pasinyan

Bundan sonra Ermənistanda, eləcə də Güney Qafqazda və Orta Doğuda nə kimi yeniliklər olacaq?

Nikol Paşinyan və onu dəstəkləyən güclər ilk dəfə olaraq, Ermənistan adlı bir ölkədə vətəndaş cəmiyyətinə doğru addımlar atmağa başlamışlar. Bu, Güney Qafqazda Gürcüstandan sonra növbəti siyasi riveransdır. Beləliklə, 1921-ci ildən sonra İrəvanda mülki cəmiyyətin qurulması ideyası həm daxili, həm də xarici siyasətin prioritetlərindən birinə çevrilmişdir. Nikol Paşinyan faktiki olaraq, Ermənistanda “məxməri inqilab”a nail ola bilmişdir. Bəs bundan sonra, Ermənistanda, Güney Qafqazda və Orta Doğuda nə kimi yeniliklər olacaqdır?

“Kilikiya kilsəsi”nin “Eçmiədzin kilsəsi” üzərində ilk tarixi qələbəsi

1828-ci ildə Çarlıq Rusiyası Avropanın dəstəyi ilə Qafqazı işğal siyasətini rəsmiləşdirdi. Bunun ardınca Orta Doğu bölgələrində yaşayan və “ortodoks kilsəsi”nə məxsus erməni icmalarının Qafqazda məskunlaşdırılması ideyasını irəli sürdü. Xristianlıqda bu təriqətə rus, ukrain (30 faiz), belorus, moldodvan-rumın, gürcü, bolqar, serb, makedon, yunan, qaradağlı (çernoqor) və erməni (50 faiz) toplumları daxildirlər. Faktiki olaraq, XIX-XX yüzilliklərdə Rusiya “ortodoks kilsəsi” sayəsində ermənilərlə birgə hərəkət etdi. Bununla yanaşı, qeyd edək ki, Orta Doğu, Avropa, ABŞ və Kanadada yaşayan ermənilərin çoxu xristian toplumu olaraq “Kilikiya Kilsəsi”nə tabedirlər. Bu kilsə yaranışından “Vatikan Kilsəsi”nin yandaşı olub. 1988-ci ildən etibarən keçmiş Sovetlər Birliyinin dağılması ərəfəsində İrəvanda 1948-ci ildən üzü bu yana Orta Doğu ölkələrindən İrəvana köçmüş ermənilər demokratiya adı altında bir araya gəldilər. Onların məqsədləri xəyali “Böyük Ermənistan” və ya “Qarabağa sahib çıxmaq” deyildi. Bütün çabalara baxmayaraq, “Eçmiədzin Kilsəsi” öz mövqeyini qorumaq üçün “Qarabağın işağlı” ideyasını sərt şəkildə ümumerməni hərəkatına çevirdi. Doğal olaraq, Rusiyadakı ifrat imperiya siyasəti tərəfdarları bu ideyanın yanında yer aldılar. Beləliklə “Eçmiədzin Kilsəsi” Ermənistan üzərindən bir yandan Azərbaycana, digər yandan isə Gürcüstana qarşı savaş açdı. Ona görə də erməni xalqı Qarabağ (Azərbaycan), Abxaziya və Güney Osetiya (Gürcüstan), Quzey İraq (Kürdüstan) tipli etnik bölücülük siyasətlərində yer aldı. “Eçmiədzin Kİlsəsi” Gürcüstana qarşı iki cəbhə açaraq bir yandan “Cevaxk Erməni Respublikası”nı, o biri yandan isə, başkənd Tiflisdə “Erməni Apostol Kilsəsi”ni yaratmaq iddiasını sərgiləyirdi. Mixeil Saakaşvilinin iqtidarı dönəmində dövlət siyasəti və gürcü “armenoloqları”nın səyləri sonucunda hər iki iddia tamamilə iflasa uğradıldı. Bunun təməl prinsiplərindən biri də Rusiyanın Axalkələki rayonundakı hərbi bazanın ölkədən çıxarılması oldu.
1999-ci il 28 oktyabr tarixində Ermənistan parlamentində terror törədərək hakimiyyətə hərbi çevriliş yolu ilə gəlmiş və 2018-ci il aprel ayının sonuna kimi ölkəni idarə edən hərbi xunta artıq iqtidarda yoxdur. Nikol Paşinyan və gənc kadrlardan ibarət komandası faktiki olaraq, addım-addım ölkəni tam nəzarətə alıbdır. Bunun psixoloji səbəblərindən biri də, ortodoks “Eçmiədzin Kilsəsi”nin müftəxorcasına və parazitcəsinə daim erməni əhalisini soyub-talaması idi. Ümumiyyətlə dünyanın hər yerində ortodoks kilsəsi ifrat mühafizəkar mövqeyi ilə tanınır. Bütün bunlardan isə, sadə xristian əhalisi əziyyət çəkir. “Vatikan Kilsəsi” tamamilə fərqli mövqedə olmaqla yanaşı, həm də dünyəvi humanitar mövqeyi ilə seçilir. Bu kilsənin nə qədər qazancı olsa da, xərcləməyi də vardır. Xəsislik etmək, din pərdəsi altında insanları istismar fəlsəfəsinə ortaçağda əlvida deyib. Hal-hazırda dünyanın transkontinental şirkətlərinin strateji maraqlarırndan biri də məhz bu yolu müdafiə etməkdir.

Paşinyandan erməni cəmiyyətinin gözləntiləri

İxtisasca jurnalist olan 43 yaşlı Nikol Paşinyan “Dprutyun”, “Lragir”, “Lragir-or”, “Molorak” və “Em-es-e” qəzetlərində müxbir və baş redaktor vəzifələrində işləyib. Ermənistanı Azərbaycana qarşı işğalçılıqda ittiham edən “Yeni Yol Partiyası”nın sədri Aşot Bleyanın prezidentliyə namizədliyi zamanı seçki qərargahının rəhbəri olub. 1999-cu ildən 2008-ci ilə kimi həyat yoldaşı Anna Akopyanla “Aykakan jamanak” qəzetini dərc ediblər. 2007-ci ildə prezident və hərbi xuntanın lideri Robert Köçəryana və məsləkdaşı Serj Sərkisyana qarşı “İmpiçment” blokunda ilk sırada yer alıb. 2008-ci il prezident seçkilərində Levon Ter-Petrosyanın seçki qərargahının üzvü olub. Seçkilərin saxtalaşdırılmasına qarşı ümumxalq üsyanında iştirak edib. 2010-cu ildə 7 il müddətinə qanunsuz olaraq həbs edilib. 2011-ci ildə isə əfv olunub. 2012-ci ildə “Erməni Milli Konqresi”nin siyahısı ilə parlamentə deputat seçilib. 2013-cü ildən “Vətəndaş anlaşması” partiyasının üzvüdür. 2017-ci ildə yenidən parlamentə deputat seçilib. 2018-ci il aprel ayında Serj Sərkisyanın seçki saxtakarlığına qarşı çıxaraq ümumxalq etirazlarına liderlik edib. 3 may 2018-ci ildə ölkə parlamentində səsçoxluğu ilə baş nazir seçilib.
Bütün həyatı demokratik cəmiyyət uğrunda mübarizələrdə keçmiş Nikol Paşinyan baş nazir seçilən kimi, ölkəni hərbi xunta qanunları ilə idarə edən bütün iri çəkili məmurları tutduqları görəvdən uzaqlaşdırmaq siyasətini yürüdür. İlk addım kimi, müdafiə nazirinin müavinləri Artak Zakaryan və Artak Davtyan, baş hərbi müşavir Mixail Arutyunyan və başqa yüksək çinli hərbçilər tutduqları vəzifələrdən kənarlaşdırılrılıblar. Uzun müddət hakimiyyətdə olmuş “Respublika Partiyası”nın lideri, general-leytenant Manvel Qriqoryanın həbs edilməsi demək olar ki, İrəvanda əhali tərəfindən böyük coşqularla qarşılanmışdır. M. Qriqoryan “Qarabağ savaşı”na görə milli qəhrəman statusunu daşıyırdı və hərbi xuntanın aparıcı ideoloqlarından biri idi. Buna baxmayaraq, ölkədə baş korrupsioner kimi də tanınırdı. Onu məhz rüşvətxor klanın lideri kimi həbs ediblər. Faktiki olaraq, onun patronajlığı altında büdcədən milyardlarla dram (erməni parası) gizlədilirdi. M. Qriqoryanın “toxunulmazlıq” statusu beləcə adi korrupsioner simasında məhv edildi. Bu həbsin ardınca uzun illərdir cinayət aləmində nüfuzlu şəxslər sayılan 30 nəfər kriminal avtoritet həbs olunub. Xüsusilə İtaliyada yaşayan, “Don Pipo” ayaması ilə tanınan Artur Asatryanın və dünya kriminal aləminin nüfuzlu şəxslərindən biri sayılan Ando Xromoyun (Andranik Arutyunyan) tutuqlanması erməni işadamlarının sevincinə səbəb olub. Eks prezident Serj Sərkisyanın qardaşının və yaxın zəngin qohumlarının korrupsioner kimi istintaqa cəlb edilmələri İrəvanda hamının hər gün həyəcanla izlədiyi olaylardan biridir. Faktiki olaraq, may ayının sonlarından başlanılan bu proses indiyə kimi davam etməkdədir. Əhali keçmiş korrupsioner rejimin fəsadlarından rahat nəfəs almağa başlayıb. Ölkədə rüşvətxor klanlardan ibarət elitanın şok terapiyası keçirməsi günün vacib proseslərindən biri sayılır. Nikol Paşinyanın dəstəyi ilə hakimiyyətə gələn gənclərdən ibarət komandası isə bildirir ki: “Ermənistan 27 ildir dövlət müstəqilliyinə qovuşub. Ancaq ölkənin hələ də iqtisadi inkişaf planı yoxdur. Hansı modellə iqtisadi yüksəlişin proqramını bizlər yazmağa başlamışıq”.
Əksər mütəxəssislərin fikrincə, iqtisadi və sosial siyasətin institutsional proqramlarının hazırlanması uzun vədə tələb edir. Faktiki olaraq, Ermənistan bu yöndə Azərbaycandan geri qalır. “Məxməri inqilab” indiki məqamda sadəcə coşmuş ehtirasların fövqündə yer alıb.

 İslahatların dolayı aynası

Ermənistanda vətəndaş cəmiyyətinin qurulmasını Batıdakı strateji araşdırma mərkəzləri Güney Qafqazda yeni bir dönəmin başlanılması kimi dəyərləndirirlər. Onlar qeyd edirlər ki, “TransQafqaz” və “TransXəzər” kimi layihələrin həyata keçməsi üçün Azərbaycanda yuxarıların başlatdığı “məxməri inqilab”, yəni məmur oliqarxiya idarəetmə sistemindən menecer-texnokrat idarəetmə düzəninə keçid, bununla yanaşı Ermənistanda hərbi xuntanın hakimiyyətdən devrilməsi demokratik dünyanın enerji ehtiyaclarının balanslı şəkildə inkişafı üçün ən mühüm strateji sahədir. Prosesin beləcə inkişaf etdirilməsinə transkontinental şirkətlər də gərəkən dəstəyini verəcək. İndiki məqamda Ermənistanda baş vermiş məxməri inqilaba dəstək üçün ABŞ və inkişaf etmiş dövlətlərdə fəaliyyət göstərən erməni diaspor təşkilatları Dövlət Departamentinə müraciət edərək 140 milyon dollar yardımın edilməsi təklifini irəli sürüblər. Həmin vəsait yeni hökumətin elm, təhsil, kültür və innovasiya texnologiyalarına yönəldiləcəkdir.
Nikol Paşinyan effektiv idarəetmə siyasətini ilk addım kimi Baş Polis İdarəsinin və Milli Təhlükəsizlik Xidmətinin rəislərini işdən azad etməklə başladı. Bunun ardınca müdafiə nazirini istefaya göndərdi. Beləliklə də güc strukturları tamamilə islahatçı qanadı təmsil edən kadrların sayəsində formalaşdırıldı. Hal-hazırda demokratik islahatlar və gənclər hərəkatlarında yetişmiş kadrlardan ibarət idarəetmə siyasəti yürüdülməkdədir. Bununla yanaşı parlament tərəfindən idarə olunan ölkədə əsas fiqurun baş nazir olması effektiv təsir vasitələrindən biri hesab olunur. Baş nazir isə prezidentə deyil, parlamentə tabedir. Baş nazir tərəfindən irəli sürülən nazirləri parlament təsdiq edir. Ermənistanda ən əsas islahatlar gömrük komitəsində baş verib. Beləliklə də gömrük sistemində rüşvətə son qoyulub. Nikol Paşinyan facebook sosial şəbəkəsi vasitəsilə əhali ilə təmas qurur. Kimin nə kimi təklifi və şikayəti varsa, birbaşa facebookdakı profilinə müraciət edə bilir. Bütün yeni nazirlər də bu üsulla xalqla təmas qururlar.
Bir neçə ay bundan öncəyə kimi Ermənistanı idarə edən hərbi xunta Qarabağla bağlı sülh danışıqlarında hərbi ritorika ilə davranışlar nümayiş etdirirdi. Bununla yanaşı, bir sıra beynəlxalq əhəmiyyət daşıyan iqtisadi layihələrdə və terrorizmə qarşı mübarizədə fərqli mövqe nümayiş etdirirdi. Suriya, Livan, İraq, Yəmən, Oman və digər Orta Doğu ölkələrindəki etnik və dini zəmində təriqətlərə söykəmli ekstremizmə bağlı, İrandakı molla rejiminin yedəyində gedərək vətəndaş savaşlarına dolayı da olsa dəstək verilirdi. Məxməri inqilabdan sonra, bütün bunlar arxa planda qalıb. Dünyanın enerji qaynaqları siyahısında strateji baxımdan önəmli yeri olan “TransQafqaz”- “TransXəzər” dəhlizinin işə salınması üçün Güney Qafqazda köklü və radikal islahatların aparılması, vətəndaş cəmiyyətinin qurulması vacib şərtlərdən biri hesab olunur. Ən yaxın dönəmdə bütün bunları gerçəkləşdirmək və münbit şəraitin yaradılması üçün xüsusi hazırlıqlar gedir. Dünya birliyi onu da yaxşı dərk edir ki, bu genişmasştablı layihələr Azərbaycanın strateji hədəflərinə önəm verilməyincə kiçik və ya orta həcmli ideyalar məcrasından kənara çıxa bilməyəcək. Ona görə də ilk addım kimi vətəndaş cəmiyyətinin dəstəyi ilə etnik bölücülük siyasəti durdurulmalıdır. Qarabağ həqiqəti öz gerçəkjliyinə qovuşmalıdır. Bu prosesin yüksək səviyyədə çözüm yolu erməni cəmiyyətinin hazırlanmasından keçir. Çünki, sülh yolunun başlıca açarı məhz budur.

Ənvər Börüsoy, Hurriyyet.org

 

araz.az xəbər portalı.