“Ölkənin ikinci böyük şəhəri Gəncədə baş verən hadisələrin kritikliyi ölçüyəgəlməz, qanlı olaylar nəticəsində iki nəfər polis zabitinin qətlə yetirilməsi qətiyyən qəbul edilməzdir. Orta əsrlərə xas belə mübarizə metodları ilə ölkəni irəli aparmaq da mümkün deyil!” – sədri Abbasağa Məmmədovun imzasıyla araz.az xəbər portalının redaksiyasına daxil olan və “Bakı – Dirçəliş” İctimai Birliyinin adından verilmiş Bəyanat bu sözlərlə başlayır. Sənəddə o da xüsusi vurğulanır ki, baş verən bu ağlagəlməz hadisələr, Bakı və Bakıətrafı kəndlərin ictimai fəallarını öz ətrafında birləşdirən Birlik üzvlərini olduqca narahat edir:
“Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsdlə başlayan və iki yüksək çinli polis zabitinin qətlə yetirilməsi ilə nəticələnən bu hadisələri heç də təsadüfi hesab etmirik. Bu, düşmən qüvvələr tərəfindən ölkəmizə və süverenliyimizə qarşı yönəldilmiş daha bir təxribatdır. Bunu belə qiymətləndirir və bir daha tam əminlik ifadə edirik ki, Azərbaycan hakimiyyəti ölkəmizdə stabilliyi və asayişi qorumaq üçün lazımı tədbirlər görəcək, tezliklə cinayətkarlar layiq olduqları cəzalarını alacaqlar”.
Vətəndaşlarımızı şaiyələrə və provakasiyalara uymamağa, ölkə ictimaiyyətini və siyasi qüvvələri dövlətçiliyimiz və dövlət başçısı ətrafında sıx birləşməyə çağıran “Bakı – Dirçəliş” İctimai Birliyi öz Bəyanatında daha sonra bildirir ki, Azərbaycan hakimiyyəti baş verənləri ciddi təhlil etməli, ölkəmizin xalqın mənafeyinə uyğun idarə olunması, olduğu kimi, yüksək səviyyədə davam etdirilməlidir: “Kənar qüvvələrin əlinə belə fürsət verənlər ən qatı cinayətkarlardır. Yuxarıda sadalanan çətinliklərə baxmayaraq, bütün hallarda biz, dövlətimizi və dövlətçiliyimizi qorumağa görəvliyik. Təmkinli davranıb, ölkənin xaosa sürüklənməsinə imkan verməmək, dövlət başçısı ətrafında daha sıx birləşmək üçün əlimizdən gələni əsırgəməyəcəyik”.
Birlik, ümidverici və ruhlandırıcı çağırışlarla bitən bu sənədini ölkənin bütün kütləvi informasiya vasitələrinin ünvanlarına göndərib.
Məhi ELSEVƏR,
araz.az saytının xüsusi müxbiri.
araz.az xəbər portalı.