Kenan-Rovsenoglu.jpg

Azərbaycanın bir nömrəli gündəmi Gəncə sui-qəsdi və onun doğurduğu nəticələrdir. Ölkə ikinci şəhərin birinci adamına atılan güllənin şokundan hələ tam çıxa bilməyib. Amma artıq çıxanlar var, vurulan başçının qohumları, yaxınları fəallaşıblar.

Görünən odur ki, mərkəzi hökumətin Gəncə hadisəsini terror və dövlət çevrilişi kimi ağır maddələrlə tövsif etməsi (əslində bu da gözlənilən idi – K.R.) Vəliyevlər klanını hərkətə gətirib. Təsir edə bildikləri, gücləri çatan adamları danışdırır, efirə çıxardıb yaralı başçının Nizami Gəncəvini, İslam dinini dünyaya necə tanıtdığı (!?), Gəncəni necə abadlaşdırdığı haqda mədhiyyələr söylədirlər. Təbii ki, dövlət onlara yaşıl işıq yandırıb.

Amma düşünürəm ki, yanlışdır. İndi E.Vəliyevi təriflətdirməkdənsə Gəncə sui-qəsdinə səbəb olan amillər aradan qaldırılmalıdır. Dövlət baba özünə sual verməlidir ki, nədən ölkənin ikinci şəhərinin başçısına güllə atıldığına insanlar sevinir? Hətta qəbul etsək ki, həqiqətən xaricdəki düşmənlər ölkəmizdə çaxnaşma yaratmaq istəyir, o zaman nədən məhz Gəncənin başçısını hədəfə alırlar? Başqa bir məmuru, şəhər rəhbərini deyil, məhz Gəncənin başçısını? Bəlkə xaricdə oturan düşmənlərimiz də bilir ki, Gəncənin başçısı insanları bezar edib, ona qarşı sui-qəsd xalqı sevindirəcək.

Düşünürəm ki, cavabı tapılmalı olan sual budur. Hər məmur dövlətin yükünə çevrilməməlidir. Əksinə, yükünü daşımalıdır. Daşıya bilmirsə, ən azı dövlət bu cür yükdən özünü qurtarmalıdır.

Yoxsa o rüşvətxor professorların sözləri insanlarda onsuz da əlavə ikrah doğurur. İcra başçısı birbaşa xalqla işləyən məmurdur, onun necə olduğunu işlədiyi şəhərdə hər kəs dəqiq bilir. Xalqın gözü tərəzidir. Professor, məmur tərifinə gərək yoxdur.

Artıq hadisəni törədən şəxs saxlanılıb, istintaq altındadır. Əlbəttə, kimsə bu hadisənin cinayət hissəsinin məsuliyyətinə şərik durmaz. Nə dini, nə də dünyəvi qanunlar məhkəməsiz edama haqq qazandırmır. Bu aydındır. Amma sosial şəbəkələrdə sevincli şərhələr yazanlar cinayətkar deyil, bu xalqın nümayəndələri, bu cəmiyyətin üzvləridir. Hansı ki, illərdir Gəncədə şikayətləri eşidilməyib. Ən azı indi onları eşitmək, anlamaq pis olmazdı.

Kənan RÖVŞƏNOĞLU
musavat.com

araz.az xəbər portalı.