photo_34193.jpg

“Azərbaycan Tərcümə Ensiklopediyası”…

Adından da göründüyü kimi, ensiklopediya geniş bir tarixi, tarixi şəxsiyyətləri, möhtəşəm əsərləri özündə cəmləşdirir. Bir xəzinə kimi, bir inci kimi…

Ensiklopediyanın ideya müəllifi akademik Kamal Abdulladır. Redaksiya heyətində Kamal Abdulla (baş redaktor), Anar, Leyla Əliyeva (məsul katib), Rövşən Əliyev, Rüstəm Hacıyev, İsa Həbibbəyli, Muxtar İmanov, Teymur Kərimli, Afaq Məsud, Azər Mustafazadə, Möhsün Nağısoylu, Tofiq Nağıyev təmsil olunur.

Kitabın ərsəyə gəlməsi də bir önəmli tarixi əhatə edir. Bu tarix çox uzun olmasa da, qısa da deyil. Bir igidin ömrü qədər – 10-15 il civarında…

Bu tarix, böyük zəhmət və ən əsası sistemləşdirilmiş iş kitabın nəfis şəkildə ərsəyə gəlməsində mühim rol oynayıb.

Bu bilik xəzinəsinin təməli Bakı Slavyan Universitetində akdemik Kamal Abdulla tərəfindən qoyulur. Hər ay ensiklopediya pillə-pillə ucalır. Bir neçə gün öncə isə 10-15 il tanrıya doğru qol-qanad açan Azərbaycanın tərcümə tarixi bətnində bəslədiyi ensiklopediyanı bizə təqdim edir.

Bu kitabı həm də Kamal Abdullanın yol-yoldaşı adlandırıram. Ensiklopediya fərqli olaraq Kamal Abdulla ilə birgə addımladı. Elə təsəvvür edirəm ki, akademikin olduğu hər yerdə ensiklopediyanın ruhu dolaşıb. Sonda özü ilə  Azərbaycan Dillər Universitetinə gəlib. Bu tarix çərçivəsində çox zəhmət tələb edən işlər görülüb. Bu kitabın ucalığı da elə bundadır.

Kamal Abdullaya qədər ucalan ensiklopediya və yoldaşlıq xəzinəsi…

“Azərbaycan Tərcümə Ensiklopediyası” kitabı ilə tanışlığım 12 gündür. Bir kitabı oxumadan onun haqqında nəsə yazmaq, fikir bildirmək bir az qəliz məsələdir.

“Azərbaycan tərcümə ensiklopediyası”nda tərcümənin fəlsəfi əsasları, predmet və problemləri, Azərbaycanda tərcümə tarixinin mühüm məqamları, nəzəri-praktik məsələləri, həmçinin personaliyalar əhatə olunub. Ensiklopediya həm Azərbaycan dilinə, həm də Azərbaycan dilindən digər dillərə tərcümələrin müəlliflərini ehtiva edir. Ensiklopediyada tərcüməçilər və bu sahə ilə maraqlananlar, eyni zamanda yazarlar, filoloqlar, gənc ədəbiyyatşünaslar üçün faydalı məlumatlar yer alıb. Ensiklopediyanın nəzəri və praktik hissələri, personarilər elmi işlər üçün son dərəcə ciddi və möhkəm həm faktoloji, həm də nəzəri bünövrə rolunu oynayır.

“Azərbaycan Tərcümə Ensiklopediyası”nda məni özünə cəlb edən həm də “Azərbaycanda tərcümə ədəbiyyatı tarixi” bölməsi oldu.

Kitabda tanıdığım tərcüməçilər az deyildi, lakin onların bir çox əsərləri ilə tanış deyildim. İndi ensiklopediya stolüstü vəsaitimə çevirilib. Tərcüməçilər və onların işləri tanış oluram, həmin kitabları axtarıb-aramağa başlayıram.

Çox uzatmayacam, MDB məkanında ilk olan “Azərbaycan Tərcümə Ensiklopediyası” bizim üçün göydəndüşmə oldu.

Ensiklopediya bundan sonra da inkişaf edəcək, yenilənəcək və böyüyəcək. Hər tərəfə bir Çinar kimi qollarını uzadacaq. Buna əminəm və çox inanıram.

Vətən üçün görülən iş tarixə düşür. Tarix yazan müəlliflər sağ olsun!

Rəsul Rzanın “Çinar” şeirindən bir neçə misra ilə yazımı yekunlaşdırıram:

Birdən çinar dilə gəldi dedi: bax!

Bu torpaqda dərindən kök salaraq,

Hər tərəfə uzatmışam qolumu,

Övladlarım bürüyüb sağ-solumu.

Belə məğrur dayanmağa haqlıyam.

Mən kökümlə bu torpağa bağlıyam.

 Şahin Sərdarlı

araz.az xəbər portalı.