göstərir. Manukyan Ermənistanda səhiyyənin yenidən qurulmasına hər cür yardım göstərən erməni iş adamlarından biridir, bu ölkədəki Nork- Maraş kardiologiya Mərkəzinin başlıca sponsorlarından biri də odur. Manukyan həmçinin erməni gənclərin Harvard, Oksford universitetində təhsil almalarına maddi yardım edən erməni iş adamlarından biridir.
Vaçe Manukyan fəxri Müqəddəs Maarifçi Qriqori ordeni ilə təltif edilib.

Serj Çuruk (Fransa)- Beynəlxalq ALCATEL telekommunilkasiya nəhənginin baş direktorudur. Çuruk 1980-1986-cı illərdə beynəlxalq Rhone-Poulenc əczaçılıq şirkətində müxtəlif rəhbər vəzifələrdə çalışıb, 1986/1990-c- illərdə Avropanın məşhur Orkem kimya şirkətində sədr və icraçı direktor olub. 1990/1995-ci illərdə Çuruk dünyaca məşhur Total-da sədr və icraçı direktor olub. Çuruk- Fransada erməni diasporunun ən parlaq nümayəndələrindən biri hesab edilir. Çurukun təsisçisi olduğu Fond Fransada erməni milliyətçi qrup və institutların əsas himayədarı olmaqla bərabər, Ermənistan və Dağlıq Qarabağın erməni maraqlarında lobbiçiliyinin əsas fiqurlarından sayılır, bu təyinatla külli miqdarda vəsait xərcləyir. Çurukun indiyəcən Beynəlxalq “Hayastan” fondu və Ümumermənistan Xeyriyyə İttifaqına on milyonlarla vəsait köçürdüyü bildirilir.

Sarkis İzmirlyan (Baham Adaları)- Baham Adalarında Karib Hövzəsi ölkələrinin ən böyük kurort şəhəri olan Baha Mar-ın təsisçisi və prezidentidir, həmçinin İzmirlyanlar ailəsi ABŞ-ın Florida ştatında, Fransa və Yaponiyada tikinti şirkətləri şəbəkəsini idarə edir. Ailənin başçısı Tiqran İzmirlyan ticarətlə məşğuldur, o, dünyada araxis ixracatının monopolistlərindən sayılır. 2005-ci ildə Sarkis İzmirlyan həmçinin böyük Britaniyada daşınmaz əmlak bazarına daxil olub. Sarkis İzmirlyan İsveçdəki erməni təşkilatlarına dəstək verən Fond yaradıb, bu fond erməni kilsəsinin tikintisini və təmirini, həmçinin o ölkədəki məktəblərin mədəniyyət mərkəzlərinin tikintisini aparıb. Sarkis İzmirlyan bunlardan əlavə, “Hayastan” ümumerməni Fondu və Ümumermənistan Xeyriyyə Fonduna milyonlarla dollar pul köçürür.

Vardan Sarmakeş (İsveçrə)- Elita üçün brend sayılan Franck Muller saatlarının istehsalçısı olan beynəlxalq kampaniyanın baş direktoru. Hazırda Sarmakeşin sərəncamında İsveçrə üzrə 7 brend istehsal edən 14 istehsal sahəsi var, bununla bərabər, o, ArmSwissBank-ın prezidentidir. Sarmakeş hər il İsveçrədəki erməni diaspora təşkilatlarının fəaliyyəti üçün külli miqdarda vəsait xərcləyir. Bu gün Ermənistanda Franck Muller-n rəsmi nümayəndəliyi var. Sarmakeş Ermənistan futbolunun inkişafı üçün ən çox maliyyə vəsaiti ayıran sponsor hesab olunur. Vardan Sarmakeş Ermənistan Respublikasının Fransadakı fəxri baş konsulu təyin edilib.

Levon Hayrapetyan (Rusiya)- “Sobesednik” nəşriyyat evi Direktorlar Şurasının sədri olmaqla bərabər postsovet məkanının ən böyük filantropu hesab olunur. Hayrapetyanın təsis etdiyi Fond Dağlıq Qarabağda gənc ailələrə yardım edir: ilk uşaq üçün ailə 2000, ikinci uşaq üçün 3000, üçüncü uşaq üçün 5000, dördüncü uşaq üçün 10000 dollar pul ödəyir. Hayrapetyanın vəsaiti ilə Dağlıq Qarabağda görünməmiş tədbir- 700 toy təşkil edilib, hər bir gənc ailəyə qiymətli hədiyyə və pul vəsaiti verilib.
Dağlıq Qarabağda bir çox kəndlərin yenidən qurulmasına vəsaiti də Hayrapetyan ödəyib. Xankəndinin inkişafı üçün 3 milyon dolları da Hayrapetyan verib. На его средства были восстановлены многие села. Bu gün Dağlıq Qarabağda Hayrapetyanın vəsaiti ilə beynəlxalq standartlara cavab verən hərbi məktəb tikilir.

Qonşularımızın milyarderlərinin bir qismi haqqında bu qədər.
Yazını bitirdikdən sonra internet resurslarında azərbaycanlı milyarderlərin vətənlərində hansı sosial layihələri həyata keçirmələri ilə bağlı məlumat almaq cəhdim uğursuz olsa da sonraadan, nəhayət, belə bir informasiya tapa bildim: “Sentyabrın 25-də (söhbət 2015-ci ildən gedirdi) azərbaycanlı milyarderlər Mübariz Mənsimov və Telman İsmayılov müğənni Baloğlan Əşrəfovun oğlunun toyunda iştirak etmək üçün Bakıya gələcəklər”.
Bu da sənə sosial layihə…

Firuz Kazımoğlu.

araz.az xəbər portalı.