istiler.jpg

Gülşad Məmmədova: “İyulun 13-dək ölkədə mülayim hava şəraiti müşahidə olunacaq”
İyulun 4-dən 7-nə qədər ölkə ərazisində hava şəraiti kəskin istilərlə müşahidə edildi. Hətta hava şəraiti ilə bağlı baş nazir Novruz Məmmədov sərəncam imzalayaraq bildirmişdi ki, hava şəraitinin kəskin isti keçməsi ilə əlaqədar dövlət hakimiyyəti orqanları, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisə, idarə və təşkilatların, eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərinin rəhbərlərinə tapşırılsın ki, Əmək Məcəlləsinin 233-cü maddəsinin 2-ci hissəsinin və həmin Məcəlləyə 2 nömrəli əlavənin 1-ci hissəsinin tələblərinə ciddi riayət olunmasını tələb etsinlər.

Belə ki, qanuna əsasən havanın temperaturu 41 dərəcə selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilir.

Lakin məlum olduğu kimi, iyulun 7-dən başlayaraq ölkədə havanın temperaturu bir qədər aşağı düşdü, 30-35 dərəcəyədək endi.

Bəs dəhşətli istilər bitdimi, yoxsa geri dönəcək?

Mövzu ilə bağlı Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Yeni Müsavat”a danışıb:

“Bildiyiniz kimi ayın əvvəlində ölkə ərazisində temperatur 43-44 dərəcəyədək qalxdı. Lakin iyulun 6-7dən başlayaraq temperaturun aşağı enməsi müşahidə olundu. İyulun 9-13-dək ölkədə mülayim hava şəraiti müşahidə olunacaq. Bakıda isə 33-38 dərəcə isti olacağı gözlənilir.

Ayın 10-na olan proqnoza əsasən isə Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun hava şəraiti və isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir. Naxçıvan Muxtar Respublikasında hava günəşli olacaq. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-26°, gündüz 35-40°, bəzi yerlərdə isə 42° isti olacağı bildirilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 27-32° isti olacağı gözlənilir. Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava günəşli olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27°, gündüz 33-38° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 32-37° isti, dağlarda gecə 15-20°, gündüz 26-31° isti olacağı ehtimal edilir. Mərkəzi Aran – Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava günəşli olacaq. Şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturunun gecə 22-26°, gündüz 36-41° isti olacağı proqnozlaşdırılır. Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava günəşli olacaq. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 24-26°, gündüz 34-37° isti, dağlarda gecə 15-20°, gündüz 29-34° isti olacağı gözlənilir”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

araz.az xəbər portalı.